manera.az
manera.az

Tarixin Tomrisi, ədəbiyyatın “Tomrisnamə”si

📅 04.10.2026 09:04

Tarixin Tomrisi, ədəbiyyatın “Tomrisnamə”si

“Tomrisnamə” — milli kimlik, qəhrəmanlıq və qadın dövlətçilik irsini poetik dillə yaşadan əsər

Ədəbiyyat yalnız yazıb-yaratmaq, kitab müəllifi olmaqdan ibarət deyil. Əsl ədəbiyyat adamı öz yaradıcılığı ilə yanaşı, şəxsiyyəti, əxlaqı, mədəniyyəti, milli-mənəvi dəyərlərə münasibəti və cəmiyyət qarşısındakı məsuliyyəti ilə də nümunə olmalıdır.

Şair, yazıçı, ədəbiyyatşünas və tənqidçi üçün qələm yalnız fərdi yaradıcılıq vasitəsi deyil, həm də mənəvi məsuliyyətdir. Bu baxımdan milli kimliyə, tarixi yaddaşa və mənəvi dəyərlərə bağlılıq ədəbiyyatın cəmiyyətə təsir gücünü daha da artırır.

Azərbaycan ədəbi mühitində yarım əsrdən artıq bir müddətdə yaradıcılıq fəaliyyəti göstərən, milli-mənəvi dəyərlərin və türkçülük düşüncəsinin təbliğinə xüsusi əhəmiyyət verən sənətkarlardan biri də Ustad Niftalı Göyçəlidir (Niftalı Dədə).

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin başqanı, Turan Xalq şairi, ədəbiyyatşünas, türkoloq, aşıq, yazıçı-şair kimi tanınan Ustad Niftalı Göyçəli yaradıcılığında tarixi yaddaş, milli kimlik, azadlıq, qəhrəmanlıq və Turan ideyalarına xüsusi yer ayırıb.

Onun bu istiqamətdəki yaradıcılığının diqqətçəkən nümunələrindən biri “Qədim Turan eposu”, digəri isə “Bütöv Azərbaycan eposu” əsəridir. 2011-ci ildə Bakıda “Elm və təhsil” nəşriyyatında çap olunmuş, 228 səhifədən ibarət “Bütöv Azərbaycan eposu” kitabında müəllif bir sıra tarixi və milli mövzularla yanaşı, “Tomris dastanı”nı da təqdim edib.

“Tomrisnamə”nin yaranma tarixçəsi

Ustad Niftalı Göyçəlinin 2009-cu ildə qələmə aldığı “Tomrisnamə” poeması 2011-ci ildə “Tomris dastanı” adı ilə “Bütöv Azərbaycan eposu” kitabının 24–35-ci səhifələrində işıq üzü görüb.

Əsərin əsas qəhrəmanı qədim dünyanın tanınmış qadın hökmdarlarından biri kimi tarixə düşmüş Tomris xatundur. Tomris obrazı Azərbaycan və türk ədəbi düşüncəsində qadın iradəsinin, dövlətçilik təfəkkürünün, qəhrəmanlığın və azadlıq ruhunun simvollarından biri kimi təqdim edilir.

Poemada müəllif Tomris obrazı vasitəsilə yalnız tarixi bir hadisəni nəql etmir, həm də milli yaddaş, vətən sevgisi, qəhrəmanlıq, sədaqət, qadın iradəsi və dövlətçilik kimi mövzuları ön plana çıxarır.

Əsərdə Tomrisin oğlu Azmanın faciəli ölümü, Aysunun itkisi, Tomrisin düşmən qarşısında göstərdiyi qətiyyət və ədalət hissi epik süjet xətti üzərində təqdim olunur.

Poemanın dili sadə və axıcıdır. Qafiyə sistemi və hadisələrin ardıcıl təsviri əsərin dastan üslubuna yaxınlığını daha da gücləndirir. Müəllif qədim dövrün döyüş səhnələrini, el həyatını, adət-ənənələri və qəhrəmanlıq motivlərini poetik dillə canlandırmağa çalışır.

Tomris obrazı — qadın iradəsinin və dövlətçilik düşüncəsinin simvolu

“Tomrisnamə”nin diqqətçəkən cəhətlərindən biri Tomris obrazının yalnız hökmdar kimi deyil, həm də ana, sərkərdə və xalqının taleyinə cavabdeh lider kimi təqdim edilməsidir.

Oğlunun faciəli ölümündən sonra Tomrisin göstərdiyi iradə əsərin əsas dramatik xəttlərindən birini təşkil edir. Şair bununla qadının yalnız ailə daxilində deyil, dövlət və cəmiyyət həyatında da mühüm rolunu ön plana çıxarır.

Poemada Tomrisin obrazı vasitəsilə qadın qəhrəmanlığı, vətənə sədaqət və dövlətçilik iradəsi bir araya gətirilir.

Əsərin sonunda Tomrisin düşmən üzərində qələbəsi və onun haqqında yaranan hikmət əsərin ideya yükünü tamamlayır:

“Düşməni qanında boğmasan əgər,
Soyumaz təşnəsi, duran deyil şər!”

Bu misralar əsərin müəllif tərəfindən qurulan qəhrəmanlıq və mübarizə fəlsəfəsinin əsas ifadələrindən biri kimi çıxış edir.

Milli yaddaş və ədəbi məsuliyyət

Ustad Niftalı Göyçəlinin “Tomrisnamə” poeması milli kimlik və tarixi yaddaş mövzusunda yazılmış poetik əsərlər sırasında diqqət çəkir. Əsərin əsas qayəsi keçmişin qəhrəmanlıq obrazlarını müasir oxucuya çatdırmaq, xüsusilə də gənc nəslin tarixi-mədəni yaddaşının formalaşmasına töhfə verməkdir.

Bu baxımdan “Tomrisnamə”ni yalnız tarixi mövzulu poema kimi deyil, həm də milli yaddaşın poetik ifadəsi kimi dəyərləndirmək mümkündür.

Əsərin elektron variantının Azərbaycan Milli Kitabxanasının və Prezident Kitabxanasının fondlarında mövcud olması da onun ədəbi irs baxımından qorunmasının əhəmiyyətini göstərir.

“Tomrisnamə”dən

Aranı, yaylağı füsünkar, gözəl,
Bir ölkə var idi eradan əvvəl.

İskitlər eliydi həmin o diyar,
Xəzərdən Alvıza tutmuşdu qərar.

Cəsur igidləri, ordusu vardı,
Hər əsgər savaşda aslan olardı.

Döyüş meydanında sərkərdə, əsgər
Tufan, qasırğaya bənzəyirdilər.

...

Xaqan Ər Tunqanın nəvəsi-varis -
Ölkəni idarə edirdi TOMRİS...

...

Əydi bu faciə Tomris Ananı,
Tapşırdı torpağa oğlu Azmanı!

Özünü Araza atdı Aysu da,
Dözmədi acıya, boğuldu suda...

...

Beləcə, hökmdar, o məğrur Qadın
Doldurdu tuluğa şər Kirin qanın.

Başını da saldı tuluğa həmən,
Atdı Xan Araza, baxdı sahildən.

...

Ustad Niftalı Göyçəliyə təşəkkür

Fürsətdən istifadə edərək, görkəmli şairimiz Ustad Niftalı Göyçəliyə milli kimliyi, tarixi yaddaşı və qəhrəmanlıq ruhunu tərənnüm edən belə bir əsərə görə səmimi təşəkkürümü bildirir, ona Ulu Tanrıdan uzun, sağlam və mənalı ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Ümid edirəm ki, Ustad Niftalı Göyçəlinin “Tomrisnamə” poeması ilk növbədə ədəbiyyatşünaslar və tədqiqatçılar, eləcə də milli-mənəvi dəyərlərə və tarixi yaddaşa bağlı oxucular tərəfindən layiqincə dəyərləndiriləcək.

İlqar İsmayılzadə
Fəlsəfə üzrə fəlsəfə doktoru,
Yazıçı-publisist

MANERA.AZ


Baxış sayı - 50 | Yüklənmə tarixi: 04.10.2026 09:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031