Məğlub olmuşdum... _MANERA
MANERA.AZ Vəfa Mürsəlqızının "Səs" hekayəsini təqdim edir:
Sumqayıtın daş bazarının yaxınlığındakı dayanacaqdan “20 Yanvar” dairəsinə qədər çox rahat gəlirdim. Burdan taksi maşınlarına oturub yolu demək olar ki, bir göz qırpımında yarılayırdım. Amma əsas məsələ məni instituta aparan marşrut avtobusuna oturanda başlayırdı. Tıxaclar, səhər çağı əsəbi və gərgin insanlar adamı yorurdu...
Mənim elmə həvəsin yoxdur, əslində lakin orta məktəbi pis oxumurdum deyə ali məktəbə qəbul ola bilmişdim. İndi də belə də, candərdi gedirdim hər gün. Amma son zamanlar çox həvəslə getməyə başlamışdım dərsə. Hətta səhərlər xüsusi bir şövqlə hazırlaşıb evdən cıxırdım. Səbəbi o idi. İndi hamı başa düşdü də ki. söhbət ya cavan bir qızdan, yada bir oğlandan gedir. Mən bu əhvalatı onun gözlərindən başlamalıydım əslində. Onun isti gözlərindən. Əlbəttə, bu “isti göz” deyilən əcaib ifadə hamıya qəribə gələcək. Çünki göz qara, ala, qıyıq, iri uzaq başı çəp ola bilər. İsti ola bilməz axı. Amma o qızın gözləri isti idi, məhz isti.
Qışın zilləsində o gözlərə baxanda adamın ürəyinə elə bil nəsə axırdı və bu süzülüb axan nə idisə məhz ilıq, isti idi. Ona ilk dəfə n saylı marşrutda rast gəlmişdim. Bu marşrut adətən cox dolu olardı. İllah da səhər çağları ilə axşamın pik vaxtlarında. Bu vaxta qədər cox qız görmüşdüm həyatımda, coxunu da “sevmişdim”. Əgər buna sevgi demək olardısa. Tez-tez vurulardım. Bu vurğunluqlarım da adətən bir həftədən iki üç aya qədər sürərdi. Amma bu vaxta qədər məni belkə tilsimləyən birinə rast gəlməmişdim O qızın gözləri sanki danışırdı, söhbət edirdi. Əslində elə də böyük, cazibəli, adamı valeh edən deyildi bu gözlər. Sadəcə çox doğma və mehriban baxışları vardı. Azca qıyıq, açıq şabalıdı rəngli, məsum baxışlı bu gözlər nədənsə mənə cox xoş gəlmişdi. İlk tanışlığımız da avtopbusda olmuşdu. Mən ondan əvvəl avtobusa qalxdım, adətim üzrə arxa yerlərdənb birində əyləşərdim. Nə yalan deyim dərsdən yorğun-arğın çıxdığım zamanlarda qalxıb kiməsə yer verməyə heç həvəsin olmazdı. İllah da tər iyi, yemək qoxusu , tünd ətir iyi verən adamların arasında dayanıb, qadınların sanki onları yeyəcəkmişsən kimi səndən özlərini qorumalarına dözmək çətin olur. Amma o gün arxa yerlər tutulmuşdu deyə mən ilk rastıma çıxan oturacağa əyləşdim və bu zaman onu gördüm. Müəllim önündə ayağa duran şagird kimi tez ayağa qalxdım, yerimi ona təklif etdim. Qız sakitcə keçib oturdu, bircə dəfə gözlərimin içinə baxdı və susdu.
Sonrakı günlərdə tez-tez qarşılaşırdıq. Bəzən o məndən əvvəl gəlirdi dayanacağa, bəzən mən ondan əvvəl. Amma nə olursa olsun bütün günü onu və onun doğma simasını düşünməkdən vaz keçə bilmirdim. Məncə o da anlamışdı ona olan marağımı və deyəsən onun da mənə qarşı nəsə bir marağı, rəğbəti var idi. Bunu onun baxışlarından duyurdum. Mehriban, isti və kədərli nəzərlərindən. Adətən o şüşə tərəfdə oturmağa çalışardı və yol boyu şüşədən şəhərin mənzərəsinə tamaşa etdikcə gözlərində təsvirəgəlməz , dərin bir kədər dolaşardı. Mən, qızları görəndə bül-bül kimi ötən, məktəbin ən gözəl qızlarının nəzər diqqətində olan oğlan, indi iki ay idi bu qıza bir kəlmə də deyə bilmirdim. Hər gün Məndən bir dayanacaq qabaqda düşüdü qız. Mən isə yalnız onu şüşədən izləyirdim və küləyin arxasında oynatdığı, arabir dəyirmi göyçək çöhrəsinə dağıtdığı saçlarına baxırdım. Ürəyim düşüb onun ardınca getsə də ayaqlarım getmirdi. Bir dəfə avtobusdan düşdüm və qızın ardınca getdim. Məncə o niyyətimi anlamışdı və yeyin addımlarla getməyə çalışaraq aramızdakı məsafəni artırmağa cəhd edirdi. Məndən qaçırdı sanki.
Arxadan ona çatdım və səsim titrəyə-titrəyə salam verdim. Qız başını belə qaldırmadı, cınqırını belə çıxarmadı sadəcə addımlarını bir az da sərt atdı. Az sonra ona başqa qızlar da qoşuldu və mən çar-naçar geri qayıtdım. Sadəcə qızın sevdası beynimə daha da çox yerləşdi. İndi mən nəyin bahasına olursa olsun bu qəribə, naməlum qızla evlənmək istəyirdim. Təsəvvür edirsiniz, evlənmək, mən üçüncü kurs tələbəsi tanımadığım bir qızla evlənmək istəyirdim. Bu sevda məni elə dəli eləmişdi ki, gecələr yuxum da ərşə çəkilmişdi. Hətta tətil günlərində, istirahət günlərində belə evdə duruş tuta bilmirdim.Elə bil göbəyimi o dayanacaqda bastırmışdılar. Amma bütün bu əhvalatda nəsə çatmırdı elə bil. O çatmayan nə idisə tapa bilmirdim. Qızı imkan daxilində hər gün görürdüm, dindirə bilməsəm də vurğun baxışlarımla ötürdüm. Dəliyə dönmüşdüm, ilahi insan necə dərin bir sevdaya düşə bilərmiş. Qızın gözlərini, baxışlarını, hərəkətlərini kiçik fraqmentlərlə xatırlayırdım. Hər bir detal mənə elə əziz idi ki, elə doğma idi ki, sanki bu qızı illərdən bəri tanıyırdım. Amma yenə nəsə, nəsə çatmırdı bu əhvalatda. Sanki yaddaşımdan silinmiş nəyisə bərpa etməyə çalışırdım, amma bacarmırdım.
Bir gecə qərar verdim, sabah mütləq qızın oxuduğu yeri öyrənəcəkdim. Heç olmazsa ikicə kəlmə kəsəcəkdim onunla. Səhər qalxdım, geyinib kecindim, evdən çıxdım. Elə bir halda idim ki, sanki dağı dağ üstə qoymağa ya da əksinə Fərhad kimi Bisütunu yarmağa gedirdim. Xoşbəxtlikdən dayanacağa çatan kimi onu gördüm. Bu dəfə sona qədər getdim, onun dayanacağına qədər. Düşdü, mən də ardınca düşdüm. Hündür bir binaya çatdıq. Şəhərin bu səmtində olmamışdım heç zaman.
Bura təbii ki, məktəb binası idi. Sadəcə bir az ucqarda yerləşdiyindən heç zaman rast gəlməmişdim. Qız mənim onu izlədiyimi başa düşmüşdü yenə və az qala qaçaraq addımlarla binaya girdi. Ağacların altında bir az ləngidim və yaxınlaşmaqda olan bir qadında buranın hara olduğunu soruşdum. Qadın sakit bir tərzdə bura qüsurlu insanlar üçün lal-karlar məktəbidir oğlum- dedi. Elə bil başıma bir vedrə qaynar su əndərdilər.Yalnız indi o çatmayan detalı tapa bildim. Sən demə, mənim macəramda çatmayan səs imiş.
Dayana bilməyib ağacın altında oturdum və başımı əllərim arasına aldım. Onun isti gözləri və susqun dodaqlarını düşündüm. Bir ömür boyu bu sükutu daşıya biləcəkdimmi?! O an anladım ki, məndən cəngavər olmayacaq bu qız üçün. Qalxıb asta-asta ordan uzaqlaşdım.
Məğlub olmuşdum, sükuta yenilmişdim...