manera.az
manera.az

Mən o bənövşəni niyə dərmədim?! ..- Sabir Sarvanın şeirləri

Mən o bənövşəni niyə dərmədim?! ..- Sabir Sarvanın şeirləri
Manera.az mərhum tanınmış şair Sabir Sarvanın şeirlərini təqdim edir:

NİYƏ DƏRMƏDİM ?

Beş-altı günlüyə yaz idi baxtı,
Bir dar çuxur idi sarayı – taxtı,
Kolların dibindən üzümə baxdı,
Mən o bənövşəni niyə dərmədim?!

Sayəsin üstümə salmışdı tale,
Gül olub könlümü almışdı tale,
Bircə yol üzümə gülmüşdü tale,
Mən o bənövşəni niyə dərmədim?!

Dindirsən sinəsi dolu ah idi,
Yanında yoldaşı xeylaq çox idi,
Mənə ondan başqa baxan yox idi,
Mən o bənövşəni niyə dərmədim?!

Xəyalım toxunur dünənə gəlir,
Ötənlər nə haya, nə ünə gəlir,
Gündə gözlərimin önünə gəlir,
Mən o bənövşəni niyə dərmədim?!

Duruşu həyalı, baxışı incə,
Bir üzü gül idi, bir üzü qönçə,
Yandırıb-yaxacaq məni ölüncə,
Mən o bənövşəni niyə dərmədim?!

BİZ QONŞUYUQ

Tanrı səni sonalayıb göndərib
Yer üzünə bəxşişlərin yerinə.
Məndən olsa izlərini düzərdim,
Küçələrə naxışların yerinə.

Biz qonşuyuq, yaşayıram yaxında,
Qəlbi cavan bir qocayam baxanda.
Utanıram sən qarşıma çıxanda,
Üzümdəki qırışların yerinə.

Gənc olaydım, dodağımda sözlərim
Çırpınaydı...
titrəyəydi dizlərim,
Bir cüt sevən göz görəydi gözlərim
O biganə baxışların yerinə.

Güllər kimi sığınaydım əlinə,
Yellər olub dolanaydım belinə,
Narın - narın toxunaydım telinə,
Yağan qarın, yağışların yerinə...

QİBLƏM ÜRƏYİMDİ

Bizi də sayarlar, qəm yemə könül,
Hər kəsin qədrini bir dövran bilir.
Mənim gözlərimdi dərdin məskəni
Yalandı desələr çox ünvan bilir.

Olsa da ömrümə qənim ürəyim,
Qibləm ürəyimdi, yönüm ürəyim.
Bu nə bəladırsa, mənim ürəyim,
Özünü dərd ilə firavan bilir.

Elə tez dolandı çarx dediyimiz,
Azaldı - üzüldü vaxt dediyimiz,
Məndən çoxdan dönüb baxt dediyimiz,
Nə Sabir tanıyır, nə Sarvan bilir.

ÖMÜR HEKAYƏSİ

Vaxt varıydı çarpışırdıq fələklə
Gündüz idi, Gecə idi, Mən idim.
Üç dost olub dolaşırdıq göyləri -
Arzu idi, Xəyal idi, Mən idim.

Yaz sovuşdu payız girdi araya,
Ruhumuzu düçar etdi sarıya.
Çaşıb qaldıq yol çatanda yarıya -
Qorxu idi, Ümid idi, Mən idim.

Nə gəzəsən sönən odda - ocaqda,
Keçən keçdi, qalan qaldı uzaqda.
Bir də gördük üçümüzük otaqda -
Həyat idi... Ölüm idi...Mən idim...

BƏXTSİZ BALIQÇI

Şeir - balıqlar üçün tilov atıram elə
Dayanıb gecələri ürəyimin yanında.
Şair də balıqçıdı, qızıl balıq gəzirəm
Fikrimin dəryasında, qəlbimin ümmanında.

İllərdi gözləyirəm, gözləməkdən nə fayda,
Şairi söz ucaldar, mənə ucalıq gəlmir.
Tuturam e, amma ki, adi xırda balıqlar
Neynəyim, tilovuma bir qızıl balıq gəlmir.

TƏRK EDİB GEDƏRDİM

Əlim çəkilsə də cavanlığımdan,
Yenə mən qocanı tər sinə çəkir.
Bizdən təbiətdə nişanə gəzsən,
Kömür mənə bənzər, qar sənə çəkir.

Açıq nişangahdı, qorunmaz sinəm,
Qor verər, özgədən qor ummaz sinəm.
Məni kül elədi ovunmaz sinəm,
Çəkmir o ahı ki, hər sinə çəkir.

Yazı gül - çiçəyə, qışı qara ver,
Haqsansa, haqq deyib başı dara ver,
Tör - töküntü dərdi naşılara ver,
Çəkilməz dərdləri nər sinə çəkir.

İçi qan çanağı, özü nağılsa,
Tüküm də tərpənməz dünya dağılsa.
Tərk edib gedərdim ağlıma qalsa,
Di gəl ki, ürəyim tərsinə çəkir.

SEVƏRSƏN

Mən gedirəm...day yanında qalmaram,
Sən yanında qalanları sevərsən.
Deyirsən ki,
"ürəyincə deyildim",
Ürəyincə olanları sevərsən.

Sevgibazlar dəryasında gəmin kəm,
Qoy olmasın həmdəmin kəm, dəmin kəm.
Doğru sənə acı gəldi? - Qəmin kəm,
Dili ballı
yalanları sevərsən.

Yan - yörəndə gəzən çoxdu, bilirəm,
Üzdə guya gözün toxdu...bilirəm,
Aşkar işlə aran yoxdu, bilirəm,
Gizlinləri,
dalanları sevərsən.

Su çuxuru, çuxur suyun tapacaq,
Armud gördü ayı oyun tapacaq,
Müxtəsəri, taylı tayın tapacaq,
Filan...
filan...
filanları sevərsən.
İyun - uyul, 2013

SAXLA BÜLBÜL KİMİ

Olanım ürəkdi vermişəm sənə,
İstər ayaqla keç,
istər tac eylə.
Gah görün gözümə, gah da uzaqlaş,
Məni həsrətinə yalavac eylə.

Varamsa,
aldığım hər bir nəfəsdə,
Buyruğun- qulluğun gözlərim üstə.
Saxla bülbül kimi sarı qəfəsdə,
Ya da ki, kölgəlik qarağac eylə.

Səni udum - udum anım gizlicə,
Günahım, pənahım sanım gizlicə,
Qovrula - qovrula yanım gizlicə,
Məni buğda dəni
dərdi sac eylə.

Mən də bir dünyayam qəmdi bazarım,
Özgə aləmlərə düşməz güzarım.
Gördün ki, azalır dərdim - azarım,
Amandı,
yubanma,
tez əlac eylə.

MİN DƏFƏ DEMİŞƏM

Nədən incimisən, niyə küsmüsən?
Danışma deyirsən soruşan kimi.
Sənə naz - qəmzə də gözəl yaraşır,
Ağ üzə qara xal yaraşan kimi.

Burda ikimizik, de görüm nə var?
Üzün qara bulud, səsin soyuq qar.
Daraşır canıma fikir- xəyallar
Qarışqa şirəyə daraşan kimi.

Min dəfə demişəm, deyimmi gündə,
Qaşqabaq sallayıb məndən küsəndə
Həyatım qarışır!
Yellər əsəndə
Sular dalğalanıb qarışan kimi.

Daş daşdan yapışar sel yamandısa,
Açılar çöhrəsi dağ dumandısa,
Əgər bu küsünün sonu qandısa,
Bir qurban kəsərəm!!!
Barışan kimi.

HEYİF

Doğma necə yad olur,
Dilim bişəndə bildim.
Ucuzdan ucuzammış,
Əlim düşəndə bildim.

Biz öldükcə, belə san,
O doğulur anadan.
Mən dünyanı binadan
Bəbə düşəndə bildim.

Çatmazsan taxsan qanad,
Gün keçdi, evi bərbad.
Heyif, qədrini, həyat,
Ömrün qışında bildim.

GÖNDƏR

İlahi! Boğulub batdıq şəhərdə,
Tüstünü - istini uzağa göndər.
Sənin əlindədi, rəhm elə, məni
Başqa cəhənnəmə qınağa göndər.

Bezdim küçələrin toz nəfəsindən,
Qulağım tutulur maşın səsindən,
Bənövşə ətrindən, çay nəğməsindən
Şəhərdə gözündən dustağa göndər.

Cövr edir şəkəri, dövr etmir qanı,
Sızlayır bədəni, ağrıyır canı.
Tez yetir Ağsuya Sabir Sarvanı,
Məmməd İlqarı da Qazağa göndər.

MƏNİ BİR DƏ YARATSAN

Düşdüm SÖZ sevdasına
Çalxandıqca duruldum.
Dostlarım qaşa - gözə,
Mən sözlərə vuruldum.

Göylərin əlindədi
Söz dediyin sirr - açar.
Gahdan fikri pərdələr,
Gahdan neçə sirr açar.

Söz hər şeydən yüngüldü,
Sözdən ağırı yoxdur.
Tapıb yerinə qoysan,
Sözün fağırı yoxdur.

Üyüdürəm dən kimi
Kəlmə - kəlmə "un" alım.
Canımın ağrısıdı,
Sözün ağrısın alım.

Tanrım, SÖZ dəlisiyəm,
Məskənimi çöl elə.
Məni bir də yaratsan
Yenə SÖZƏ qul elə.

ƏTRİNİ DUYUNCA

Ömrümün bir gözəl anından keçdim,
Bəxtəvər çəpərin yanından keçdim,
Ətrini duyunca canımdan keçdim,
Bənövşə qoxusu gəlir bu bağdan.

Haqqa bağlı olan - düz haqdan çəkir,
Bahar gətirənlər sazaqdan çəkir,
Məni min - min ağac uzaqdan çəkir,
Bənövşə qoxusu gəlir bu bağdan.

Üstündən təzəcə gəlib qar keçib,
Qəlbindən yenə də yüz qübar keçib,
Ya bənövşə açıb, ya da yar keçib,
Bənövşə qoxusu gəlir bu bağdan.

GECƏ, GÜNDÜZ

Fırlanır, fırladır bizi bu Kürə
Yarısı gecədi, yarısı gündüz.
Ömür də belədi, gün də belədi,
Yarısı gecədi, yarısı gündüz.

Şeytanın yanında mələkdi ancaq,
Bir yan od hənirli, bir yanda sazaq,
Yaxınlaş aynaya gözlərinə bax,
Yarısı gecədi, yarısı gündüz.

O başda biridi, bu başda biri,
Qürubla üz - üzə durub dan yeri.
Ağ vərəq üstünə yazıram şeiri,
Yarısı gecədi, yarısı gündüz.

İki qütb üstündə dövr edir həyat,
Pozulmaz mizandı gördüyün təzad.
Allahın hüsnüdü külli - kainat,
Yarısı gecədi, yarısı gündüz.



* * *
Bölsən fəsillərə mənim ömrümü,
Gülü tək-tək bitdi,
qar dizə çıxdı.
Qəlbimin xalları, dərdimin rəngi,
Lalədən boylandı, nərgizə çıxdı.

Bilmədim sağdamı, soldamı durum,
Arxa da uçurum, ön də uçurum.
Dedim daş daşıyım, bir yuva qurum,
Hər daşın altından kor gürzə çıxdı.

Yox imiş havama göydə uçanlar,
Mənə sirr verənlər, könül açanlar.
Darda gen dolanıb uzaq qaçanlar,
Hərəsi bir cürə "təmizə" çıxdı.

Suları sovulmuş göldü ürəyim,
Üzü cadar-cadar çöldü ürəyim.
Çırpına-çırpına qaldı ürəyim,
Nə qışla barışdı, nə yaza çıxdı.

ŞÜKRANLIQ

Sözə bənd elədi, şükür Tanrıya
Şükür, nəzərini məndən kəsməyib.
Mən sözün üstündə elə əsmişəm,
Heç anam üstümdə elə əsməyib.

Qəlbin sevincini, qəmini tapdım,
Sözün gül üzündə, bal dodarında.
Ömür dedikləri quruca sözmüş,
Asılı qalıbdı lal dodağında.

Nə itir, nə batır, söz əbədidir,
Uzağı kül altda közə çevrilir.
Dünən deyə-gülə söhbət etdiyin,
Bu gün xatirədi, sözə çevrilir.

Söz deyil, deyirlər sözdü bu dünya,
Düşüb nə xoş güzar, nə xoş iş mənə.
Məni nəfəs-nəfəs sözə bağlayan,
Verəndə dünyanı veribmiş mənə.

Sözə bənd elədi, Tanrıya şükür,
Ömrüm söz ömrüdü, uzun olacaq.
Bu dünya yarandı bir kəlmə sözdən,
Elə sonunda da sözün olacaq.



***
Könlümdə qalmışdı nəsə, necə ki...
Qar qalar dağların uca yerində.
Bir qönçə gözələ meylimi saldım
Gördüm, məni görür xoca yerində.

Adımdan nişanə qalmadı məndə,
Dedim qoy dil açım ölüncə gündə.
Nəfəsim təngidi, külək əsəndə
Tüstü belə olur baca yerində.

Biləndə nə imiş dərdim - təlaşım,
Buladı başını, qaldırdı qaşın.
Gözləri soruşdu: - "neçədir yaşın",
Qocasan, qaxıl öl, qoca yerində!

İTKİ

İtkilər içində keçirdim ömrü,
Neçə doğmam getdi, əzizim itdi.
Dəhnədən gələrdi,başdan gələrdi
Çaylarım qurudu, dənizim itdi.

Yarandım elə bil sürgünə düşdüm,
Qor kimi çoxunun kürkünə düşdüm,
Adamlar içində bir günə düşdüm
Allahın yanında gör üzüm itdi.

Üzlərdə fərəhdən daşqı görmürəm
"Göylərin mehrabı eşqdi"-görmürəm
Yaxşı ki, dünyanı yaxşı görmürəm
Sol gözüm tor görür, sağ gözüm itdi.

Bağladım ümidi boş sabahlara
İnandım ürəyi daş sabahlara
Sizi tapşırıram xoş sabahlara
Mənim Günüm batdı, gündüzüm itdi.

CAN ŞİRİNDİ

Deyirdim cavan öləcəm,
Əlliyə çatdım, ölmədim.
Bir ömürdə neçə kərə
Günaha batdım...
ölmədim.

Gördüm həyatın üzünü,
Atdım odlara özümü,
Çəkdim halaldan gözümü,
Haramı tutdum...
ölmədim.

Tanıyınca bu dünyanı,
Soyudu qəlbimin qanı
Salmadım yada doğmanı,
Dostu unutdum...
ölmədim.

Cəlladın da var qorxusu,
Qaçır gözündən yuxusu.
Əllərimdə qan qoxusu,
Yıxılıb yatdım...
ölmədim.

Dümsüklədi tez ayılam...
Çıxartdı evdən bayıra
Can şirindi, Əzrayıla
Hamını satdım...
ölmədim.

ÇALDIRAN AĞRISI

Necəsən, dərdimi deyəm,
Dağ ərisin, daş yerisin.
Vay o günə, dəli başla,
Üstünə qardaş yerisin.

Heç yana çatmasın əlin,
Alışsın ağzında dilin,
O tərəfdən Sultan Səlim,
Burdan Qızılbaş yerisin.

Açılsın əllərin göyə,
Allah da durmasın yiyə.
«Zalım qardaş» deyə - deyə
Diyirlənsin, baş yerisin.

Oyan gürzünə tarixin,
Çaxıl gözünə tarixin,
Tüpür üzünə tarixin,
Qoyma bu vərdiş yerisin.

ÖLƏN MİN DƏFƏ DİRİLİB

Mövlana Cəlaləddin Rumiyə


Gözündən itdim dünyanın,
Gözdən o yana
MƏN varam.
Ən birinci, ən sonuncu
İzdən o yana
MƏN varam.

Baxma qübbəsi qurulub,
Ölən min dəfə dirilib.
Üz gizlənməkçün verilib,
Üzdən o yana
MƏN varam.

Ruhumun binəsı yoxdu,
Duracaq xanəsi yoxdu,
Sözdən oyanası yoxdu,
Sözdən o yana
MƏN varam.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930