Bir qızım olacaq - Aysel Abdullazadə | MANERA.AZ
![]()
MANERA.AZ gənc yazar Aysel Abdullazadənin şeirlərini təqdim edir:
*Bir qızım olacaq...
Bir qızım olacaq
Gözləri mavi dənizə eş
Gülüşü arzulara ümid olan... Bir qızım olacaq
Çağlayan suların adını verdiyim
Dünyama həyat eşqi deyə gətirdiyim. Balaca barmaqları,
Yumru sifəti,
Ağ bənizində çəhrayı dodaqları. Təbəssümü ümidim,
Çöhrəsi günəşim olacaq...
Hər səhər yaşantıma
Bu çöhrənin al şəfəqləri saçılacaq... Parıldayan gözlərində
Xəyallarımı yaşadan,
Güləndə yanağında qəmzəsi açılan
Bir qızım olacaq... İməkləməyi,
Yürüyüşü,
Qaçıb oynamağı
Ömrümə illər calayacaq. Bir gün Dənizim olacaq
Və o gün...
Çox məsud bir ana olacaq...
*Get...
Gedirsənsə,
məndən aldığın nə varsa
yerinə qoy get!
Mənə gəldiyin kimi
eşqsiz, qayğısız, kimsəsiz
get...
Geri qaytar aldıqlarını
sevgimi, duyğu yükümü
geri qaytar, sonra get...
Qəlbimdəki yerindən qalx!
sol tərəfimi tərk et öncə...
daha sonra ruhumla birləşən
ruhunu ayır, get...
...Özümü mənə qaytar
Sonra get!
*Avqust şeiri
Gəlməyi maraqla gözlənilən
qonaq kimiydin
Qısa olmayan zaman yaşadın,
yaşatdın...
Sonları sevməzdim
səndəki sonu görənə qədər
Aylar mövsümlərin misafiridir
ağırlanacağı bitən günə qədər...
Otuz günün iki hissəlidir -
on beşi günəşin,
on beşi rüzgarın payında...
Qadınından məmnun qalan, getməkdə qərarsız
aşiq kimisən
Müvəqqəti eşqdən, məcbur
getməlisən...
Günəşin rüzgarla əlbir olub
yağmuruna hava atar.
Yarpaqlar paltarını dəyişməyə hazırlaşıb
üst geyimini soyunar...
Bir az yalançılığı andırarsan
gözdən pərdə asar istiliyin.
Küləyin zəif, buludların qarışıq
qorxudar adamı səssizliyin...
Gedər ayaq yorğun kimi
usulca baxarsan geriyə.
Dənizin soyumuş kimi
ləpələri sovrular irəliyə...
Yadsan artıq bu fəsilə
Getmək vaxtıdır.
Yay sıxılıb səndən, ayrılır vücudundan qor atəşi
Dönüşün gözləniləcək,
arzulanacaq
Tam da bir il sonra
gəlmək vaxtıdır...
*Sona çatmaq yenidən başlamaq idi
Arzularını soruşdum,
"dünyalar qədərində" - söylədi.
dünya böyük də,
sən necə kvadrat metrində mutlusan?!
onu düşündü...
Əslində, qollarını aça bildiyi qədər mutlu idi
qışqıra bildiyi, səsinin yetdiyi yerə qədər.
ciyərinə çəkdiyi nəfəs boyda
dar olsa da, ürəyi
arzularının enişliyi yoxuşa varana qədər asan idi...
Xəyalları gerçəkləşənə qədər xəyal,
sonrasında düş qırıqlığı
cazib olmayan yaşam olanaqları
kimi mənasız idi...
Əslində, görə bilmədiyi qədər sonsuzluqla qaplanmışdı dünyası.
Sona çatmaq yenidən başlamaq idi
bunu bilsə, sona heç çatmayacaqdı,
varmayacaqdı arzuların həqiqətinə,
qalacaqdı nağıl dünyasında...
MANERA.AZ