Türk rəssamlarının əsərlərindən ibarət sərgi açılıb - Fotolar
Bu gün Heydər Əliyev Mərkəzində müasir türk sənətkarlarının əsərlərindən ibarət sərgi açılıb.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan sərgidə 8 incəsənət xadiminin 60-dək əsəri yer alıb.
MANERA.AZ xəbər verir ki, Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin 25-ci ildönümü münasibətilə təşkil edilən sərginin açılış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin ayrı-ayrı sahələrdə qurduğu əlaqələr, sözsüz ki, mükəmməl səviyyədədir. Həqiqətən də bu 25 ildə iki dövlət arasında başqalarında örnək ola biləcək münasibətlər yaranıb. İstər enerji layihələri, istər iqtisadiyyat, istər mədəniyyət, istər incəsənət sahələrində münasibətləri daha da genişləndirmək üçün əməkdaşlıq bundan sonra da davam edəcək.
Sərginin açılış mərasimində digər dost və qardaş ölkələrin səfirlərinin iştirak etdiyini qeyd edən nazir tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının mədəniyyət tədbiri ilə qeyd olunmasını əlamətdar hadisə kimi qiymətləndirib.
Daha sonra təbir iştirakçıları sərgi ilə tanış olublar. Müasir türk sənətinin tanınmış təmsilçiləri Adnan Turani (1925-2016), Devrim Erbil (1937), Yalçın Gökçebağ (1944), Şükran Pekmezci (1946), Hasan Pekmezci (1945), Zeki Serbest (1946) və Ahmet Yeşilin (1954) tabloları, Malik Bulutun (1974) heykəllərinin təqdim edildiyi ekspozisiya özündə fərqli yaradıcılıq istiqamətlərini əks etdirir.