manera.az
manera.az

bu şeir xurma kimidir, götür, orucunu açarsan-yeni şeirlər

📅 28.05.2017 22:50

bu şeir xurma kimidir,  götür, orucunu açarsan-yeni şeirlər
Manera.az gənc şair Ruslan Dost Əlinin yeni şeirlərini təqdim edir:
***
ay kənd qoxulum, kənd yazım,
özümü sənə bənd yazım.
hər telinə bir bənd yazım,
saçının ucunu açarsan.

tabım çatmır, tab gəzirəm,
gecələr şərab gəzirəm.
ürəyimə qab gəzirəm,
desəm, ovucunu açarsan?

dərdləş düşüb bu gəncinən,
bu sakitnən, bu dincinən,
açar boyda sevincinən
bu ağrı-acını açarsan.

ömrüm bir sınıq sinidir,
kinin lap dəvə kinidir.
bu şeir xurma kimidir,
götür, orucunu açarsan.


* * *
tale var ki, dumanında dağ azır,
bayrağ hazır, tabut hazır, ağ hazır:
ölüm elə bu vətəni hey yazır,
əsgər-əsgər cilidləyir nə vaxtı.

solan gördüm yaz günündə gülləri,
səngər içir o qırmızı gölləri.
göy üzünə açdığımız əlləri,
tanrı tutub kilidləyir nə vaxtı.

sərhəd boyu dəmir-dəmir ağaclar,
heç nə demir, heç nə demir ağaclar.
neçə vaxtı çiçəkləmir ağaclar,
bizim torpaq şəhidləyir nə vaxtı.



***
çayxor çöllər qənimidir ay dədə,
körpülərin altdan axan çayların.
mən burda vurnuxuram, o tərəfdən səs gəlir:
arvad-uşaq sahibidir vallah sənin tayların.

gün də yanmır bu çöllərə ay dədə,
ha baxırısan, dərisini yandırır.
artırmadan yenə tanış səs gəlir:
dəstəmaz almalıyam,
hanı mənim çəliyim - tez tap gətir andırı.

yaşamağa qoymurlar ki, ay dədə,
qanmıramsa gəlin məni qandırın.
bax, gecənin bir aləmi qarellə istəyirəm,
nolar, nolar, cəmi beşcə dəqiqəlik
meşələrin işığını yandırın.

yenə, yenə sübh çağıdır, ciyərlərim kef eləyir,
kəndimizin bəstəsidir: qoyun-quzu mələşir.
qonum-qonşu tezdən qalxıb atını yəhərləyir,
bir şair də, formasını bilmədiyi şeirin üstə əlləşir.

eheey Çoban! sən də qəşəng bilirsən,
gün yandırmaz dağları.
nəyə görə öz papağını dağın başına qoymusan?
bir də, bir də, anasını sevmədiyim o qıza bir sözüm var:
bə sən niyə özünü (y)endiribsən, dağın başına qoymusan.




* * *
pulu-parası olmur,
onçün arası olmur kənd balasının
yolboyu düzülmüş gözəlçələrnən.
nə sözünnən dönər, nə qılığı var,
qəribə bir doğmalığı var
daşnan öldürdüyü gölməçələrnən.

Ay oğul, kənddə palçığa batırsan,
şəhərdə günah dizdəndi.
o qapqara, çəlimsiz oğlan
hara gedir getsin, bizdəndi!

Zalımın oğlu,
atamnan çox səhvlərim döyüb məni,
onların əliynən ağıllanmışam.
biletlər bahadı, cəhənnəmə ki,
şəhərdən çıxmağın bircə yolu var,
ölümlər ucuzdur, maraqlanmışam.

iş də qurtarıb, görməyə nə var ki,
bircə yuxudu, uşaqlar evində yaş da qurtarıb,
hamının 3gözünnən yetimlik yağır.
ilahi! deməyə biraz çəkinnəm,
heç kimə demərəm sənin canına,
yanında iş olsa məni də çağır. ...

baş alıb gedirdim bir kəndirinən,
məni saxlamadı çəkil, ay bala.
göy üzü nə vaxtdı yaman tərpənir,
altında qalarsan, çəkil ay bala.




* * *
Düşünün...
əsgərlərin silahınnansa,
silahların çaxmağınnansa,
o göy üzündəki kişinin –
Şimşəyin çaxmağını sevirəm...

Kişi!
kim nə deyir desin mənə,
cammat özünə gülür.
kimnən çıxır çıxsın, əşi,
Günəşin çıxmağını sevirəm!

Nəyin ki ağıl heç nəyə yaramır ta,
hətta dəlilik dahiyanədir.
ağıllı adamlara deyin ki,
suların ən axmağını sevirəm...



Baxış sayı - 2 255 | Yüklənmə tarixi: 28.05.2017 22:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031