"Şairlik taleyin olmalıdır" - Söhbət
Manera.az-da bu dəfə müsahibimiz yazar, şair Fərid Hüseyndir.
- Ədəbiyyat sevgin hansı yaş dövründə formalaşdı?
-Orta məktəbdə “Mənə çox vaxt deyirlər” adlı şeir yazmışdım. Struktur və intonasiya baxımından Süleyman Rüstəmin lirikasına yaxın idi, hətta onun zəif təkrarı da demək olar. Ancaq “yükümü tutmaq” baxımından yeddinci sinifdən kitablar oxuyub, mütaliə yatırımımı zənginləşdirməyə çalışmışam.
- Şair yaxud yazarı formalaşdıran ailə mühitidir səncə?
- Ailədə yaşanılanların heç biri insan həyatında təsirsiz ötüşmür. İnsan həm də bütün yaşadıqlarının cəmidir, unutduğu və unutmadıqlarıyla birgə.
- Yazdığın və bəyənilməyən şeirlərindən imtina edirdinmi və edirsənmi?
- Əvvəl çap etdirib sonra imtina edirdim şeirlərimdən, indi yazıb dərc etdirməməklə imtina edirəm.
- Ədəbi çevrədə tanınmağında əsas rol oynayan hansı şeirin olub?
- “Məndən qəhrəman olmaz”, “İstanbul” və “Sevmədiyin qadınla”.
- Şeir kitablarının ideyası və ərsəyə gəlmə mərhələsi haqqında oxuculara geniş məlumat verə bilərsən?
- Məni düşündürən məsələləri silsilə , ya da ayrı-ayrı şeirlər şəklində yazıram. Sonra başqa mövzuda eyni vəziyyət təkrarlanır. Nəticədə rəngarəng, mövzu müxtəlifliyi ilə seçilən şeirlər meydana gəlir.
- Yaxşı şeir üçün önəmli olan şeylər nələrdir?
- Sarsıntı, dərk, istedad, əlaqələndirmək bacarığı, klassik və müasir ədəbiyyatı dərindən bilmək və ruhi azadlıqla oxuduqların və yaşadıqların haqqında uzun-uzadı düşünmək.
- Hekayə, roman, şeir, hansını yazmaq daha çətindir?
- Məncə, qalıcı şeir yazmaq daha çətindir. Ona görə də çoxları bu feyzi fəhmlə duyub “qaçır” şeirə. Ancaq şairlik taleyin olmalıdır.
- Publisistik yazılarda bu gün nə səni qane etmir?
- Əlaqələndirmək qabiliyyəti...
- “Əlifba sırası” kitabında da şeirlərlə yanaşı esselərin var. Esse yazmaq üçün şairdə həm də informativlik önəmlidir?
- Şeir yazmaqda sadaladığım yaradıcı keyfiyyətləri esseyə də aid edirəm.
- Orxan Pamukun iki kitabını tərcümə etmisən. Hədəfdə kimlərin tərcüməsi var?
- Tərcümə etmək istədiyim müəlliflər çoxdur, ancaq vaxtım yoxdur. Elmi iş üzərində çalışıram və poeziya haqqında kitab yazıram.
- “Bir də heç vaxt” şeirlər kitabın çox bəyənilir. Özün kitaba olan maraqdan razısan?
- Kitabıma olan maraqdan razıyam. Hər şey reallığımıza uyğundu, bu gerçəklikdə nə ola bilərsə, şükür ən yaxşısını Xuda nəsib edib.
- Fərhad Mete haqqında yazdığın “Ömür – doğum günü hədiyyəmiz” kitabının ideyası necə yarandı?
- Nakam taleli şairlər haqqında yazmaq fikrim vardı, onlardan ən yaxşı tanıdığımı – Fərhad Meteni seçdim və bu kitab həm də nakam taleli şairlərin ömürlüyünün və yaradıcılığının ümumiləşdirilməsidir. Fərhadın arxivini əldə edib oxudum və belə bir kitab yarandı.
Hazırladı:
Tural İsmayılov
MANERA.AZ