Nərgiz ƏzizovaBurada, açdığınız bu səhifədə hər gün haqqına pis ya da yaxşı sözlər dediyiniz, sevdiyiniz və ya sevmədiyiniz, dəyərli hesab etdiyiniz və ya gözdən salmaq üçün əlinizdən gələni etməyə çalışdığınız qadınların yaşamı boyu keçdiyi həyat yolunun necə keşməkeşli olduğunu sözün əsl mənasında qısa formada oxuyacaqsınız. Təbii, oxumaya da bilərsiniz. Bəzilərinizdə əks təsir göstərə bilər.Göbək bağınız ananızdan ayrılan kimi qarşısınıza gələcəyinizi əlinizdən alacaq qəlib qoyulur. Böyüdükcə əslində digər tərəfdə istəkləriniz, arzularınız, xəyallarınız olduğunu anlayırsınız. Və əsası, ruhunuzun necə çırpındığını hiss edirsiniz.
Qaydalar qadınlar üçün lap kiçik yaşlarından daha qatı olur. Məsələn, qızların, qadınların ətək və ya geyindikləri şalvarların dar və ya boş olması məktəb dövründən mübahisə, ya da müzakirə mövzusu olub həmişədən. Oğlanlar isə daha sərbəstdir. Onlar üçün dar şalvar da uyğundur, nə bilim, balaqları enli olanlar da və s.
Bunun kimi minlərlə misal çəkmək olar. Məsələn, uşaq yaşlarından oğlanlar istədikləri formada otururlar. Divanın başında, stulun üstündə, hətta valideyninin başında belə. Qızlara isə ayaqlarını, əllərini necə düzgün formada qoymaqdan başlayaraq, necə danışmasına qədər bir çox şey təlqin edilir. Təbii ki, əvvəl-əvvəl bunlar ailənin qız uşağına fərd kimi yanaşdığını göstərə biləcək təsirdə olur. Amma zaman ötdükcə qadının qaydalara uyğun hərəkət edən avtomatik kuklaya çevrilməsi günümüzün arzuolunmaz nəticələrinə gətirib çıxarır. İstisnalar burada yabanı ot kimi görünə bilər. Əslində isə elə olmadığını sadəcə, ağlından istifadə edə bilənlər anlaya bilər.
Bunlar kimi xırda-para şeylər zamanla qadının əvvəlcə özgüvənini sözün əsl mənasında baltalayır, sonra sevgisini doya-doya yaşamasına mane olur, iş həyatını korlayır. Ki, burada da komplekssizlik özünü mütləq şəkildə göstərməlidir. Bu, utancaqlığı soyunmaq deyil. Sadəcə, qadının öz ruhuna qarşı hörmətidir. Xəyal gücləri, əslində sonsuz dünyası olan təxəyyül aləmləri parçalanır və yavaş-yavaş yoxa çıxır.
Getdikcə qadınların beyni sanki çıxarılır, 1941-45-də olduğu kimi kimlərsə onlardan laboratoriya siçanı kimi istifadə edir və beyinləri bir növ hipnoz edilərək, “sən qadınsan, sadəcə, evdə oturub övladlarını böyütməlisən” deyilir.
Və ya deyək ki, bir qadın iş həyatında hələ addımlamağa çalışır. Və deyək ki, birini idealı kimi seçir. Ondan daha uğurlu olacağını deyir. Seçdiyi insan isə əks cinsin nümayəndəsidir. Qadın isə onunla bir ay, 3 ay yox, uzağı 5 il ərzində ayaqlaşa biləcəyini iddia edir. Bu, acınacaqlıdır. İddia yaxşıdır, amma dərk edilməyən iddia 5 ilin sadəcə, havaya getdiyini göstərəcək qədər axmaqcadır.
Qadınlar əsrlərdir səslərinə səs qatmaq istəyir. Hər gün öldürülən, ailədaxili şiddətə məruz qalan, təcavüzə uğrayan qadınlar özlərini izah edəcək ya insan, ya da başqa bir məcra axtarırlar. Amma təəssüf ki, cəmiyyətin vicdanı sanki yaralanıb, qanı axıb, indi də qaysaq bağlayıb. Sən istədiyin qədər dərdini danış, o qaysaq cəmiyyətin beynini tamamilə ələ keçirib.
Qısası, zehniyyət dəyişməlidir. Bu cür beyinlərlə istənilən cinayəti asanlıqla törədə biləcək hala gələcəyik. Təcavüz kimi dəhşətli hadisələrdə bir müddət sonra kişilər yox, məhz qadınlar günahlandırılacaq.
Belə insanlar yaratdıqları hər hansı qurumda da qadın işçi istəmir. Sadəcə, kişilərdən ibarət koalisiyalar yaradır. Bir müddət sonra da həmin yerlər çayniki 1 manata olan çayxanaya, ya da yoldan keçən qadına, qıza söz atan “bardaqxanaya” çevrilir.
Qadınların kişi "hakimiyyət"i (bu, doğrudan da qorumağa meyilli hakimiyyətdirsə) altında yaşaması indi sayacaqlarım qədər çətindir. Təbii, anlaya bilənlər üçün:
- Həyatın haqqında qərarların kişilər tərəfindən verilməsinə öyrəşirsən.
- İstəyir atan olsun, istəyir qardaşın, sevgilin, həyat yoldaşın, kim olur olsun, icazəsiz bir şey etmisənsə, nəticələrinə göz yummaq məcburiyyətindəsən.
- Məhəllədəki xalaların ağzına düşə biləcək "potensial saqqız" sən olacaqsan.
- 2 yaşından etibarən "ədəb-ərkan" dərsləri almağa başlayırsan. (az qala ağzını da qara lentlə bağlayalar)
- Ən müasir kişi belə gün gəlir, sənə əsl yerinin mətbəx və yataq otağı olduğunu xatırladır.
- Və yenə ağıllı kişi belə, sənə "get bozbaşını bişir" deyəcək. Hətta sənin fikrin söhbət zamanı daha məntiqli olsa belə.
- Kimsə sənə söz atıbsa, təcavüzə uğramısansa, ailədaxili şiddətə məruz qalmısansa... Ay da, allah bilir nələr eləmisən?!
- Təcavüzə uğramısansa, sənə "kimdi, necə oldu, yaxşısan" kimi suallardan əvvəl "nə geyinmişdin, o vaxtı çöldə nə işin var idi, oraya niyə getmişdin" və s. suallar veriləcək.
- Dəhşətdir. Uşaq yaşlarından sənə öyrədilən "ədəb-ərkan" adlı hicab səni təcavüzdən qoruyur. Bax, bu cür insanlarlarla qızını 6 yaşında evləndirən insanları görsən, çaşıb eləmə. Sən də bu cəmiyyətdəsən çünki.
- Avtomobil idarə edirsənsə, siqnal təcavüzünə, evə qədər təqib edilməyə hazır olmalısan.
- Filankəsin oğlunun sənin diplomuna, diplomu da qoyuram qırağa e, sənin beynindəkilərə yox, bişirdiyin yeməyə daha çox önəm verdiyini anlayırsan, zamanla.
Elə ona görə də qadının bədəni və beyni ifadələri faciəvi şəkildə ayrıseçkiliyə məruz qalıb.
Və ən dəhşətlisi... Bütün bunları edənlər heç cür və heç vaxt anlamırlar ki, bu hərəkətləri, tələbləri ilə səni əsl qadınlıqdan uzaqlaşdırırlar. Əsl qadını qova-qova qaranlığa, zülmətə məhkum edirlər. Bu zülmətin içində isə nə özün görünürsən, nə də ən doğmalarını görə bilirsən. Bu qədər dəhşətli...
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.