manera.az
manera.az

Müsabiqədə III yer tutan tərcümə | MANERA.AZ

Müsabiqədə III yer tutan tərcümə | MANERA.AZ

Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı tərcümə” nominasiyası üzrə münsiflərin səs çoxluğunu qazanaraq III yerin qalibi elan edilən Jalə Əsgərovanın tərcüməsində Bryus Stirlingin "Dövretmə" hekayəsini təqdim edirik:

Ölüm


Üç gün idi ki, adada, gölün ortasında unudulmuş qaya parçasının üstündə təkbaşına əzab çəkirdi,onun yardım üçün çığırtıları onlar şam ağacları ilə örtülmüş sahilə çatmazdan xeyli əvvəl canını tapşırmışdı.

Ümidsizlik içində uzandığı qranitin üstündən özünü azad etmək üçün bir daha cəhd etdi, ancaq gücü çatmadı, qarnındakı ağrı sanki bir tərəfini dəlib keçmiş nizə kimi onu yerə sancdı .Əynindəki paltarları didib cırmağa başladı,nə qədər cılız görünsə də, sanki bu cəhd düşdüyü ovsunu çözəcək və qarabasmaya son verəcəkdi. Ancaq bu yuxu deyildi. Qayıq çevrilmişdi, tufan onu bu adada buraxaraq keçib getmişdi. Qışqırıqlar,ağrı və uzandığı qan gölməçəsi(nohuru) –bütün bunlar onunku,ondan geriyə qalanlar idi.
Pantonları günəşin altında parıldayan bir xilasedici təyyarə ləngər vuraraq ötüb keçdi. Bu görüntü ümidlərini silkələdi. Əlbəttə ki,onun yoxluğu iş yerində şübhələrə yol açacaqdı. Şübhəsiz, bu vaxta qədər kimsə çoxdan polisə xəbər vermiş olacaqdı. Əlbəttə ki, bu, onu göldən, uşaq kimi gəldiyi bu məkandan, yalnız təklikdə baş çəkmək istədiyi bu yerdən, sonuncu dəfə əlaqə yaratmaq istədiyi bu ərazidən xilas etməyə tələsən elə həmin axtarış qrupu olacaqdı.
“Səfeh! o dedi. Hər şeyi təkbaşına etmək? Al payını.”
Bu fikrinə güldü, yağdırdığı lənətlər onu bərk-bərk tutub saxlamış gözə görünməz kəndirin bir an öncə qırılmasına tuşlandı.Bütün bunlara səbəb qarnındakı kəskin ağrının yenidən alovlanması oldu.Başını qaldırdı və səmaya üz tutub bağırdı.
“Kömək edin! Kömək edin!”

Xilasedici təyyarə solğunlaşıb gözdən itdi.

Gölün üzərində ləpələr suyu yararaq qıvrılan ilan formasını yaradırdı. Bu qıvrılma düz üstünə şığıyır və ona çatınca dərhal suya baş vurub gözdən itirdi. Qorxu vahiməyə dönürdü. Bu nə idi? Nəyə görə o dövrə vurur, elə hey fırlanırdı?
“Niyə? Şüşə kimi büllur, durğun suya baxaraq bağırdı: Axı niyə!”

Hələ şəhərdə ikən bütün suallara cavab tapmışdı, optimal dönüş üçün bütün bucaqları müəyyənləşdirmişdi. Ancaq burda, şəhərdən kənarda, adı bilinməyən bir gölün talaşasında qaya üzərində mıxlanıb qalmışdı, nə bir əl görüşməsi( əl sıxma), nə Power Point təqdimatı, nə dərzinin məxsusi onun üçün tikdiyi kostyum, nə də güc və üstünlük təlqin edən ofis bucağı -heç nə onu xilas edə bilmirdi.
Su. O su istəyirdi. Bir qurtum su içmək üçün gölə tərəf əyildi. Və suyun üzünü dələn həmin ilanabənzər fiqur, yalnız növbəti dəfə qeyb olmaq üçün dövrə vuran o bədheybət varlıq yenidən peyda oldu.

Dəhşət içində boğulub ağladı. Keçmiş gözləri önündən ötüb keçdikcə,aşağıda, əzilmiş bədəninin altında dünya əriyib kiçilirdi: ilk doğum günü,ilk velosipedi,orfoqrafik qaydalara düzgün riayət etdiyinə görə qazandığı ilk qırmızı lenti, ilk öpüşü, ali məktəbi bitirməsi,universitet, anasının ölümü,vəzifədəki irəliləyişləri, biznes səfərləri, gizli münasibətləri, boşanması, atasının ölümü, həkimin ”Bir az yavaşla” xəbərdarlığı. Hər şey orda idi-sözbəsöz,daxili tikişlərini söküb tökən fəryadın ətrafa dağıtdığı, bağırsaqlarından çölə uzanan sonu görünməz vəhşi heyvan, quyruğu mövcudluğunun kökünə basdırılmış, çənəsi ilə onu fırladıb nəm və mülayim qaranlığa atan bədheybət.

***

(Yenidən Doğulma)

Neçə müddət idi ki yatırdı?Bir ay? Ya Bir il? Nə qədər çox düşünürdüsə, bir o qədər çox işıq şüaları gözləri önündə rəqs edirdi. O isə oynamaq istəmirdi , buna görə də o biri yanı üstə çevrildi və qapqara dünyasının onu bürüyən hərarətində yenidən yuxu gəzdi. Özünü təzəcə təhlükəsizlikdə hiss etdiyi vaxt, yenicə nəvaziş axını ona layla çalırdı ki, üfüqdə Gecə ulduzu kimi(Venera) şütüyən işıq daha böyük və parlaq formada yenidən qayıtdı.

O geri yuvarlandı, ancaq işıq onun hər tərpənişini qarşıladı ,qarşısında gəmi illüminatoru kimi asılıncaya qədər görünməz əl kimi qabağa çəkdi. İşıq vasitəsilə o, hərəkətlər, dumanlı fiqurlar və kölgələr görə bilirdi. Yad səslər onu qorxutduğundan əvvəllər evi olmuş zülmət qaranlığa çəkildi. Ancaq işıq əl çəkmirdi. Onu irəli dartdı ,dəliyin içində mövqe tutanadək gedişini əngəllədi,və zülmət gecədən nurlu sabah doğuldu.

Barmaqlar burun deşiklərini qurdalayırdı. Nazik əllər buruşmuş bədənini silib yorğana bürüdüyündə, o, udqundu və boğuldu.
Təəccüb içində gözlərini açdı və orada Tanrının bu lütfünə görə kövrəlib ağlayan valideynlərini gördü.


Tərcümə: Jalə Əsgərova,
MANERA.AZ








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930