manera.az
manera.az

Dilənçilərin protesti - Misir yazıçısının HEKAYƏSİ _MANERA

📅 18.02.2016 14:07

Dilənçilərin protesti - Misir yazıçısının HEKAYƏSİ _MANERA

MANERA.AZ Misir yazıçısı İhsan Əbdül Qüddisin
hekayəsini təqdim edir:


Camaat onu təmiz qəlbli, səmimi dindar kimi tanıyırdı. Adəti vardı, hər Ramazanın ilk gecəsində tanıdığı hafizləri evinə toplayıb Qurani-Kərimi xətm etdirər və Seyyidə Zeynəbin qəbrinin ətrafına yığışan bütün dilənçiləri evinə çağırıb yaxşıca doyurardı. Özü də onları doyurmaq üçün nə az, nə çox düz iki dana kəsərdi.

Bu il də bütün hazırlıqları görmüş, əlindəki təsbehin dənələrini çevirə-çevirə Allahın isimlərini zikr etməyə başlamışdı. Çevrə halında oturmuş hafizlər Qurani-Kərimin mübarək ayələrini oxuyar hər kəs dilənçilərin gəlməsini gözləyirdi.

İftar vaxtını bildirən topunun atılmasına bircə saat qalmışdı, ancaq dilənçilərdən hələ kimsə gəlməmişdi. Ev sahibi nökərini göndərdi ki, onlardan bir xəbər gətirsin. Nökər getdi və az sonra təngnəfəs halda qayıtdı:

- Ağa, dilənçilər gəlmək istəmirlər, bu dəfə sazın dəvətinizi qəbul etmirlər.

Adam oturduğu yerdən başını qaldırdı və çaşqın halda soruşdu:

- Necə yəni gəlmək istəmirlər?
Nökər:

- Öz aralarında danışıb topal Məhəmməd Nəklə, şikəst əbu Rəbiyə və iflic Qoturu başçı seçiblər, indi də hamısı onların ağzına baxırlar, - dedi.
Adam nökərin dediklərinə inanmayaraq:

- Bəs yaxşı, o başçılar sənə nə dedilər? - deyə soruşdu.

Nökər hələ də təngnəfəs halda:

- Deyirlər ki, tələbləri qəbul olunmasa, ağanın dəvətini qəbul etməyəcəklər, - cavabını verdi.

- Tələblər ha! - deyə adam hikkəsindən qışqırdı və deyinməyə başladı, - Lap yaxşı... Bircə bu dilənçilər qalmışdı... Biz Allah üçün onların qarnını doyuraq, onlar da bizim qarşımıza tələblər qoysunlar... Heç gəlməsinlər... Gəlmirlər, cəhənnəmə gəlməsinlər. Onlara verilən yemək heyifdi.
Ağa deyindi, söydü, asıb-kəsdi, amma çox keçmədi ki, düşünməyə başladı. Yaman yerdə axşamlamışdı. Hər il xətm mərasimi təşkil edər, dilənçiləri doyurardı. Bunun da sayəsində ticarəti canlanır, məhəllə sakinlərinin gözündə əsl mömin kimi tanınar, xətir-hörmət sahibi olardı. Quranın oxunub qurtarmasının ardınca gələn xətm duası isə dilənçilər, ev sahibi demişkən, bu itlər olmadan mümkün deyildi.

Deyəsən hirsi bir qədər soyumuşdu, nökəri çağırdı və:

- Dilənçilərin tələbləri nədir? - deyə soruşdu.

Nökər dedi:

- Yeməkdən başqa hərəyə on quruş verilməsini istəyirlər.

Adam oturduğu yerdən dik atıldı və yenidən qışqırmağa başladı. Hirsindən əlindəki təsbeh titrəyirdi:

- İşə bir bax, üz verdik, astar istəyirlər. Evimi başıma yıxacaq bu itlər.
Nökər qorxu içində:

- Onlar mənə dedilər ki, sənin ağan çox varlıdır və bizim hərəmizə on quruş bağışlamaqla heç bir şey itirməz, - dedi.
Ağa yenidən qışqırdı:

- Bir quruş də vermərəm. Cəhənnəm olsunlar.

Nökər getmək istəyirdi ki, ağa onu saxladı:

- Get, başqa dilənçiləri çağır. Hüseyn məscidinin yanında duran dilənçiləri...
Nökər başını bulayıb dedi:

- Heç biri gəlməyəcək, ağa. Deyirlər ki, dilənçilər öz aralarında məhəllələri bölüşüblər. Hüseyn məscidinin dilənçiləri Seyyidə Zeynəb məscidinin həndəvərinə ayaq basa bilməz.

Adam “La hövlə...” deyərək əsəbi halda başını yellədi:

- Dünyanın işinə bax, ay başına dönüm, bu dilənçilər də ağaya söz yeridirlər. Daha bu dünyada bilmirsən kimə yaxşılıq edəsən...
Başını əyib “hımm” elədi və fikirləşməyə başladı. Əgər dilənçilərin tələbini qəbul etməsə, əvvəlki etibarı, xətir-hörməti olmayacaq, ticarəti canlanmayacaq, camaat onu mömin müsəlman kimi görməyəcəkdi. Hətta ola bilsin ki, üç-beş dilənçini doyurmaqdan vaz keçdi deyə camaatın qınağına tuş gəldi. Bəlkə lap barmaqla göstərəcəklər, ardınca lağ edib ələ salacaqlar.

Başını qaldırdı və bezmiş halda nökərə dedi:


- Get onlara de ki, hərəsinə beş quruş verəcəm, gəlsinlər... Bir az da yeyin ol, iftara yarım saat qalıb.
Nökər qaça-qaça getdi.


Ağa hirsindən yerində dura bilmirdi. İnanmırdı ki, nökər onları razı sala bilsin. Oğlunu çağırdı və onu da göndərdi ki, əli boşda qalmasın:

- Bu nökər axmağın biridir, heç bir işin öhdəsindən gələ bilmir... Sən özün get, dilənçiləri bura gətir.

Ağanın oğlu Seyyidə Zeynəb məscidinə getdi. Ağa ədasıyla orda toplaşmış dilənçilərin üstünə qışqırdı:

- Nə gözünüzü döyürsünüz, atamın səxavət damarı tutub, hərənizə yeməkdən başqa beş quruş da pul verəcək.
- Dilənçilərdən biri tez irəli atıldı və yoldaşlarına üz tutaraq:

- Əlbəttə razıyıq... Nə gözləyirik, gedək. Bu bir fürsətdir, - dedi.

Topal Nəklə oturduğu yerdən ona tərəf dönərək:

- Sən otur yerində, başından yekə danışma. Əsla olmaz! Bizim dediyimiz olmayınca, getməyəcəyik.
Çolaq əbu Rəbiyə də başını yelləyərək:

- Birliyimizi pozmayın... Yaşasın həmrəylik! - deyə qışqırdı.

Dilənçilər bir ağızdan “Yaşasın həmrəylik!” qışqırdılar.

Başdan-ayağa qədər bütün bədəni əsən iflic Qotur da belə dedi:

- Biz nə istəyirik ki? Sadəcə varlıların mallarındakı haqqımızı tələb edirik... Unutmasınlar ki, dilənçilər pulu başından aşan ağalara möhtac olduqları kimi onlar da dilənçilərə möhtacdırlar. Dilənçilər olmasa, bu ağalar da belə kef içində yaşaya bilməzlər. Fikrinizi dəyişdirməyin. Tələbinizdə son dərəcə haqlısınız.
Dilənçilərin hamısı bir ağızdan qışqırdılar:

Tələbimizdə haqlıyıq... Yaşasın haqlarımız!

Ağanın oğlu qorxuya düşdü, anladı ki, bu işin sonu yaxşı olmayacaq. Ürəyində hirsindən zəncir gəmirirdi, ancaq əlindən bir şey gəlmirdi, dilənçilərin qarşısında aciz qalmışdı. Ona görə də başını aşağı saldı və onların arasından geri çəkilməyə başladı. Azca aralanmışdı ki, nökər qaça-qaça gəldi və üzünü dilənçilərə tutub cır səslə qışqırdı:

- Buyurun gedək. Ağa sizin tələbinizi qəbul etdi, hərənizə on quruş verəcək.

Bir az əvvəl ağanın qarşısına tələb qoyan dilənçilərin əhvalı bir andaca dəyişdi və yüksək səslə qışqırmağa başladılar:

- Yaşasın səxavətli ağamız... Xeyirxah ağamıza eşq olsun!... Allah sənin nəslini artırsın, ey mübarək insan!

Ərəb dilindən tərcümə edən: Mahir Həmidov
MANERA.AZ


Baxış sayı - 1 812 | Yüklənmə tarixi: 18.02.2016 14:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031