"Qırmızı xətt - yeddinci qat" - HEKAYƏ
Humay Yılmaz
Səbirə binanın giriş qapısından keçib liftə tərəf addımladı. Liftin önündə gənc bir oğlan dayanmışdı. Duruşundan məlum olurdu ki, tələsir. Oğlan liftin düyməsini bir neçə dəfə basdı. Az keçmiş qapı açıldı. Oğlan əli ilə işarə edib:
- Buyurun, - dedi. Səbirə kabinəyə girdi. Gənc yerindən tərpənmədi.
Səbirə:
- Siz də gəlin, - dedi.
Oğlan tələsik cavab verdi:
- Narahat olmayın, siz gedin. Əslində Səbirə kişilərlə lift yolçuluğundan xoşlanmırdı, amma indi durum başqa idi. Çox tələsdiyi hər halından bəlli olan bir kişi centlemenlik edib onu qabağa buraxmışdı.
- Xahiş edirəm, gəlin. Səbirənin xahişi az qala əmr kimi səsləndi. Bu dəfə oğlan dinməz-söyləməz tabe oldu.
- Neçəyə qalxırsınız?
- Yeddiyə.
- Yeddinci qat, - oğlan bu söz birləşməsini elə tələffüz etdi ki, sanki çoxdan yazdığı, lakin adını vermədiyi əsərinin nöqtəsini indi qoydu.
Liftin qapısı açıldı. Səbirə «sağ olun» deyib çıxdı. Üzünə açılan geniş dəhlizdən keçib mənzilinin qapısına gəldi, açarı çıxarıb qapını açdı. Otaqların iri pəncərələrindən vuran işıqdan bir an gözləri qamaşdı. Duruxdu. Bu işıq saçan mənzil onunki idimi? Əti ürpəndi. Ayaq üstə donub qaldı. Ürəyindən nə dışarıya çıxmaq, nə də içəriyə girmək keçdi. Qapı ağzındakı dolabın üstünə çökdü.
Ərindən boşanmışdı, hər şeyə qatlaşıb qorumaq istədiyi yuvası yıxılmışdı. Ərini tanıyanlar onun yaxşı insan olduğunu söyləyirdilər. Ailə qurarkən də hər kəs Səbirəyə onun yaxşılığından bəhs edirdi. Səbirə bilirdi ki, yaxşılıq haqqında hər kəsin öz anlayışı var, birinin yaxşı zənn etdiyi başqa biri üçün yaxşı ölçüsünə gəlməz. Hər halda deyilənlər təsirsiz ötüşmədi. Ailə qurmağı çox istəyirdi, hələ bir az gec qalmışdı, iyirmi doqquzun astanasındaydı. Ona elçi düşənlərdən birinin «idealını gözləyirsənsə, gözləmə, gəlməyəcək» hökmü də tez-tez qulaqlarında səslənirdi. Yəqin ki, hər şeyi qismət yerbəyer edir. Böyüklərin tövsiyəsiylə tanış oldular. Oğlan qızı görən kimi bəyəndi. Səbirə hələ götür-qoy edirdi. Adını babası vermişdi, yəqin ki, nəvəsinin səbrli olacağını hiss edirmiş. Babası yanılmamışdı. Dağlardan ağır səbri vardı Səbirənin. Bir neçə aydan sonra «hə» dedi. Oğlan evi «xeyir işi uzatmazlar» deyib, tezliklə gəlinini apardı. Əri ona verilən «yaxşı» qiymətini doğrultdu. «Yaxşı» nə deməkdir cəmiyyətə görə: içmir, çəkmir, qumarbaz deyil, arvad yanına getmir. Daha nə lazımdır, soruşarlar adamdan.
İlk ixtişaşları əri ilk dəfə içəndə baş verdi. Toylarından bir neçə ay sonra Səbirənin əmisinin yubiley məclisində ərinin ağzına içki dəydi, ilk qədəhdən sonra halı dəyişdi, ikinci qədəh dilini açdı, üçüncü qədəh əl-qolunu… və həyatlarının yeni səhifəsi açıldı. Bu səhifədə hər gün olmasa da, tez-tez içki və onun fəsadları təzahür edirdi. Sonunda Səbirə nəinki bu səhifələri, ümumiyyətlə, bu kitabı qapatmağı qət etdi. Beşillik birgə həyat, daha dəqiq, cəhənnəm əzabı sona vardı. Səbirə qırmızı xətti keçmədən, davasız-filansız, heç kimi ittiham etmədən, səssiz-səmirsiz çəkilib getdi.
Bu mənzilə isə yeni köçmüşdü. Hər şeyə yenidən başlamaq istəyirdi. Yeni həyata yeni yerdən - onun tanıdıqlarının və onu tanıyanların olmadığı bir yerdən başlamaq istəyirdi. Heç nə keçmişi xatırlatmamalıydı, heç kim «necə mehriban idiniz, millət sizə həsəd aparırdı, nə oldu sizə?» deyə, soruşmamalıydı. Yaşadıqlarının ağrı-acısını evinin içində, ürəyinin dərinliyində çəkmişdi. Qiybətdən iyrəndiyi kimi, qiybət qaynağı olmağı da ölərdi, qəbul etməzdi. Boşanmaları hamını təəccübləndirsə də, çoxları bunu övladlarının olmamasıyla əlaqələndirirdi.
Yerindən qalxıb yataq otağına keçdi, əynini dəyişdi. Hər zamankı kimi mənzilə daxil olarkən hərbçi intizamı ilə prosedürləri yerinə yetirdi: yuyunmaq, pəncərələri açıb, evin havasını dəyişmək, yemək yeyib qabları yumaq, ertəsi gün beləcə davam etmək üçün bu günün işlərini sabaha qoymamaq. Bitdi. İndi vəfalı dostu, sirdaşı televizorla görüşmək sırası gəldi.
Mənzilində bütün əşyalar təzə idi, televizordan başqa. Əşyalara da sədaqətli idi, əşya olsa da, ona hamıdan vəfalı olmuş televizorunu özü ilə gətirmişdi. Kresloda oturub pultun düyməsini basdı. Ekran işıqlandı, Tac-Mahal məqbərəsindən sujet gedirdi. Sucet bitmək üzrəydi, Şah Jahanın və sevgili arvadı Mümtaz Mahalın qoşa məzarını göstərən son kadrları aparıcının sözləri şərh edirdi: «Bu, ölməz eşqin abidəsidir».
Səbirə düşüncələrə daldı.
«Ölməz eşqin abidəsi. Az qala dörd əsr bundan əvvəl ölmüş sevgililərin məhəbbəti bu gün də xatırlanır, nə xatırlanırsa, o yaşayır». Məhəbbət rəmzinə çevrilmiş cütlükləri xatırlamağa çalışdı. Hər əsrin payına eşq dastanı düşmür. Möcüzə -eşqlər bir neçə əsrdən bir baş verir. Bundan sonra dillərə dastan olan məhəbbət cütlüyü çətin yaransın. Olsa-olsa qarşılıqsız eşqin qurbanı ola bilər. O da, bəlkə, min ildən sonra, bəlkə də heç bir zaman. Amma Allahın işini bilmək olmaz. Bəlkə elə yaxın zamanlarda Leyli-Məcnunun genini daşıyanlar varlıqlarını göstərəcəklər. Haradan? Onlar özlərindən sonra nəsil qoymayıblar axı. Səbirə düşüncələrdən ayrılanda aparıcı artıq Leonardo da Vinçinin mühəndislik bacarığından danışırdı, üstəlik də deyirdi ki, əslində böyük rəssamın yadigar layihələri başqa bir alimin elmi işlərindən köçürmələrdir. «Bax düz deyiblər ki, cidanı çuvalda gizləmək olmaz. İntibah dövründən nə qədər keçib, indi məlum olur ki, dahi rəssamın belə-belə işləri də varmış».
Səbirə artıq mürgüləyirdi. Sabah erkən qalxıb işə gedəcəkdi. Vəfalı dostuna «gecən xeyrə qalsın» deyib, yatağına girdi.
Yeni mənzilə köçməsindən bir il keçirdi. Tarixi günləri qeyd etmirdi, ad gününü belə. Bayramları da, necə deyərlər, «palaza bürünüb, ellə sürünmüşdü». Artıq yeni mənzilinə alışmışdı, insanlara isinişə bilmirdi, amma cansız şeylərə tez alışırdı. Əlacı olsaydı heç evdən çıxmazdı. Nə etsin, işə getməlidi, alış-verişsiz yaşamaq mümkün deyil, etika xatirinə olsa da, dəvət olunduğu yerlərə getməlidi.
İş günü bitmişdi, mühafizəçiylə sağollaşıb idarədən çıxdı. Yaxındakı dayanacağa yollandı. Dalğın olduğundan əvvəlcə qarşıda dayanmış qonşu oğlanı sezmədi. Oğlan ona yaxınlaşıb salam verəndə yuxudan oyanmış kimi oldu. Salamı aldı. İlk dəfə birgə liftə minərkən gördüyü oğlan qonşularıymış. Hərdən evlərinin həndəvərində rastlaşır, salamlaşıb ötüşüb gedirdilər.
Oğlan sakit görünsə də, nəsə sözlü adama oxşayırdı.
- Səbirə xanım, sizə sözüm var.
Səbirə təəccüblə oğlana baxdı:
- Buyurun.
- Ayaqüstü söhbət deyil.
Xahiş edirəm məni dinləyin. Bir yerdə oturub danışmağımız lazımdır. Xahiş edirəm.
- Nə deyirəm. Qarşıdakı bağda söhbət edə bilərik.
- Çox sağ olun. Yolun o biri üzündəki bağda adam çox deyildi. Bu vaxtlar bağa gələn az olurdu. Сamaat işdən çıxıb evinə tələsirdi. Skamyada oturdular.
- Səbirə xanım, siz yəqin ki, mənim adımı da bilmirsiniz.
- Bilmirəm.
- Adım Mərdandır.
- Məmnun oldum, yaxşı addır. Nə əcəb müasir adlardan verməyiblər sizə.
- Yaxşı ki, verməyiblər, xoşuma gəlmir yeni adlar, məsələn, kişiyə Vüsal adı yaraşırmı heç, ya da Elgün, və s.
- Haqlısınız.
- Səbirə xanəm, adım da köhnədir, özüm də mühafizəkaram. Nala-mıxa vurmağı da xoşlamıram. Birbaşa mətləbə keçirəm. Sizi çox bəyənirəm. Sizin qarşınızı kəsən bir səbəb yoxsa, məni tanımanızı istəyirəm. Bayaqdan bəri ağlına heç nə gətirməyən Səbirə yerindən sıçradı:
- Siz nə danışırsınız? Siz heç məni tanımırsınız, kiməm, nəçiyəm, bilmirsiniz, bu nə sözdür danışırsınız?
-Üzr istəyirəm, Səbirə xanım, xahiş edirəm məni dinləyin. Əyləşin, nə olar?
Səbəbi Səbirənin özünə də aydın olmadı, qeyri -ixtiyari yerinə oturdu. Mərdan kiçik fasilə verib davam etdi:
- Siz məni tanımırsınız, amma məni tanımanızı istəyirəm. Belə hesab edirəm ki, mən sizi tanıyıram.
- Məni necə tanıya bilərsiniz, bir -iki dəfə salamlaşmaqla məni tanıdığınızı düşünürsünüz? Məsələn, bilirsinizmi ki, mən boşanmışam?
- Bilmirdim. Amma boşanmaq hüquqi aktdır, hamının başına gələ bilər. Sizin insani keyfiyyətlərinizə bunun dəxli yoxdur.
- Bəlkə, elə günah məndə olub? Bəlkə yaxşı bir insana layiqli həyat yoldaşı olmamışam?
- Azdan-çoxdan insanları tanıyıram, siz boş yerə yuvasını dağıdanlardan deyilsiniz. Mən sizdən yalnız məni tanımanızı xahiş edirəm. Sizə zəng etməyimə, hərdən görüşüb söhbət etməyimizə icazə vermənizi xahiş edirəm.
Artıq daha bir fəsil yerini başqa fəslə vemişdi. Payız rüzgarı pəncərələri döyür, soyuq yağış insanların əl-ayağını bayır-bacaqdan yığışdırırdı. Səbirənin qəlbinə bahar ayaq açmışdı, Mərdana isinişmişdi…
Payız axşamı tez düşmüşdü, Səbirə hərbi mükəlləfiyyətlərini yerinə yetirib televizoru açdı. Kanalları sürətlə çevirib, musiqi kanalında dayandı. Həzin musiqi otağa doldu. Səbirə də zümzümə etməyə başladı. Bu vaxt qapı döyüldü. «Xeyir ola, kim gələr bu vaxt», deyə ürəyindən keçdi. Kandarda orta yaşlı bir qadın dayanmışdı.
- Mərdanın anasıyam.
Qadının zəhmindən Səbirənin içində nəsə qırıldı.
- Buyurun.
Səbirə qadına divanda yer göstərdi. Özü də kresloda oturdu.
- Vaxtını çox almayacağam. Mərdan mənim gözümün ağı-qarası bir övladımdır. Arzu- kamım var. Ağ duvaqlı gəlin gətirmək istəyirəm. Kiçik şəhərdə yaşayırıq, elə bilərsən səni tanıyan yoxdur? Gül kimi yoldaşın olub, o səni boşamaq istəməyib, deyib uşaq da istəmirəm. Niyə boşanırdın? Mənim oğlumun evini yıxmaq üçün, onu bədbəxt etmək üçün? Özü də oğlumdan düz yeddi yaş böyüksən. Qadın danışır, danışdıqca əsir-coşurdu. Səbirə səbrlə qulaq asır, qəribədir ki, nə sinirlənir, nə kövrəlir, nə də qadına acığı tuturdu. Səbirə qadını qucaqlamaq, bağrına basmaq, dən düşmüş saçlarından öpmək istəyirdi. Keçirdiyi hisslərə özü də çaşmışdı. Ona haqsızlıq edən, həyatına boylanan baharın qarşısına çəpər olmaq istəyən, zümzümə etməyə başlamış dodaqlarına kilid vurmaq istəyən bu qadına niyə sarılmaq istəyir? Üzünə qonan təbəssümü durdura bilmirdi. Deyəsən, qadın da anladı ki, klassik monoloqunun təsiri yoxdur, qarşısındakı gənc, gözəl qadın mələk təbəssümü ilə sanki onu sehrləyir. Səsini kəsdi, gözünü zilləyib işin sonunu gözlədi. Səbirə ayağa qalxdı, qadının qarşısında dayanıb düz gözlərinin içinə baxdı:
- Nə bilirsiniz, bəlkə, oğlunuzu xoşbəxt edəcək yeganə qadın mənəm. Sadəcə, bu dünyaya ondan yeddi il əvvəl gəlmişəm. Bəlkə, ona görə yeddi il əvvəl dünyaya gəlmişəm ki, dünyanın bərkinə -boşuna düşüb, xoşbəxtliyin nə demək olduğunu anlayım, xoşbəxt etməyin yollarını öyrənim. Bundan sonra xoşbəxt olmaq üçün var gücünlə mücadilə edəcəyəm. Qırmızı xətti aşacağam. Mərdanla biz bir-birimizi sevirik, onu məndən heç kim və heç nə ayıra bilməz. Ana, sizə söz verirəm, Mərdan çox xoşbəxt olacaq. Qadın ayağa qalxıb səssiz -səmirsiz çıxıb getdi.
***
… İllər qaçaraq keçir. Yeddinci qatdan başlayan məhəbbət nağılının yeddi yaşı tamam olurdu. Səbirə hər il olduğu kimi, bu ildə xoşbəxtliyinin ildönümünü qeyd edirdi. Bəzəkli süfrəyə bir də göz yetirib ucadan çağırdı:
- Ana, Mərdan, Məhəbbət, Bəxtiyar televizoru rahat buraxın, süfrə hazırdır.
Manera.az