manera.az
manera.az

Evlilik də doğulmaqdan betərmiş... |MANERA.AZ


Evlilik də doğulmaqdan betərmiş... |MANERA.AZ
Manera.az Tural Turanın şeirlərini təqdim edir:

Yenə kədər hamilədi armudu

Üç mıxçalı məktub gəldi oymağa,
Bir gecəlik qoxlamağa, doymağa.
Körpələrin ağ saçını saymağa,
Yenə dəli həvəs “Kərəm” oynayır.

Dəli kədər hamilədi armudu;
Şişiribdi həm qabağı, həm budu.
Aman tanrı, təzə genli dərd budu? –
Yuxu qatan hər kəs “Kərəm” oynayır.

Tural Turan, gəl obana dön geri,
Küllənməmiş atanın ocaq yeri.
Ayaq tutmur, baş tərpənmir, əl diri,
Mağar yox ey, küməs “Kərəm” oynayır.

Gedib

Aşılmaz yollara baxsam bir dəfə,
Sorağı gələr ki, aşılıb gedib.
Göycəsi bir yana, çirkinə çəpə,
Baxmışam, sabahı qoşulub gedib.

Olum-ölüm aralığı hədərmiş,
Alın yazım baş daş sözü qədərmiş.
Evlilik də doğulmaqdan betərmiş,
Hərə bir baxışa ilişib gedib.

Tural Turan, bürüyübdü varlığı,
Dəli səssizliyin kirmiş karlığı.
Kim yazıb gənclərə ixtiyarlığı,
Özü od-ocaqsız alışıb gedib.

Bircəcik

Tez-tez geri dönüb manşır qoyursan,
Hər cığıra, hər yoxuşa, bircəcik.
Bu yol hələ çox tər udar, duyursan,
Astalama, yorulmuşam, bircəcik.

Nişan qoyma, dönüş yoxdu bu yoldan,
Anılarmı, səni geri suyuldan?..
Gir xan arxa, bəlkə səni ayıldar,
...Mən də girdim... durulmuşam, bircəcik.

Deyirsən, heybəndə nə var, əzizim –
Bir çörəkdi, bir pendirdi, bir üzüm...
Bıy, unutdum bir də bir ata sözü,
Deyəcəyəm, çıxaq qaşa, bircəcik.

Ürək ki, dediyim əl içim ətcə,
Gah Altaya baxar, gah da ki, Həccə.
Gözün alan kəndə gəzmə bələdçi,
Nə gərək var, qaravaşa, bircəcik?!..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930