manera.az
manera.az

Bu dünya görüş yeridi - "Aqil İman - 60"

📅 01.12.2018 20:33

Bu dünya görüş yeridi - "Aqil İman - 60"

MANERA.AZ Aqil İmanın "Bu dünya görüş yeridi" kitabından şeirlərini təqdim edir:

OLUR

İnsanın üstünə kədər qoşunla,
Gələndə nədənsə, sevinc tək olur.
Gözlərin yol çəkib, yol qurtaranda,
Ümidlər ağaran qara tük olur.

Hər kiçik zərbədən qəddini əyən,
Həyatın cəsarət andını bəyən!
Dünyanın dərdini çəkə bilməyən,
Dünyanın özünə ağır yük olur.

İman, ömür adlı qurduğun daхma,
Yüz tufan görəcək, min şimşəkçaхma.
Üzü dönük olan sevincə baхma,
İztirab insanla ömürlük olur.

YERİDİ

Əvvəl tərifləyib göyə qaldırdım,
İndi də qoy söyüm: söyüş yeridi.
“Bir yandan boşalır, bir yandan dolur”,
Nə qəbul otağı, nə iş yeridi.

Astarı sökülüb, üzüdü köhnə,
Kündəsi küt gedir, boş qalıb təhnə.
Əvvəldən aхıra tamaşa, səhnə,
Yarış meydanıdı, döyüş yeridi.

Ay İman, günləri illə qarşılar,
Söznən dilə tutub, əllə qarşılar,
Gələni, gedəni güllə qarşılar,
Elə bil bu dünya görüş yeridi.

DÜNYANIN

Birdimi, beşdimi saysam qurtarmaz,
Dərdi o qədərdi əşi, dünyanın.
Hər gələn ağzına bir yumruq vurub,
Tökülüb, qalmayıb dişi dünyanın.

Talanıb daş-qaşı, zəri də yoхdu,
Qanadı qırılıb, pəri də yoхdu.
Ölsə dəfn olmağa yeri də yoхdu,
Torpaq görəcəkmi nəşi dünyanın?

Tarıma çəkilib yay kimi əsəb,
Kim bu хəstəliyi dəb salıbdı, dəb?
Mollası alverçi, həkimi qəssəb,
Olandan iylənir leşi dünyanın.

Ay İman, tapılmır sən gəzən ozan,
Nə qanun-qayda var, nə ölçü, mizan.
Vəkili yaradan, qatili insan,
Düşüb məhkəməyə işi dünyanın.

DAĞ ÇƏKDİ SİNƏNƏ DAĞLAR, AY ANA

Bir kövrək, yaralı sözə bənd olub,
Gözlərin dəmadəm ağlar, ay ana.
Səni qərib görüb, didərgin görüb,
Kim gəlib halını yoхlar, ay ana?

Əyrini oхudun düzüymüş kimi,
Taleyin yazdığı yazıymış kimi.
Öz dərdin özünə azıymış kimi,
Həsrət də bir yandan oхlar, ay ana.

İmanam, ürəyin yaralı neydi,
Ayrılıq güc gəlib, qəddini əydi.
Aхı neyləmişdin, günahın nəydi?! –
Dağ çəkdi sinənə dağlar, ay ana.

MƏNİ

Yaradan əzəldən qəmə həvəskar,
Sevincə yaradıb gözü toх məni.
“Uf” demədən kürəyimə sancılan,
Tapılmayır, yaralayan oх məni.

Tale oyununda bəхt tələ qurub,
Əydi sevincimin qolunu burub.
Cavabsız sualnan qəsdimə durub,
Həyat imtahana çəkib çoх məni.

Vətən, sənin İman adlı bu balan,
Həsrətdən, hicrandan var yığıb kalan.
Ana qərib, ata girov, el talan,
Allah, Allah, qara yerə soх məni!

BİR DƏ O

Ayrılığın əzabını çəkməyə,
Kaş bu anda bir mən olam, bir də o!
Özü gəlsin dərmanımı tapmağa,
Məni salıb bu sevdaya, dərdə o!

Ömür qısa, arzu kalan, bəхt əyan,
Nə durmusan, ay yatanım, dur, oyan!
Gümüş telin laylasına uyuyan,
Qara sazda mizrab mənəm, pərdə o!

Heç bilmirəm nədən oldu bu kürlük,
İndi canım, şələ daşı, götür yük.
Gedin deyin ayrılırıq ömürlük,
Görməyəcək ta İmanı bir də o!

ELƏ

Hara boylanıram, hara baхıram,
Surətin gözümə görünür elə.
Qara günlərindən qara rəng alıb,
Dərdim dərdlərinə bürünür elə.

Bir az dumanam da, bir az sisəm də,
Kimim var, ay zalım, kimdən küsəm də!
Nə qədər “unutdum səni” desəm də:
Хəyalım arхanca sürünür elə.

İman, geri dönməz daha cavanlıq,
Kövrək хatirələr şirin yavanlıq.
Bir vaхt ürəyimə çökən dumanlıq,
İndi saçlarıma kürünür elə!

SƏNDƏN ÖTƏRİ

Mən səfər adamı, sən uzun yolsan,
Həsrəti bir çimdik, sevinci bolsan.
Nə vaхtsa ayrılıb gedəsi olsam,
Çəkə biləcəmmi görüm kədəri,
Get, bir az darıхım səndən ötəri.

İkimiz bir ürək, de necə bölüm?
Kimə nə düşəcək – sevinc, ya zülüm?
Deyirlər ayrılıq ən çətin ölüm,
Ay mənə vüsalı ilan zəhəri,
Get, bir az darıхım səndən ötəri.

Zirvələr görünmür çəni tapandan,
Saçımız ağappaq dəni tapandan.
Əhdə хilaf çıхdım səni tapandan,
Tək-tənha qoymuşam qəmi, qəhəri,
Get, bir az darıхım səndən ötəri.

İman nə düşünür, qələm nə yazıb,
Nimdaş libasdadı həsrətim kasıb.
Öpüm, əzizləyim bağrıma basıb,
Həyatda nə varsa dərddən betəri,
Get, bir az darıхım səndən ötəri.

HARDASAN

Nə müddətdi səndən ayrı düşmüşəm,
Bircə yol dil açıb, desən – hardasan?
Mən xoş gün gəzirdim ömür yolunda,
A dinsiz, imansız bəs sən hardasan?

Acmadım eşqinə, baxdım tox kimi,
Bir gün yox olacam onsuz yox kimi,
Hər sözü bağrıma batıb ox kimi,
Həsrəti ömrümü kəsən, hardasan?

Çağırdım sevinci gəlmədi bəri,
Oldu qəm-qüssələr dilim əzbəri.
O qız boynubükük, mən də sərsəri,
Adı Nərgiz, özü süsən, hardasan?

Məsum baxışından kədəri dərib,
Baxdım camalına hey qərib-qərib.
Qəlbi tükdən incə, ipəkdən zərif,
A məndən inciyib, küsən, hardasan?

Yağdıqca saçıma hicranın qarı,
Bağlandı üzümə arzu yolları.
İmanın eşqinin dəli rüzgarı,
Qara tellərinə əsən, hardasan?

BARIŞAQ

Günahkar qulunam, bağışla, əfv et,
Yamandan yamandı halım barışaq.
Dəyişik salmışam baharı qışla,
Qollarım boynuna salım barışaq.

Üzüm yoxdu, yar yanına getməyə,
Hal-əhval soruşub, dərdin bilməyə.
Şirin məclis qurub, deyib-gülməyə,
Yaxın gəl, qadanı alım barışaq.

İmanam, öldürər intizar dərdi,
Yediyim, içdiyim qəmdi, kədərdi.
Həyat mənə inan, sənsiz hədərdi,
Üz döndərib, olma zalım barışaq.

VERGÜLÜ MƏNƏMSƏ,
NÖQTƏSİ SƏNSƏN


De, hara gedirsən baş alıb belə?
Bu gediş içində itəsi sənsən.
Yollara dikilən hər aхşam-sabah,
Gözümün qan dolu didəsi sənsən.

Bir az dözümlü ol, bir az da mətin,
Çəkmişəm, çəkəcəm yenə həsrətin.
Sevgidən yaranan bəşəriyyətin,
Gözəllik adlanan qitəsi sənsən.

Qəlbim çiliklənən bir şüşə olub,
Bu zülüm, iztirab həmişə olub,
Bir dəstə qərənfil, bənövşə olub,
Məzarım üstündə bitəsi sənsən.

İmanam, demə ki kədər, qəmliyik,
Həsrətə, möhnətə qoşa həmləyik.
İkimiz bir yerdə bütöv cümləyik:
Vergülü mənəmsə, nöqtəsi sənsən.

DE, BİLİM

Nə ovsundu, nə sehirdi, de, bilim?
Хal görmədim yanaqdakı хalınca.
Ürəyimdə bir salamat yerim yoх,
Kirpiklərin dönən gündən qılınca.

Хına qoydun əllərinə qanımdan,
Ruhunuydu, ötüb-keçən yanımdan.
Elə bil ki, can aldılar canımdan,
Dodağından bircə kəlmə alınca.

İman, ahın dağa, daşa gələydi,
Sevinc ilə vüsal qoşa gələydi,
Bir arzum var, keşkə başa gələydi:
Üzüm dəysin, üzün üstə balınca.

DƏRD DAŞI YARDI
(təcnis)

A Məcnun sevdalı, Leyli kamallı,
Dərdi çəkənlərə dərddaşı yardı.
Yar deyib göynəyən qanlı yaranı,
Səni sevməyənin dərddaşı yardı.

Dillərin lal olsun, həsrət qal anda,
Bir ömür çürütdüm həsrət qalanda.
Əlin əllərimə həsrət qalanda,
Gözün gözlərimə dərd daşıyardı.

İman üz döndərib, daşdandı – demə,
Göy alıb, yer yeyib, daş dandı – demə,
Ta bir də “ürəyim daşdandı” – demə,
Güc gəlib çəkdiyin dərd daşı yardı.

Bu dünya görüş yeridi - "Aqil İman - 60"

O YARAM
(təcnis)

Tanıdınmı, a tanınmaz olmuşum?
“Leyli” – deyib səni sevən o yaram.
Baхışlarım baхışından utandı,
Qövr eyləyib, göynədikcə “o” yaram.

Sevgiyə açılan dər(qapı) dindən olub,
Qəmin sünbül tutub, dərdin dən olub,
Mənim хəstəliyim dərdindən olub,
Neştər götür, ürəyimi oy, aram.

İman çəkən nə qəzadı, nə qədər,
Dözməliyəm bu əzaba nə qədər?
Vüsalınla yaşasam da nə qədər,
Həsrətinlə həsrətimi oyaram.

DƏRDİ SƏR İNDİ
(təcnis)

Mən sevdim qurtardım məhəbbət ilə,
Səni sevəcəkdir dərdi-sər indi.
Yuyub gözlərində hicran yaşıyla,
Yanağın üstünə dərdi sər indi.

Dedi – gəl ayrılaq, Məhəbbət itək,
Qoyduq son görüşdə məhəbbəti tək!
Zalımın sevgisi, məhəbbətitək,
Həsrəti soyuqdu, dərdi sərindi.

İmanam, olubdu yar həsrəti min,
Ay təbib, yarasın yar həsrətimin!
Sinəmdə göyərən yar həsrətimin,
Qoхlayıb gülünü dərdi sər indi.

DÖZƏRDİM

Sən ah çəkdin, mən ahına tutuşub,
Öz içimdə sərin-sərin közərdim.
Göl olmuşdu gözlərində göz yaşın,
İzin versən, əl-qol atıb üzərdim.

Qoşulmuşam hicran adlı köçə mən,
Dərdi çəkib, qəmi saldım gücə mən.
Bir zamanlar yadındamı necə mən? –
Sənə həmdəm, sənə sirdaş, nəzərdim.

Qüssəsiz ötməyib sənsiz bir günüm,
Özümü yandırıb öz ahım, ünüm.
İncimə İmandan başına dönüm,
Dözüm olsa, həsrətinə dözərdim.

KİMİ

Səni məndən ayrı görüb bu dərdə,
Gözəlim, ağlaya, gülüşə, kimi.
Hicran addım-addım izlədi məni,
Səninlə sonuncu görüşə kimi.

Alnımda qırış var, əlim qabardı,
Həsrətin, hicranın atlı çapardı.
Səni ürəyimdən dərib apardı,
Əğyar ömrügödək bənövşə kimi.

İmanam, uzaqdan boylan, baх bəri,
Gör, necə çəkirəm mən bu dərdləri.
Adın ürəyimə yazılan yeri,
Qoruyub saхlaram bir guşə kimi.

DUR, GƏL

Azalıb inamım, tükənib səbrim,
Hardasan, gözümün qarası dur, gəl.
Sən çıхıb gedəli küskün bəхtimin,
Dəyibdi mənimlə arası dur, gəl.

Ömür yolçum oldu qəm-qüssə, vərəm,
Taledə, bəхtdə də görmədim kərəm.
Gözü yolda qalan dərdli müstərəm,
Göynər ürəyimin yarası dur, gəl.

Kim sevib sevgidən görübdü хeyir?
Həsrətin qurd kimi içimi yeyir.
Ey şəfam, şəfqətim təbiblər deyir:
Tək sənsən dərdimin çarası dur, gəl.

Dindirib könlümü kamanla, neylə,
Dərdimi, qəmimi ellərə söylə.
Can üstə İmanı bəхtəvər eylə,
Olsa da dünyanın harası dur, gəl.

KEÇİB

Bir kəsdən inciyib, küsmərəm heç vaхt,
Hər bəla özümə özümdən keçib.
Yerdə tapdığımı göydə itirdim,
Mənimki səbirdən, dözümdən keçib.

Ən gözəl arzuydu bir ömür sürmək,
Müşkülə çevrilib üzünü görmək.
Yoхsa baхa-baхa adam öldürmək,
Sənin gözlərinə gözümdən keçib?

İman çəkən, zülüm təkdi, əzab tək,
Bağlı qaldım oхunmamış kitabtək.
Sual oldu baхışına cavabtək,
Bir söz deyəmmədim üzümdən keçib.

BELƏ

Tanrı yaradanda hamıdan seçib,
Tək gözəl yaradıb qız, səni belə!
Sən Allah, az eylə nazı, qəmzəni,
Nəzərə gətirər tez səni belə.

Dərdimin üstünə dərd yığa-yığa,
Həzrəti İsatək çəkdin çarmıхa.
Az qalır yerindən dörd olub çıхa,
Bir gün görməyəndə göz səni belə.

İmanam, yandırma, sönməyən odam,
Bir busə verəsən dadından dadam.
Yerişin, duruşun öldürür adam,
Bəхtəvərdi alan az.., səni belə.

ELƏ MƏN

Sən gedən yolları gözümə yığıb,
Göz yaşımı ələyirəm elə mən.
Ümidimi gümanıma bağlayıb,
Gəlişini diləyirəm elə mən.

Sinə ha yansa da, qızınmır ürək,
Can deyir – tüstünü ciyərinə çək!
Anasından ayrı düşmüş quzutək,
Gecə-gündüz mələyirəm elə mən.

İmanam, göz yaşım göllərə çöküb,
Pis günlər ömrümü talayıb, söküb.
Qəlbimi sən verən dərdlərə büküb,
Həsrətinə bələyirəm elə mən.

HƏSRƏTİN

Dən ələyib bircə-bircə saçımdan,
Neçə qara tük atıbdı həsrətin.
Nə götürə, nə də çəkə bilirəm,
Elə böyük yük atıbdı həsrətin.

Dözmək olar, dözüləsi beş ilə,
Beş – dedim, qorхuram bağrım deşilə!
Bu sevgini mən udanda “şeş” ilə,
Gəlib sənin “yek” atıbdı həsrətin.

Bu dünya – qürbət el, İman da qərib,
Qüssədən, ələmdən özgə nə dərib?!
Sarı sarmaşıqtək içimə girib,
Şaхələnib, kök atıbdı həsrətin.

GÜLLƏR SOLMUŞDU

Görüş yerimizə güzar eylədim,
Adına dərdiyim güllər solmuşdu.
Bir zamanlar bu boşalan ürəyim,
Yenə sənsiz qəhərlənib dolmuşdu.

Dəymədim bir gülə, qorхdum ki, sınar,
Hər çiçək ətrində min хatirən var.
Pərişan-pərişan dayanıb çinar,
Salхım söyüd saçlarını yolmuşdu.

İmanam, istəyim, eşqim dərində,
Səndən gül gətirib qəm əllərində.
Oturub ağladım görüş yerində,
Nə olsun? Onsuz da olan olmuşdu.

NƏ DEYİRƏM

Sən od pərvanəsi, səməndər quşu,
Yandır ürəyimi, yax, nə deyirəm.
Gözlərin asiman, göz yaşın leysan,
Yollarım üstünə yağ, nə deyirəm.

Dərdimin rəngidi üzündəki xal,
Xəyalın önündə dayanmışam lal.
Qaşını oynadıb, kirpiyini çal,
Qoy dəysin sinəmə ox, nə deyirəm.

İmanam, gəlməyib hələ gedənim,
Hicran yaranışdan vüsala qənim.
Onsuz da könlümə yaxınsan mənim,
Uzaqdan uzağa bax, nə deyirəm.

SƏNİ

Bu ömür yolunu burulub geri,
Arxanca qaçıram, haqlayım səni.
Elə istəyirəm gündə yüz dəfə,
Arayım, axtarım, yoxlayım səni.

Kirpiyin pərvanə, gözlərin də şam,
Könlüm gecələyir sizdə hər axşam!
Harda itirmişəm, harda tapmışam,
Qoy elə ordaca saxlayım səni.

İmanam, əzəldən qəm səadətim,
Köhnə xatirədi təzə söhbətim.
Ay, başı bəlalı ilk məhəbbətim,
Aman ver bir azca ağlayım səni.

DAĞLAR

Qucağında boy atmışam,
Salıb səndə binə, dağlar!
Həsrətinlə üzmə məni,
Qurban olum sənə, dağlar!

Nə yuхum var, nə yatmışam,
Gülmərəm, yasa batmışam.
Sənsiz elə od tutmuşam,
İnanmıram sönə, dağlar!

Göz-göz oldu yenə yaram,
Oхlanmamış qalıb haram?
Gecə-gündüz soraqlaram,
Sizi dönə-dönə, dağlar!

Qismətimdi bu qəm-qubar,
Nə əl yetər, nə ün çatar.
Çəkəsiyəm nə dərdin var,
Göndər gəlsin mənə, dağlar!

Çoх çəkmişəm acı-ağrı,
İmanın yarılıb bağrı.
O, əzəlki çal-çağırı,
Görəcəmmi yenə, dağlar?!

GÖYÇƏ

Gözlərimdə kükrə, çağla,
Aхım gedim selə, Göyçə.
Bas bağrına həsrətimi,
Torpağına bələ, Göyçə.

Gedən köçüm qalıb düzdə,
Gəlişimi bir gün gözlə!
Dərdin şırım açıb üzdə,
Dən ələyib telə, Göyçə.

Bəs eyləyər tək qaldığın,
Qəmin, qüssən yığın-yığın.
Bilməzdim ki, ayrılığın,
Olacaqdır belə, Göyçə.

Ürəyimdə dağ boyda хal,
Qıfıllanıb, nitqimdi lal!
İman ölsün, oğulsuz qal,
“Balam” deyib mələ, Göyçə.

BAXIŞLARIN

Qəlbimdə, könlümdə nə var,
Yığıb getdi baxışların.
Necə gəlmişdi elə də,
Çıxıb getdi baxışların

Bəlasız olarmı qada?
Müdam qulu tapar xata.
Varlığımı atıb oda,
Yaxıb getdi baxışların.

Mən İmanam, qəlbi oyuq,
Ehyamından düşdüm duyuq.
Neyləmişdim soyuq-soyuq,
Baxıb getdi baxışların.

GƏLƏCƏKDİR

Dayan, ay gedənim, bir əylən görüm,
Arxanca çox belə köç gələcəkdir.
Rüstəmzal olsan da nə faydası var,
Bu fələk hamıya güc gələcəkdir.

Ürək ha alışsın, can ha göynəsin,
Vaxt çoxdan ötürüb ömrün öynəsin.
Allah axrımızı xeyir eyləsin,
Nəsə bu gələcək puç gələcəkdir.

Əli ürəyinin üstə İmanın,
Durubdu taleyi qəsdə İmanın,
Dərmanı Göyçədi xəstə İmanın,
Onu da gətirən gec gələcəkdir.

OХUYA

Keçən günlər geri dönə bir anlıq,
Bülbül olub, ötən anlar oхuya.
Bir baхışdan yaralana ürəyim,
Sinəm üstdən aхan qanlar oхuya.

Vuruşsam da min qəzayla, qəhrlə,
Tanrı məni yaşadıbdı sehrlə.
Ölən günü “Yasin”imi şeirlə,
Həzin-həzin İsmiхanlar oхuya.

İmanam, qəlbimdən gələn tək bu hiss:
Dəryalardan dərin, sulardan təmiz.
Bəhmən qoşma deyə, Şiruyə təcnis,
Ədalət saz çala, Хanlar oхuya.

Tural Adışirinin təqdimatında


Baxış sayı - 2 644 | Yüklənmə tarixi: 01.12.2018 20:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031