Gülzar İbrahimovanın əsəri Türkiyədə nəşr olunub
![]()
Azərbaycan uşaq yazarı Gülzar İbrahimovanın “Mən böyüdüm, sən də böyü” adlı əsəri Türkiyədə nəşr olunub.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə “Aydemir Matbaacılık”ın birgə layihəsi çərçivəsində ərsəyə gələn kitab Azərbaycan və türk dillərində çap edilib.
Əsərdə 2023-cü il fevralın 6-da Kahramanmaraşda baş vermiş dağıdıcı zəlzələnin fonunda iki uşağın – azərbaycanlı Ayşənlə türkiyəli Salehin dostluğundan bəhs olunur. Onların ağır sınaqlar qarşısında göstərdikləri fədakarlıq və həmrəylik Azərbaycan–Türkiyə qardaşlığının bədii ifadəsinə çevrilir.
Əsərdə, həmçinin peşə məsuliyyətinin insan həyatının qorunmasındakı rolu, dostluq, insan sevgisi və mənəvi dəyərlərin əhəmiyyəti ön plana çəkilir.
Kitaba ön sözü Pamukkale Universitetinin müəllimi, uşaq ədəbiyyatı tədqiqatçısı Dr. Yaşar Sözen yazıb. Əsəri türk dilinə Dr. Mərziyə Məmmədli tərcümə edib.
Kitabın Kahramanmaraşda və Türkiyənin digər şəhərlərində təqdimatlarının keçirilməsi, uşaq kitabxanalarına hədiyyə olunması nəzərdə tutulur.