Olimpiya oyunlarının tarixi
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya hərəkatı məsələləri üzrə nizamnamə və sənədlər toplusu (əsas məqsədləri, prinsipləri, əsasnaməsi, Olimpiya oyunlarının təşkili və keçirilməsi qaydaları və s.) Pyer de Kuberten tərəfindən təklif olunmuş, Olimpiya xartiyasının əsasları 1894-cü ilin iyununda Parisdə keçirilmiş Beynəlxalq İdman Konqresində təsdiq edilmiş və müasir Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin yaradılması haqqında qərar qəbul olunmuşdur. Sonralar Olimpiya xartiyasına bir sıra əlavələr edilmiş, izahlar və təlimatlar tərtib olunmuşdur, lakin Kubertenin işləyib hazırladığı Əsasnamədə bu günə qədər əsaslı dəyişiklik edilməmişdir.
Olimpiya xartiyası 5 bölmədən ibarətdir.
Olimpiya xartiyasının birinci bölməsi Olimpiya hərəkatının əsas prinsiplərinə həsr olunmuşdur. Bu prinsiplər həvəskarlar idmanının əsası sayılan fiziki və mənəvi keyfiyyətlərin inkişafına təsir göstərməyə, gəncləri idman vasitəsilə qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyə etməyə, sülh yaratmağa kömək edir. Bütün dünyada xalqların xeyirxah iradəsini stimullaşdıran Olimpiya prinsipləri gəncləri böyük idman bayramlarında Olimpiya oyunlarında birləşdirməkdir. Olimpiya oyunları bütün ölkələrin həvəskar idmançılarını - vicdanlı və bərabər hüquqlu insanları yarışlarda birləşdirir. Bu ölkələr və ya ərazilər arasında deyil, Olimpiya oyunlarında həmin ölkənin və ya ərazinin idmançılarının iştirak etmək hüququnu ölkələrdə mövcud olan və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış Milli Olimpiya Komitəsi müəyyənləşdirilir. Ölkələrə və ya ayrı-ayrı şəxslərə qarşı irqi və dini ayrı-seçkiliyə və ya siyasi motivlərə yol verilmir. BOK Olimpiya oyunlarını keçirmək şərəfinə ölkəni və ya ərazini deyil, böyük şəhəri layiq görür. Olimpiya oyunlarını keçirməyə dair məsuliyyəti ölkənin seçilmiş şəhərinin Milli Olimpiya Komitəsi daşıyır.
Qış Olimpiya oyunları ayrıca təşkil edilir. O, Yay Olimpiya oyunlarından 2 il sonra keçirildi. Oyunlardan gələn gəlir yalnız Olimpiya hərəkatının və həvəskarlar idmanının inkişafına sərf olunur.
Həmin bölmədə Olimpiya bayrağı, Olimpiya rəmzinin təsviri və nizamnaməsi verilmişdir. Bunlar BOK-un müstəsna dərəcədə şəxsi malı hesab olunur. Burada Olimpiya məşəli və Olimpiya emblemi barədə əsasnamə də verilmişdir.
Ikinci bölmədə Beynəlxalq Olimpiya Komitəsi, onun hüquqi statusu, məqsədi, BOK-un hüquqları, onun təşkili və quruluş prinsipləri, bu komitəyə üzv olma, icraiyyə komitəsi iclasları və sessiyaları təsvir olunmuş, habelə BOK-un vəsaiti göstərilmişdir.
Üçüncü bölmədə «Milli Olimpiya Komitələri» (MOK) haqqında məlumat vardır. Milli Olimpiya Komitələrinin yaradılmasını xarakterizə edən qaydalar, habelə MOK-un və onun üzvlərinin hüquq və vəzifələri haqqında məlumat verilmişdir.
Dördüncü bölmə «Olimpiya oyunları» adlanır. Bura daxildir: idmançıların Olimpiya oyunlarına buraxılması kodeksi (həvəskar idmançı statusunun müəyyən edilməsi), tibbi kodeks (Olimpiya oyunları iştirakçılarının tibbi nəzarəti haqqında, dopinqin qadağan edilməsi haqqında və i. a.), idmançıların milli Olimpiya Komitəsi tərəfindən iştirakı şərtləri haqqında, BOK tərəfindən beynəlxalq idman federasiyalarının tanınması siyahısı, məzmun haqqında əsasnamə, Olimpiya oyunları proqramının müəyyən edilməsi və ona yenidən baxılması, bu proqrama idman növləri və ayrı-ayrı idman növlərinin daxil edilməsi, milli-mədəni proqram haqqında, Olimpiya oyunlarında komandaların (idmançıların) iştirakı haqqında sifarişlərin və digər sənədlərin tərtibi haqqında, habelə hakimiyyət və xidməti şəxslərin tərkibi haqqında, onların Olimpiya kəndində və ondan kənarda yerləşdirilməsi haqqında, Olimpiya stadionunda və digər idman qurğularında rəsmi şəxslərin, jurnalistlərin və i. a. yerləşdirilməsi qaydaları. Bu bölməyə, həmçinin Olimpiya mükafatları haqqında əsasnamə, habelə Olimpiya oyunlarını kütləvi informasiya vasitələrilə işıqlandırmaq qaydaları daxildir.
Beşinci bölmə «Olimpiya oyunları protokolu» adlanır. Burada milli Olimpiya komitəsinin olimpiya oyunlarına hazırlıq və keçirmək haqqında səlahiyyətini Olimpiya oyunları Təşkilat Komitəsinə vermək haqqında əsasnamə (burada sonuncunun statusunun, hüquqlarının və vəzifələrinin müəyyən edilməsi haqqında), Olimpiyadanın qaydası, Olimpiya oyunlarının keçirilməsi müddətləri və davam etməsi qaydaları (Olimpiya şəhəri haqqında, Olimpiya oyunlarına hazırlıq və onu keçirmək haqqında), təntənəli açılışı, oyunların bağlı elan olunması, mükafatçıların təltif edilməsi öz əksini tapır. Siyasi, dini və ya irqi xarakterli təbliğat tədbirlərinin, habelə kommersiya reklamlarının keçirilməsi haqqında qadağalar və s. göstərilir.
Rəsmi izahat Burada bəzi əsas proqramlar dəqiqləşdirilir. Bunlar BOK və MOK hüquqlarına aiddir və Olimpiya bayrağının, rəmzinin, embleminin, terminlərin izahı, idmançıların hüquqları, idman növlərinin tanınması meyarları, Olimpiya oyunlarının kütləvi təbliğinə aid müxtəlif məsələlər (mətbuat, televiziya, radio nümayəndələrinin yerləşdirilməsi, Olimpiya oyunlarını translyasiya etmək, Olimpiyaya aid texniki filmlər çəkmək və i.a.) haqqında məlumatdan ibarətdir.
BOK-un Olimpiya xartiyasına əlavə təlimat da təsdiq olunmuşdur ki, bu da məcburi xarakter daşıyır. Onun ayrı-ayrı paraqraflarında Olimpiya oyunlarından siyasi və kommersiya baxımından istifadə edilməsi, habelə Olimpiya hərəkatına peşəkarlığın soxulması qadağan olunur. Bu sənədlərdə BOK-un sessiyaları haqqında vəziyyət ətraflı qeyd edilir (bura oyunların keçirilməsinə namizəd olan şəhərlər haqqında anket də daxildir), öz namizədliyini Olimpiya oyunları təşkilatlarına irəli sürmüş şəhərlər üçün şərtlər və tələblər də qoyulur. Onun ayrı-ayrı fəsilləri BOK-un xüsusi komissiyasına və onların təşkili qaydasına həsr olunmuşdur.
Orada Olimpiya xartiyası, BOK-un himayəsi altında olan regional oyunların keçirilməsi qaydaları (1952-ci ildə 47-ci sessiyada qəbul olunmuşdur), Olimpiya kuboku haqqında əsasnamə, Olimpiya medalının nizamnaməsi, habelə BOK-un nəşrləri haqqında məlumat da vardır.
Olimpiya rəmzi. Olimpiya hərəkatı sistemi atributlarına bunlar daxildir:
1) Olimpiya hərəkatı üçün ümumi sayılan bütöv Olimpiya rəmzi, Olimpiya devizi (birlikdə Olimpiya emblemini təşkil edir) və BOK-un şəxsi mülkiyyəti saydan Olimpiya bayrağıdır. Bu bayraqdan reklam və ticarət məqsədləri üçün istifadə edilə bilməz. Oyunların, sessiyaların, konqreslərin emblemləri, Olimpiya şəhərinin rəmzi bu oyunların təşkilatçısının üslublaşdırılmış rəmzləri ilə uyğunlaşdırılır. Oyunların, sessiyaların, konqreslərin emblemləri BOK tərəfindən təsdiq olunur və onun icazəsi ilə MOK-da, təşkilat komitələrində reklam və ticarət məqsədləri üçün istifadə olunur. Ondan BOK-da təsdiq olunmuş Olimpiya oyunlarının rəsmi emblemindən savayı təşkilat komitəsinin icazəsi ilə yalnız öz ölkəsində reklam məqsədləri üçün istifadə edə bilər.
Idmançıları beynəlmiləl ruhda tərbiyə etmək və bütün qitələrin xalqları arasında dostluğu möhkəmləndirmək məqsədilə P.Kubertenin təşəbbüsü ilə BOK Olimpiadada iştirak edənlərin andını, emblemini və mükafatlarını təsdiq edir.
Oyunların açılış mərasimində Olimpiadanın keçirildiyi ölkənin görkəmli idmançılarından biri əlində milli bayraq tutmuş bayraqdarın müşayiəti ilə tribunaya qalxır və qədim dövrlərin olimpiyaçıları kimi and içir: «Mən bütün idmançılar adından vəd edirəm ki, biz bu Olimpiya oyunlarında onların keçirildiyi qaydalara hörmət göstərib riayət etməklə, əsl idman ruhunda, idmanın şöhrəti və komandalarımızın şərəfi naminə iştirak edəcəyik!»
Olimpiya oyunlarının dirçəlişinin 20 illiyinin bayram edilməsi münasibətilə 1914-cü ildə Parisdə üzərində bir-birinə keçirilmiş beş halqa təsvir olunmuş ağ bayraq ilk dəfə qaldırıldı.
Olimpiya embleminin simvolikası çox sadədir: Bir-birinə keçirilmiş yuxarıda üç və aşağıda iki halqa Olimpiya hərəkatında birləşən beş qitənin rəmzidir. Mavi həlqə Avropa, sarı Asiya, yaşıl Avstraliya, qırmızı Amerika və qara həlqə-Afrika qitəsinə işarədir. Hər hansı bir ölkənin milli bayrağında bu rənglərdən heç olmasa biri olmalıdır.
Olimpiya yarışlarında I-III yerləri tutan idmançılar qızıl, gümüş, bürünc medallarla, IV-VI yerlərə çıxan atletlər isə diplomlarla mükafatlandırılır. Olimpiya mükafatlarına Olimpiya kuboku və Olimpiya ordenləri (qızıl, gümüş və bürünc nişanlar) də aiddir.
Birinci dünya müharibəsindən sonra BOK beynəlxalq vəziyyətin mürəkkəbliyini nəzərə alaraq Olimpiya hərəkatına apolitik xarakter verməyə çalışırdı. Lakin onlar Olimpiya hərəkatının işbazları rolunda idman təşkilatları və klublarının ideoloji xarakterini və onların fəaliyyətinin istiqamətini daxildən müəyyənləşdirməyə cəhd göstərirdilər.
Hər iki (LİB və QİB) internasionalın nümayəndələri 1935-ci ilin sentyabrında Praqada 1936-cı ildə faşist Almaniyasında Olimpiya oyunlarının keçirilməsinə qarşı birgə mübarizə aparmağı qərara aldılar. BOK Olimpiya oyunlarının Berlində keçirilməsi imkanlarını aydınlaşdırmaq üçün BOK-un prezidenti Everi Brendec başda olmaqla xüsusi komissiya yaratmağa məcbur oldu. Demokratik idman təşkilatları Olimpiadanın faşist Almaniyasında keçirilməsi haqqında BOK-un qərarının ləğv edilməsini tələb edirdilər. Sonralar idmanda əyalətin oyun komitəsi yaradıldı. Onun tərkibinə geniş demokratik qüvvələr daxil oldular.
Bu vaxtadək müharibənin iki ocağı dəqiq müəyyənləşdirilmişdir - Yaponiya və Almaniya. Nasist təbliğatçılar Olimpiada pərdəsi arxasında faşist dövlətinin sülhsevərliyini sübut etməyə çalışırdılar. Komitə nəzərdə tutulmuş Olimpiya oyunları ilə paralel Barselonada xalq Olimpiadasını keçirməyi təklif etdi. Lakin bu Olimpiadanın açılışına bir gün qalmış faşistlər İspaniyada qiyam qaldırdılar.
Olimpiya ideyalarını müdafiə etmək üçün keçirilmiş konfransda ( iyun, 1936-cı il) yazıçı Henrix Mann deyirdi: «Azad xalqlar Berlin Olimpiadasına tərəfdar çıxmamalıdırlar... Olimpiya ruhu sülh ruhu olmalıdır».
Konfransda İngiltərə, Danimarka, İspaniya, ABŞ, Çexoslovakiya, İsveç və başqa ölkələrin nümayəndələri iştirak edirdilər. Konfrans iştirakçıları bütün xeyirxah adamlara və olimpiya ideyaları dostlarına müraciət edərək onları Hitler Olimpiadasını boykot etməyə çağırdılar. BOK Olimpiya hərəkatının 60 illiyinə həsr olunmuş bülletendə etiraf edirdi ki, Olimpiada - 36-da millitarizmin və nasizmin güclü ruhu hökmranlıq etmişdir.
IV və VII Olimpiadalarda idmanın qış növləri üzrə yarışlar da keçirilmişdir (süni buz üzərində). Hələ 1908-ci ildə İsveç Yay Olimpiya oyunları ilə paralel surətdə qış oyunlarının keçirilməsi təklif olundu. Olimpiada münasibətilə 1924-cü il yanvarın 25-dən fevralın 5-dək Fransada müvəffəqiyyətlə keçirilən beynəlxalq İdman həftəsini I Qış Olimpiya oyunları adlandırdılar.
Qış oyunları ayrı silsilə təşkil edirdi və elə həmin təqvim ilində keçirilirdi.
Qış Olimpiya oyunlarında, əsasən aristokratlar və varlı təbəqənin nümayəndələri iştirak edirdilər. Onlar lordların və baronların, sənayeçilərin və ticarətçilərin, keşişlərin və burjua ziyalılarının uşaqları idi. Fəhlə və kəndlilərin nümayəndələri yalnız özlərinin son dərəcə böyük istedadı sayəsində Olimpiya komandasında təmsil olunmaq hüququ verən idman nəticələrinə görə iştirak edə bilərdilər. 1932 və 1936-cı illərdə oyunlar qeyri-obyektiv hakimlik şəraitində keçirilmişdi. ABŞ Amerika həyat tərzini, Almaniya isə nasist qayda-qanunlarını təbliğ edirdilər.
Berlin Olimpiadasında ABŞ yığma atletika komandasında 10 nəfər zənci idmançı 6 birinci, 2 üçüncü yeri tutdu. Onlar öz müvəffəqiyyətləri ilə ağ irqin idmanda üstünlüyü haqqındakı alman irqçilərinin çürük nəzəriyyəsinə zərbə endirdilər.
Yaponiyanın kişilərdən ibarət üzgüçülük komandası qeyri-rəsmi komanda zaçotunda Almaniya idmançılarını 68 xal geridə qoydu və ABŞ komandasına yalnız 3 xal uduzdu. Olimpiada -36 idmanın militarizmləşməsinə, Almaniya və Yaponiyanın beynəlxalq miqyasda müvəffəqiyyətlərinin şovinist təbliğinə yardımçı oldu. BOK-un 1937-ci ildə Varşavada keçirilmiş iclasında Çinə təcavüz etməsinə baxmayaraq Yaponiya növbəti Yay oyunlarının Tokioda, Qış Olimpiadasının isə Sapporoda keçirilməsi təklifini irəli sürdü. Təcavüzkarlara Olimpiada keçirmək hüququ vermiş BOK-u ittiham edən Çin nümayəndələrinin etirazına məhəl qoyulmadı. Lakin Çində müharibə uzandı və Yaponiya naziri BOK-a bildirdi ki, Yaponiyada mövcud olan vəziyyətdə XII Olimpiya oyunlarını keçirmək mümkün deyil.
İkinci dünya müharibəsi qurtardıqdan sonra Sovet İttifaqının və Avropa xalqlarının alman faşizmi üzərində qələbəsi nəticəsində beynəlxalq idman hərəkatının inkişafında yeni mərhələ başlandı.
Sosialist sisteminin yaranması ilə dünya bir-birinə zidd olan iki düşərgəyə - sosializm və kapitalizm düşərgələrinə ayrıldı. Bu sistemlərin əməkdaşlığı müxtəlif formalarda həyata keçirilirdi. Həmin formaların məğzi ən əvvəl iki ideologiyanın - kommunist ideologiyası ilə burjua ideologiyasının mübarizəsindən ibarət idi. Yeni sinfi qüvvələrin bu vəziyyəti, idman hərəkatının inkişafını da müəyyənləşdirirdi. Sosializm həmrəyliyi ölkələri Sovet İttifaqının fəal iştirakı ilə idman hərəkatının demokratikləşdirilməsi uğrunda mübarizə aparırdılar.
Sovet İttifaqı beynəlxalq idman hərəkatına faşistlərin fəal təsir göstərməsinə kömək edən təşkilatlarla beynəlxalq miqyasda əməkdaşlıq edə bilməzdi. SSRİ-i BOK-un Stokholmda keçirilən iclasında (1947) Olimpiada ailəsinə qəbul olunmaq haqqında məsələ qaldırıldı. Lakin o vaxt Olimpiya hərəkatında, xüsusən də onun rəhbərliyində fəhlə idmanı nümayəndələri yox idi.
BOK üzvləri başa düşürdülər ki, SSRİ-nin və xalq demokratiyası ölkələrinin idmançıları iştirak etmədən Olimpiya oyunlarını müvəffəqiyyətlə keçirmək olmaz. 1946-cı ildə sovet idman təşkilatları həvəskarlardan ibarət beynəlxalq xizəkçilik, ağır atletika federasiyalarının, FİFA və başqa federasiyaların üzvü oldular. Beynəlxalq idman federasiyalarının liderləri bilirdilər ki, hələ 1944-cü ildə, sovetlər ölkəsinin işğalçılardan yenicə azad olduğu bir vaxtda 60-dan çox yeni Ümumittifaq rekordu qeydə alınmışdır və bunların çoxu rəsmi dünya rekordlarından yüksək idi.
Kapitalist ölkələrinin tərəqqipərvər ictimaiyyəti və sosialist ölkələri ADR, KXDR və Kuba idmançılarının Olimpiya oyunlarında öz ölkələri adından çıxış etmək hüquqlarının bərpa olunmasına, CAR irqçilərinin Olimpiya ailəsindən çıxarılması, xalqlar arasında dostluğun möhkəmləndirilməsi üzrə bir sıra başqa problemləri müvəffəqiyyətlə həll etdilər.
BOK-un 1955-ci ildə Parisdə keçirilmiş sessiyasında sovet nümayəndə heyətinin təklifi ilə Olimpiya hərəkatının məqsəd və vəzifələri daha dəqiq müəyyənləşdirildi. BOK-un Nizamnaməsində yazıldı ki, komitənin məqsədi həvəskarlar idmanına rəhbərlik etməkdən və onun inkişafına, bütün ölkələrin və qitələrin idmançıları arasında dostluğun möhkəmləndirilməsinə kömək etməkdən ibarətdir.
Akif Əliyev