manera.az
manera.az

Bir dəfə Xınalıqda... -Hekayə | MANERA.AZ

📅 05.10.2016 09:00

Bir dəfə Xınalıqda... -Hekayə  | MANERA.AZ
Vüsal Oğuz


BİR DƏFƏDƏ XINALIQDA


Bu il mayın əvvəllərində Şahdağa – H.Əliyev zirvəsinə qalxmağı qərara aldım. Dostlarla əvəlcədən razılaşdığımız bakıya toplaşdıq. Bizi paytaxdan Şahdağa aparan maşın Qubaya çatar-çatmaz bir - birindən gözəl mənzərələr göz oxşamağa başladı. Əvvəlcədən müəyyən edilmiş yerdə hamı aftobusdan endi. Məum oldu ki, burdan sonra bizi dağdakı düşərgəyə xüsusi maşınlar aparacaq. Mən və yol yoldaşlarımız bizi ayrılan Niva markalı maşınlara əyləşərək dağlara sarı- Xınalığa yol aldıq. Maşınlar Xınalığa qalxan dar və dolanbac dağ yollarında cərgə ilə düzüldülər. İndiyə qədər adını eşidib üzünü görmədiyim bu yerlər doğurdanda cənət idi. Sərt qayalar, sıldırımlar, dibi görünməyən dərin dərələr, hərdən üstündən keçdiyimiz dağ çayları, arabir ətrafi görünməz edən dağ dumanı adamı valeh edirdi. Bir sözlə hayıl mayıl olmuşdum. Xınalıq haqqında az çox məlumatım var idi. Dörd min illik tarixə malik bir məkan. Doğurdan da əsrarəngiz bir yer idi. Əslində bunları yazmaqda sizə buraları təsəvvür etmək deyil. Heç motivasiyada qurmuram. Əslində sizə o gün yaşadığım hisləri bölüşmək istəyidim. Sadəcə mətləbdən uzaqlaşdım bir balaca...

Sonuncu dərəni qalxdıqdan sonra uzaqdan Xınalığın evləri görünməyə başladı. Kəndin darısqal yolu ilə gedən maşınımızın qabağına elə ilk döngədə üç – dörd az yaşlı uşaq yüyürdü. Bir müəllim kimi ilk olaraq bu uşaqların günün bu vaxtında niyə məktəbdə deyil küçədə olmasını fikirləşdim. Dərhal içim bir rahatlıq tapdı: bu gün bazar günü idi. Şoferin heç qımıldanmamağından hiss olunurdu ki bu vəziyyətlə hər gün qarşılaşır.

Uşaqların xorla, dil - boğaza qoymadan çığırmaqlarından məlum oldu ki, əllərindəki ot və çiçək dəstələrini bizlərə - kəndə təşrif buyurmuş qonaqlara satmaq istəyirlər. Az qala maşının açıq pəncərsindən içəri soxulan uşaqlar deyəsən heçnə satmamış əl çəkmək fikrində deyildilər. Şoferin maşını azacıq əyləməsi onları tam arxayın etmişdi. Yol yoldaşlarımdan biri “ gecə dəmləyib içərik, qızınmaq üçün əladı” dedi. Onun bu fikrindən sonra hamı hərəkətə gəldi. Hərə tanıdı tanımadı bir- iki dəstə aldıqdan sonra şofer maşını işə saldı. Uşaqlar isə bu ayaqüstü bazarlıqdan razı halda uzaqlaşdılar. Gözlər yenidən bizdən bir qədər arxadan gələn digər maşınlara sarı boylandı. Maşın növbəti döngəyə çatmamış tində duran qız uşağı diqqətimi çəkdi. On- oniki yaşı ancaq olardı. Yol yoldaşlarımın başları aldıqlarını çantalarına yerləşdirməyə qarışdığından məndən başqa heç kim yola baxmırdı. Bu qıza da məndən başqa fikir verən yox idi deyəsən. Nədənsə diqqətimi çəkdi. Maşın qızın lap yanından keçəndə qıza diqqətlə baxdım. Pəncərə önündə oturduğumdan lap aydın görə bilirdim onun üzündəki saflığı, məsumiyyəti. Maşınımızın onun yanında saxlamayacağını hiss etdiyindən üzünü bayaqkı uşaqlara tərəf çevirmişdi. Kaş o anda orda olaydınız və mənimlə bərabər görəydiniz o qızın gözlərində ölən ümüdü, üzündə donan sevinci. Çox çətin idi seyr etmək. Bəlkədə bu gün heçnə satmamışdı. Hiss olunurduki bayaqki uşaqlarla bir tində durmaq istəmir. Ya onlardan böyük olduğuna görə, ya da həyatın onu məcbur etdiyi bu ticarət ürəyincə deyildi. Nə bilmək olar bəlkədə bu əlçatmaz dağların öz yazılmamış qanunları vardı..

Maşınımız ondan asta-asta uzaqlaşırdı. Bizim maşına tərəf baxmamağından hiss olunurdu ki, o uşaqlardan nəsə aldığımızı görmüşdü. Ümüdünü uzaqdan toz qopara – qopara gələn digər maşınlara bağlamışdı.

Bilmirəm hardansa o anda yadıma kəndimizdəki Ulduz düşdü. Bizim kənddə Ulduz adında biri var. Ulduzun cavanlığı mənim uşaqlıq dövrümə təsadüf etdiyindən yaxşı yadımda idi. Yaşıdlarından istər boy-buxunda, istər fiziki göstəricilərinə görə seçilərdi. Dəmir kimi qolları, barmaqları vardı. Heç kimin boyun olmadığı ağır, təhlükəli işləri Ulduz öhdəsindən asanlıqla gələrdi. Bir balaca da ağıldan kəmliyi vardı. Amma içki evini yıxdı onun. Nə bir peşə öyrəndi, nə də ailə qurub oğul uşaq sahibi oldu. Gəncliyini bada verdi.Elə indidə yaşı əllidən çox olmasına baxmayaraq hələdə subaydı. Onu da deyimki, subay qalıb heç sultanlıqda görmədi vallah. İşi gücü ona buna fəhləlik edib qazandığı beş - on manatı araqdan keçirməkdir. Bəzən iş güc olmayanda da ərki çatan, gözü tutan adamlardan araq pulu istəməkdir. Onu da deyim ki, kimin pul verən olub olmadığını əzbər bilir. Hərdən mənədə yaxınlaşır. Bilir ki əlini boş qaytarmayacağam. Adətən müraciəti belə olur: “ Müəllim salam. Mənə bir manat verə bilərsən? Yoxdursa xırda da olar.” Aldıqdan sonra “sən yaxşı insansan. Mənim müəllimlərə böyük hörmətim var” deyib uzaqlaşır. Hərdən pulum olmadığını deyəndə hiss edirdim

ki, mənə inanır və pulum olmadığına ən azı mənim qədər təsüflənir. Belə hallarda ani olaraq duruxar sonra dodaqaltında danışardı : müəllim yalan danışmaz ki. Bilirəmki yoxundu. Olanda həmişə vermisən. Sizi inandırım ki o an Ulduzun üzündəki təəssüf qarışıq səmimiyəti heç yerdə görə bilməzsiniz. Hiss edərdim ki, o gecəki araq üçün bəlkədə sonuncu cəhdi boşa çıxdığından dişi bağırsağını kəsir. Əslində Ulduzun həyat tərzini bilən, bir butulka arağın onun üçün nə demək olduğunu bilən biri kimi o an onun gözlərində sonuncu ümüdü öldürməkdən ağırheç nə yox idi mənim üçün.

Hardansa bu səhnə düşdü yadıma. Maşının yan aynasından qızı seyr edə - edə özümdən asılı olmayaraq “saxla” deyərək şoferin qolundan yapışdım. Şoferin əyləci qəfil basması ilə içəridə ani xaos yarandı. Əslində məndən başqa heç kim nə baş verdiyini anlayacaq durumda deyildi. Cəmi bir - iki saatdır tanış olduğum yol yoldaşlarımın üzündə heyrət qarışıq narazılıq hiss etdim o an. Amma indi nə buna fikir verməyə vaxt vardı, nə də vəziyyəti izah etməyə həvəs. Maşının qapısını açaraq yerə tullandım. Az qala qaça-qaça qıza tərəf yüyürdüm. İkinci maşının da bayaqki uşaqların yanında dayandığını görən qız deyəsən ümüdünü tamam itirmişdi. Divarın dibindəki daş mərəyinin üstündə yerini rahatlamışdı ki, ona çatdım. Tanımadığı adamın başının üstündə dayandığını görüb bir anlıq özünü itirdi. Gözləri üzümə dikilib qaldı. Aramızda kiçik dialoq oldu:
- Birini neçəyə verirsən?
- Əlli qəpiyə dayı.
- Neçə dəstə qalıb?
- Səkkiz dəstə.
- Yığ salafana
- Hamısını?
- Hə. Tez elə.
Əlimdəki beşliyi qızın ovcuna qoydum. Ağzı açıq salafanı götürərək geri çevrildim. Qızın arxadan “dayı xırda yoxumdur axı?” deməsinə əlimi yelləməklə cavab verdim. Bir - iki addım uzaqlaşmışdımki qəfildən arxaya çevrilərək qıza baxdım. Aman Allah o qızın üzündəki sevinci görmək nəyə desən dəyərdi . O baxışlar əlindəkilərin hamısını bir dəfəyə satdığına görəmi idimi, yoxsa artıq verilən bir manata görə idimi bilmədim. Amma o an özümdən razı qalmışdım.

Maşına çatıb yerimi rahatladım.Hiss edirdim ki, yol yoldaşlarım məni maraqla süzürdülər. Mən isə yan aynadan qıza baxırdım. Hələdə bizim maşına baxırdı. Xınalığın sərt küləyi saçlarını üzünə dağıtmışdı.

Qəfildən yadıma Ulduz düşdü. Görəsən yetimin bu axşama arağı vardımı? O gecə dağda düşərgədə qurduğumuz çadırda yerimə hamıdan tez girsəm də uzun müddət yata bilmədim. Qızın gzlərindəki ifadə gözümün önündən getmirdi. Deyəsən sonra yol yorğunluğu öz işini gördü...


Baxış sayı - 1 443 | Yüklənmə tarixi: 05.10.2016 09:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031