manera.az
manera.az

Qarabağ əlili ayaqlarını axtarır... | MANERA.AZ

📅 04.04.2016 12:30

Qarabağ əlili ayaqlarını axtarır... | MANERA.AZ

MANERA.AZ Elçin Aslangilin şeirini təqdim edir:


MƏN ONDA ERMƏNİ OLMUŞDUM

Qarabağ əlili ayaqlarını axtarır,
Bəlkə, rusiyalı həmsədrin çantasındadır?
Əslində heç nə istəmirdik tez böyüməkdən başqa.
Dərsə getmək də,
Siqaret çəkmək də,
Yavaş-yavaş böyümək olurdu.
Yadımdadır,
O çantadan ağ göyərçinlər uçmuşdu 1994–də,
Anam üç kilo qənd alıb paylamışdı məsciddə.
Atam haqlı idi,
Tezliklə "ağ göyərçinlər S.300-ün radarına düşdü,
Məhv edildi.."
Bütün çətinliklərə baxmayaraq,
Köynəyim ütülü olardı çörək talonları kimi.
Mən heç sevməzdim vurma cədvəlini,
Onu bizə öyrədən müəllimi.
“Dərsini bilməyən ermənidir” –
Deyəndə, dəli olmuşdum,
Mən onda erməni olmuşdum.
Tənəffüs vaxtı uşaqlar şəklimi də çəkmişdilər lövhəyə,
Bığlı, saqqallı,
Mənə oxşamayan mən..
Ağlayıb qaçmışdım məktəbdən.
Anamın danışdığı nağılların ayağına böyük idi,
Atamın döyüş çəkmələri.
O çəkmələr
Sehirli kitabdan da çox bilirdi.
Məsələn,
Bilirdi ki, atam evə nə vaxt gələcək.
Nənəm də elə-hey deyərdi -
“Qarbaçov ölsün, bu il də, məhsul bayramı olmadı”
Biz indi də eşidirik,
"Sutka ərzində atəşkəs rejimi 50 dəfə pozulub"
İtki çoxdur,
Mən müharibə meydanına dönən yuxularımda qızımı,
Atamsa əsəbdən ağlını itirir.
Əslində heç nə istəmirdik tez böyüməkdən başqa.
Böyüdükcə anladıq ki,
Tez böyümək,
Tez ölməkdi...

MANERA.AZ



Baxış sayı - 1 399 | Yüklənmə tarixi: 04.04.2016 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031