ŞKTC təhsil naziri Nazım Çavuşoğlu: “Azərbaycanla təhsil əlaqələrini gücləndirəcəyik” – Müsahibə
"Təhsil sərgisi ilə universitetlərimizi Bakıda tanıtmaq istəyirik"
Bakıda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu araşdırmaçı jurnalist Şəhla Aslanla müsahibəsində ŞKTC-dəki təhsil imkanları, bu günlərdə Bakıda keçirilən Şimali Kipr universitetlərinin sərgisi, o cümlədən Kıbrıs Azərbaycan münasibətlərindən danışıb:
- Cənab nazir Azərbaycana ilk gəlişinizdir?...
- Bəli, Azərbaycana ilk səfərimdir.
- Təəssüratlarınız maraqlıdır...
- Gözəl duyğular hiss edirəm... Bakı küçələrini çox təmiz və müasirdir. Azərbaycan xalqı da, şəhər də gözəldir. Hər şey bizi məmnun edir. Azərbaycana Türk Dövlətləri Təşkilatının təhsil nazirlərinin 8-ci toplantısı və ŞKTC Ali təhsil sərgisi çərçivəsində gəlmişik. Azərbaycana gəlməkdən və burada qardaş ölkələrin bayrağını yan-yana görməkdən qürurluyam.
- Cənab nazir, Azərbaycan-Kıbrıs və Türkiyə arasında təhsil sahəsində yaxın gələcək üçün əməkdaşlıq planlarınızdan bəhs etmənizi rica edirəm.
- Azərbaycan və digər Türk dövlətləri ilə tələbə və müəllim mübadiləsini genişləndirmək istəyirik. Bu, təhsil sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biridir.
Bu gün Şimali Kipr universitetlərinin azərbaycanlı həmkarları ilə görüşləri və təhsil sərgilərində iştirakları da bu ölkələr arasında təhsil imkanlarını tanıtmaq və əlaqələri gücləndirmək məqsədi daşıyır.
Şimali Kipr, Türkiyə və Azərbaycan arasında ortaq universitetlərin yaradılması və ya mövcud universitetlər arasında əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə olunur. Bu da təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli bir addımdır. Universitetlərlə münasibətləri daha da inkişaf etdirərək istər müəllim, istərsə də tələbə dəyişmə proqramları ilə ikili diplomlar təsis etmək mümkündür. Rektorlarımız sözügedən məsələ barədə də danışıqlar aparır.
Ayrıca, Şimali Kipr Azərbaycanda təhsil müşaviri təyin etməyi planlaşdırır, bu da iki ölkə arasında təhsil əlaqələrinin daha yaxşı idarə olunmasına kömək edəcək. Bütün bu məqamlar Şimali Kipr, Türkiyə və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq planlarımızdan bir neçəsidir.
- Bildiyim qədəriylə Azərbaycanlı həmkarınız Emin Əmrullayev ilə görüşünüz baş tutub. Görüşdə təhsil sahəsində hansı əməkdaşlıq layihələri müzakirə olundu?
- Bəli. Dünən Azərbaycanın təhsil naziri və təhsil adamlarıyla görüşüb fikir mübadiləsi apardıq. Bu görüş bilik və təcrübə mübadiləsi məqsədi ilə keçirildi. Görüşdə Azərbaycanla Şimali Kipr arasında perspektivdə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri, müəllim və tələbə mübadilə proqramları müzakirə olundu. İxtisasartırma və müəllimlərin dəyişdirilməsi proqramlarını nəzərdən keçirdik. Düşünürəm ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə birlikdə həyata keçirəcəyimiz proqramlar müxtəlif mədəniyyətləri bir araya gətirməklə təhsil sahəsində əməkdaşlığa və inkişafa təkan verə, beynəlxalq əməkdaşlıq dostluqların qurulmasına və qorunub saxlanmasına töhfə verə bilər.
- Qeyd etdiyiniz kimi, bu günlərdə Bakıda Şimali Kipr universitetlərinin sərgisini keçirilir. Sərgini keçirməkdə əsas məqsədiniz nədir?
- Şəhla xanım, bildiyiniz kimi gənclərin birgə təhsil alması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən xarici dil bilikləri iki dövlət arasında münasibətləri daha da möhkəmləndirir. Düşünürəm ki, gənclər arasında həmrəylik, maarifçilik birliyi gələcəkdə daha böyük uğurlara gətirib çıxaracaqdır. Gənclərin bir-birini dəstəkləməsi və motivasiya etməsi hər iki ölkənin gələcəyini işıqlandıracaqdır. Universitet dövrünün və o dövrdə qurulan dostluqların hər zaman qalıcı olduğunu düşünür və təhsil mərhələsində Azərbaycandakı qardaşlarımız üçün ən möhkəm təməlləri qoyacağımıza inanırıq.
Hesab edirəm ki, Bakıda təşkil etdiyimiz təhsil sərgisində universitetlərimizi daha geniş şəkildə tanıtmaq imkanı əldə edəcəyik. Bu çərçivədə Şimali Kiprdən gəlmiş rektorlarımız da azərbaycanlı həmkarları ilə görüşlər keçirir və yaxın gələcəkdə təhsil sahəsində atıla biləcək addımlarla əlaqədar müzakirələr aparırlar. Şimali Kiprdə 23 universitet mövcuddur. Bu gün 300-ə yaxın azərbaycanlı tələbə Şimali Kipr universitetlərində təhsil alır. Bakıda Şimali Kipr universitetlərinin sərgisini keçirməkdə məqsədimiz ölkənin təhsil imkanlarını tanıtmaq və orada azərbaycanlı tələbələrimizin sayını artırmaqdır. Bütün azərbaycanlı tələbələrimizi Kipr tələbə adasına dəvət edirik.
- Azərbaycanlı tələbələrə xüsusi təklifiniz var?
- Biz, həmçinin azərbaycanlı şəhid ailəsinin üzvü olan bir neçə tələbəyə təqaüd verməyi planlaşdırırıq. Hesab edirəm ki, Türkiyə, Azərbaycan və Şimali Kipr dostluğunun, “tək millət, üç dövlət” anlayışının sadəcə sözdən ibarət olmadığını göstərməliyik. Əminəm ki, bizim birliyimiz ölkələrimizi daha da güclü edəcək.
- Universitetlərinizdə olan digər xarici tələbə sayı necədir?
- Təhsil verdiyimiz tələbələrin 60 faizi əcnəbilərdir. Geriyə qalan 30 faiz türkiyəli, 10 faiz isə yerli tələbələrdir. Şimali Kiprdə Afrika, Avropa, ABŞ-dən də tələbələr təhsil alırlar. Universitetlərimiz dünya reytinqləri sırasında kifayət qədər yaxşı yerləri tutur və getdikcə yüksəlməkdədirlər. Bugünkü statistikaya baxsaq, Şimali Kiprdə 100 min tələbə təhsil alır. Kiçik bir ada ölkə üçün bu rəqəm kifayət qədər böyükdür.
- Sabah işğaldan azad etdiyimiz Qarabağ torpaqlarına - Şuşaya səfəriniz olacaq. Təəssüratlarınız necədir?
- Vətən müharibəsində qazanılmış böyük qələbəyə görə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edirəm. Bu qələbə türk millətini sevindirib, qürurlandırıb, başını uca edib. Milli mübarizədəki qələbə xeyirli və uğurlu olsun! Biz özümüzü Azərbaycan xalqı ilə bir görürük. Ona görə azərbaycanlıların sevinci və kədəri bizim ortaq duyğularımızdır.
- Cənab nazir, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirəm!
- Mən təşəkkür edirəm!..
Söhbətləşdi:
Şəhla Aslan,
https://medianews.az/