manera.az
manera.az

"Reallığa söykənən tamaşa" fəlsəfəsi, ya...? - MANERA.AZ

📅 19.11.2016 11:00

"Reallığa söykənən tamaşa" fəlsəfəsi, ya...?  - MANERA.AZ
MANERA/A

“Teatr insanla birlikdə doğulub” deyirlər


Teatrın ilk dəfə tanrı şərəfinə keçirildiyi də kimsəyə sirr deyil. O da gizli deyil ki, əvvəlcə bir nəfərlik (“monoqolos“), sonra iki nəfərlik (“dialoqos”), daha sonra isə üçnəfərlik danışmaya əsaslanmaqla (“trialoqos“) əsl mahiyyətini ortaya qoyan teatr, ilk çağlarda yazılı ədəbi mətnə deyil, aktyorların fərdi qabiliyyətlərinə əsaslanaraq öz varlığını ortaya qoymuşdur. Teatr, duyğu və hadisələrin hərəkət və sözlərlə fərqli bir şəkildə anladılması sənətidir.Bilirik ki, hər bir səhnə əsərinin mövzusu bəlli bir hadisədən qaynaqlanar. Və hər bir hadisə həyatdan alınar və həyat həqiqətinə əsaslanar. Həmçinin, hər bir hadisə müəllifin öz dilindən danışılmaz, əsərdəki obrazlar tərəfindən canlandırılar. Obrazların arasında yaranan çatışmalar, anlaşılmazlıqlar, uyuşmazlıqlar səhnə əsərinin daha dinamik və canlı olmasına xidmət edər. Bu gün teatr, məktəb funksiyasını daşımaqdan usanmamalıdır. Axı, teatr, tamaşaçıya “dərs” vermək, onu düşünməyə vadar etmək, insanı öz fikirlərini rahat şəkildə ifadə etmək gücünə malikdir. Yeniləşməyə meyilli olan toplum üçün bu hava-su kimi lazımdır.

B.Y.Zaxavaya görə ''dramaturgiya teatrın əsas tərkib hissəsidir''. Əgər belədirsə, görəsən müasir Azərbaycan dramaturgiyası milli teatrımızın tərkib hissəsinə çevrilə bilibmi? Bu sualı, ilk növbədə bəndənizə ünvanladım və aldığım cavabı teatr təssübkeşləri ilə bölüşməyə qərar verdim. Bizlər nədənsə hər dəfə ağızdolusu “repertuar - teatrın aynasıdır” deməklə özümüzü inandırmağa çalışırıq ki, bu gün teatr sənətində aparıcı rol məhz dramaturgiyaya məxsusdur. Bu zaman belə bir sual ortaya çıxır: O zaman bəs nədən bu günki rejissorlar öz imkanlarına uyğun pyes seçməkdə bu qədər çətinlik çəkirlər? Və ümumiyyətlə, pyes seçməkdə rejissorlar külli--ixtiyar sahibi ola bilirlərmi əcəba? Daha bir ağrılı məqam:Azdan-çoxdan tamaşaçının zövqünü oxşayan, barmaqla sayılacaq tamaşaların son zamanlar, səbəbsiz yerə milli teatrın repertuarından çıxarılmasına etiraz edənlərin səsləri nə zaman eşidiləcək görəsən? Nədən bu gün teatrlarımızın repertuarını, əsasən məzmunsuz, qayəsiz - bəsit əsərlər “bəzəməkdədir“? Həyatın bir parçası sayılan bir aləmin – teatr dünyasının əlavə “bər-bəzəyə”, bayağılığa ehtiyacı varmı, siz deyin? Onsuz da ayaqda zorla dayanan sənət məbədi ilə bu qədər insafsızcasına davranmaq günah deyilmi! Yetər, yahu, yetər! Bəsdir ''reallığa söykənən tamaşa” fəlsəfəsi ilə ürəyimizi bulandırdığınız! Gücünüz tükənibsə çəkilin, düşünən beyinlərə, istedadlı gənclərə meydan verin!

P.S. Professor Aydın Talıbzadə demişkən: “Bu gün teatr xalq üçün teatr deyil, kütlə üçün teatr deyil, bu gün teatr özü üçün bir teatrdir, toplumun cox kicik seqmenti üçün teatrdir, festival zəvvarlari üçün teatrdir.Bu gün cəmiyyət teatra şəkərə dözdüyü kimi dözür: o, nə pisdir,nə yaxsıdır; sadəcə,özü üçün mövcuddur və hec kəsə mane olmur...”

MANERA.AZ


Baxış sayı - 2 118 | Yüklənmə tarixi: 19.11.2016 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031