manera.az
manera.az

"Dost"- şeir

📅 08.09.2017 11:41

"Dost"- şeir


Eminquey Akif

dost,
bir gün yaradan özü hamının qulağına pıçıldayacaq,
dirilin,
onda gec olacaq,
təəssüflərin heç olacaq,
dalanlarda sevişmək istəyəcəksən sevdiyin adamla,
səni güdən kölgələri tapmağa
ehtiyac yox,
kölgələr bir gün qorxudur yiyələrini də,
özündən soruşduğun niyələrini də,
ud,
adamların düşüncələrini unut.

adamlar inanmır göz yaşlarına,
bilirsən,
gülüş - kədərin qışqırtısıdır,
bax,
adamların məzar daşlarına,
"doğmalarından yadigar"
yazılıb,
həmin məzarlar
elə doğmalarının əlləriylə qazılıb,
qorxma adından,
əvvəl-axır biz öz adımızı daşa veririk,
biz ömrümüzü
Yer adlı gicəllənən əyyaşa veririk,
saat - Yerin öz oxu ətrafında hıçqırtısıdır.

mən də belə qorxurdum,
yatan sərkərdənin məzarı kimi qorxuluydu adamların şəkli,
qışqırırdım,
üstü-başı toz albomlar,
qorxuram sizi açmağa,
çəkilin,
gözümün önündən,
çəkilin.

ey siz, divardakı qəmli adamlar,
biz sizi öləndə gülən görmədik.
qəmli şəkilinizi vurduq divara,
biz bu divarları boşa hörmədik.

dost, heç olmasa,
özün dağıt önündə dayanan divarları,
unut,
ölüm - həyatın kölgəsidir,
bir gün hamımız qorxacağıq kölgəmizdən.

MANERA.AZ


Baxış sayı - 6 253 | Yüklənmə tarixi: 08.09.2017 11:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930