
İğdır şəhərində Azərbaycan-Türkiyə möhtəşəm Novruz tədbiri və atəşfəşanlıq keçirilib
19 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi, Qarsdakı Baş Konsulluğu, İğdır Valiliyi, Alagöz Holdinq və Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə möhtəşəm Novruz bayramı tədbiri, konsert proqramı və atəşfəşanlıq keşirilmişdir. İğdır şəhər Mərkəzi Alians Sarayında keçirilən bayram tədbirində İğdır şəhər Valiliyi, Azərbaycanın Türkiyədəki Səfirliiyi, Qars Baş Konsulluğu, Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmiləri, çoxsaylı İğdır ictimaiyyəti iştirak edib.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra təbrik çıxışları olub.
İlk öncə İğdır valisi Ercan Turan tədbiri açaraq Novruz bayramının Türk dünyasının ortaq dəyəri kimi səciyələndirərək, qardaş Azərbaycanla birgə belə böyük və möhtəşəm təşkil olunan Novruz bayramının şəhərdə də maraqla qarşılandığını bildirib. O, Novruzun əhəmiyyəti haqqında danışaraq, onun birlik və bərabərliyə xidmət etdiyini söyləyib.
Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov xalqlarımızın min illərdir yaşatdığı, özündə qədim tariximizi, zəngin mədəniyyətimizi əks etdirən Novruz bayramı münasibəti ilə təbriklərini çatdırıb. O, ortaq dəyərimiz olan Novruz bayramının İğdırda qardaş Türkiyə ilə birgə geniş qeyd olunmasının xüsusi əhəmiyyət daşıdığını və Novruzun dünyanın ən qədim, ən müdrik bayramı olaraq milli mədəniyyətimizdə rolu, dövlət səviyəsində qeyd olunmasından danışıb.
Digər çıxışçılar da Novruz bayramını xalqlarımızı birləşdirdiyini və zəngin mədəniyyətimizi özündə əks etdirdiyini söyləyiblər.
Daha sonra Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bədii konsert proqramı təqdim olunub.
Tədbirdə Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Elnarə Abdullayeva, Fəxri Nicat Kazım, Zəngəzur Rəqs Ansamblı, Naxçıvanın Yallı Ansamblı, Aşıq və zurnaçılar çıxış etmiş və geniş konsert proqramı təqdim edilib.
Sonda İğdır şəhər mərkəzi bələdiyyə meydanında Novruz tonqalları qalanıb, konsert bayram tonqalları ətrafında davam edib. Atəşfəşanlıq olub.
Bayram tədbiri ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Tədbir çərçivəsində qonaqlar üçün iftar süfrəsi də hazırlanıb.
Minlərlə insanın iştirak etdiyi Novruz şənliyində xalqımızın min illər boyu yaşayıb-yaratdığı Novruz bayramı, onun adət və ənənələri haqqında geniş məlumat verilib.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.