manera.az
manera.az

"Yandırın, üşüyürük!" - Taleh Eminoğlu - MANERA

"Yandırın, üşüyürük!" - Taleh Eminoğlu - MANERA
Taleh Eminoğlu

"Yandırın, üşüyürük..."


Çox uzaq zaman deyil, cəmi on bir gün öncə İkinci Dünya Müharibəsində qazanılan qələbənin yetmiş illiyini qeyd etdik. Veteranlarımızın şərəfinə sağlıqlar dedik, ölənlərimizə rəhmət əta elədik, sağ qalanlara can sağlığı arzuladıq. Telekanallarımız da səhərdən axşama kimi nasistləri necə məğlub etməyimizdən dəm vurdu. Bir-birinin ardınca Hitleri lənətlədilər. Yəhudiləri soyqırıma məruz qoyduğuna görə. Qaz sobalarında diri-diri yandırdığına görə.

19 mayda isə o "Hitler" öz içimizdə peyda oldu. Canı canımızdan, qanı qanımızdan. Diri-diri yandırdıqları da canı canımızdan, qanı qanımızdan olanlardı. Amma bu dəfə hamı susur. Başda telekanallar olmaqla. Bizi bu durumlara susmağımız gətirmədimi?

Bu yazını yaza-yaza evdə, qonşu otaqdan bir verilişin səsi gəlir. Aparıcı lirik mahnı sədaları altında, gözünün suyunu axıda-axıda deyir ki, indi o yanan binada yaşayan bir ailə gəlib başlarına gələni danışacaq və yanğından bir Quran salamat çıxıb. Bəsdirin. Vallah yetər. Mənliyiniz olsun. Dünən büyük bir şok yaşamış, psixoloji travma almış bir ailənin hesabına reytinq əldə etməkdən utanın. Bəsdirin. Allahı insanların gözündən salmayın. Sanki bu telekanallar, aparıcılar, o verilişlərin qonağı olan plov və gülab iyi verən dindarlar sözü bir yerə qoyub Allahı gözdən salmaqla məşğuldular. Sizin işiniz, gücünüz yoxdurmu? Hanı sizin matəminiz? Susursuz. Susacaqsızda. Çünki cinayət başında tutulan cani ancaq susa bilər.

İnsanlar ömrü boyu çalışır, borc xərc bir ev alır və oda hansısa korrupsiyanın qurbanı olub yanır. Sevir, evlənir, körpəsi dünyaya gəlir və hansısa uşaq qatili onu yandırır. Günahı isə top kimi hamı bir-birinin üstünə atır. Mer deyir binaların üzlənməsi işinə biz cavandeh deyilik. Bəs onda niyə o üzlüklər binalara vurulanda elan lövhələrində yazılmışdı ki, "təmir-tikinti işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Müvəqqəti narahatlığa görə üzr istəyirik". Daha üzr istəməyin. Biz onsuzda sizi bağışlamışıq. İndiyə qədər etdiyinizidə, bundan sonra edəcəklərinizidə bağışlamışıq. Başqa çarəmiz yoxdu.

Albert Kamyu deyib ki, "bir ölkədə insanların necə yaşadığını bilmək istəyirsənsə, onların necə öldüyünə bax".Qarabağ əlillərimiz yanır, insanlarımız binada yanır, bazarda qiymətlər yanır. Nə görürsünüzsə yanır. Biz yanıb ölürük. Çünki biz yaşayanda üşüyərək yaşayırıq.

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930