Dövlətin Elmi Siyasətinin prioritetləri – Elm günü

Müasir qloballaşan dünyada ölkələrin tərəqqi səviyyəsi əsasən elmin, təhsilin və intellektual potensialın gücü ilə müəyyən edilir. Bu baxımdan Azərbaycan Respublikasında elm və təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edilir. Azərbaycan alimlərinin fəaliyyətinə verilən yüksək dəyərin və elmi fəaliyyətə göstərilən dövlət qayğısının mühüm göstəricilərindən biri də hər il 27 mart tarixinin Elm Günü kimi qeyd olunmasıdır.
Azərbaycanda Elm Gününün təsis edilməsi ilə bağlı qərar, ölkədə elmin inkişafına verilən yüksək qiyməti əks etdirən mühüm addım olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmışdır. Bu sərəncam, dövlətin alimlərin fəaliyyətinə göstərdiyi diqqətin və intellektual potensialın inkişafına yönəlmiş siyasətin bariz ifadəsidir. Elm Gününün təsis olunması yalnız rəmzi xarakter daşımır, həm də Azərbaycanda elmi mühitin gücləndirilməsi, alimlərin cəmiyyətdə nüfuzunun artırılması və gənc nəslin elmə marağının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elm və təhsilin inkişafı strateji dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Dövlət başçısı dəfələrlə çıxışlarında qeyd etmişdir ki, XXI əsrdə ölkələrin tərəqqisi məhz bilik iqtisadiyyatının, innovasiyaların və elmi potensialın inkişafı ilə bağlıdır. Bu səbəbdən Azərbaycanda təhsil və elmin inkişafına yönəlmiş genişmiqyaslı proqramlar və dövlət qərarları həyata keçirilir.
Son illərdə ölkədə ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni elmi-tədqiqat mərkəzlərinin yaradılması, gənc alimlərin dəstəklənməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət başçısının təşəbbüsü ilə elm və təhsil sahəsində bir sıra dövlət proqramları qəbul edilmiş, innovativ texnologiyaların tətbiqi və elmi tədqiqatların inkişafı üçün geniş imkanlar yaradılmışdır.
Prezident İlham Əliyevin elmə və təhsilə göstərdiyi diqqət, ilk növbədə, ölkənin gələcək inkişafının məhz yüksək intellektual potensiala əsaslanması ideyasından qaynaqlanır. Bu siyasətin nəticəsində Azərbaycanda elmi tədqiqatların miqyası genişlənmiş, elmin müxtəlif sahələrində yeni istiqamətlər formalaşmış və beynəlxalq elmi əlaqələr daha da güclənmişdir.
Alimlərin sosial rifahının yaxşılaşdırılması, onların əməkhaqlarının artırılması və gənc tədqiqatçıların dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər elmi fəaliyyət üçün əlverişli mühitin formalaşmasına mühüm təsir göstərmişdir. Bu siyasət nəticəsində Azərbaycanda elmi fəaliyyətin nüfuzu daha da artmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş təhsilin inkişafına dair dövlət strategiyas, ölkənin davamlı tərəqqisini və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini təmin etmək məqsədilə, innovativ düşüncə tərzinə malik, yüksək ixtisaslı kadrların yetişdirilməsini və elmi tədqiqatların keyfiyyətinin davamlı olaraq artırılmasını əsas hədəflərdən biri kimi müəyyən edir.
Prezident İlham Əliyev elm və təhsil arasında əlaqənin prioritet olduğunu dəfələrlə vurğulamışdır. Bu məqsədlə, universitetlərdə elmi-tədqiqat mərkəzləri genişləndirilmiş, alimlərin dərs prosesinə cəlb edilməsi təşviq olunmuş, magistratura və doktorantura pillələrinin elmi səviyyəsinin yüksəldilməsi üçün proqramlar hazırlanmışdır.
Dövlət başçısının təşəbbüsü ilə həmçinin gənc alimlər üçün dövlət qrantları artırılmış, beynəlxalq konfranslarda iştirak imkanları genişlənmiş, doktorantların xarici ölkələrdə təhsil almasına şərait yaradılmış, “Gənc alimlər üçün xüsusi dövlət mükafatı” təsis edilmiş, Yüksək Texnologiyalar Parkı, İnnovasiya Agentliyi, “ASAN İnnovasiyalar” mərkəzi, Startap ekosistemini dəstəkləyən fondlar yaradılmışdır.
Əslində, elmin inkişafı təkcə texnoloji laboratoriyalarda aparılan tədqiqatlarla məhdudlaşmır. Elmi proses geniş mənada cəmiyyətin mədəni, tarixi və intellektual yaddaşını formalaşdıran humanitar sahələri də əhatə edir. Bu baxımdan dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və arxivşünaslıq kimi fundamental humanitar istiqamətlər də dövlət qayğısından ardıcıl şəkildə bəhrələnir. Prezident İlham Əliyevin imzaladığı sərəncam və qərarlar nəticəsində bu sahələrin təşkilati və struktur bazası möhkəmləndirilmiş, elmi tədqiqatların keyfiyyəti yüksəldilmiş və humanitar elmlərin inkişafına göstərilən dəstək dahada gücləndirilmişdir.
Prezident İlham Əliyevin apardığı xarici siyasət elmi əməkdaşlıq sahəsində də öz əksini tapir. Belə ki, Azərbaycan alimləri beynəlxalq konsorsiumlara qoşulur, YUNESKO, ISESCO, TURKSOY, TÜRKPA kimi qurumlarla elmi layihələr genişlənir, Xarici universitetlərlə ikili diplom proqramları və ortaq laboratoriyalar yaradılır. Bu, Azərbaycan elminin qlobal elmi proseslərə inteqrasiyasını sürətləndirir.
Dövlət başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə kompleks elmi tədqiqatların aparılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bu fəaliyyətə arxeoloji tədqiqatlar, ekologiya və biomüxtəliflik üzrə elmi layihələr, tarix və mədəni irsin öyrənilməsi, eləcə də “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının tətbiqi daxildir. Bu tədqiqatlar yalnız dünya elmində müasir elmi tendensiyalara uyğun yeni biliklərin formalaşmasına töhfə vermir, həm də Azərbaycan alimlərinin araşdırma imkanlarını genişləndirir, elmi məktəblərin inkişafına əlavə stimul yaradır və ölkənin akademik potensialının beynəlxalq elmi məkanda daha da güclənməsinə zəmin yaradır.
Elm Gününün təsis olunması ilə bağlı görülən işlərdə və bu təşəbbüsün elmi ictimaiyyət arasında geniş şəkildə təbliğ olunmasında Azerbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Akademik İsa Həbibbəyli Azərbaycan elminin inkişafı, elmi idarəetmənin təkmilləşdirilməsi və elmi mühitin modernləşdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edən görkəmli alim və təşkilatçılardandır.
Onun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətin səmərəliliyinin artırılması, elmi tədqiqatların beynəlxalq standartlara uyğunlaşdırılması və gənc alimlərin elmi fəaliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılmışdır.
Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Elm Günü münasibətilə müxtəlif elmi konfranslar, simpoziumlar, seminarlar və müzakirələr təşkil olunur, Azərbaycan elminin nailiyyətləri geniş ictimaiyyətə təqdim edilir.
Bu tədbirlər yalnız elmi ictimaiyyət üçün deyil, həm də cəmiyyətin müxtəlif təbəqələri üçün elmin əhəmiyyətinin təbliği baxımından böyük rol oynayır. Elm Gününün qeyd olunması gənclərin elmə marağının artırılmasına, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və elmi məktəblərin inkişafına xidmət edir.
Bu gün Azərbaycanda elm sahəsində aparılan tədqiqatlar müxtəlif istiqamətləri əhatə edir. Humanitar və ictimai elmlərlə yanaşı, texniki və təbiət elmləri sahəsində də mühüm elmi nəticələr əldə olunur. Azərbaycan alimləri beynəlxalq elmi layihələrdə iştirak edir, dünya elmi mərkəzləri ilə əməkdaşlıq edir və qlobal elmi proseslərə töhfə verirlər.
Dövlət tərəfindən elm və təhsil sahəsinə göstərilən davamlı diqqət Azərbaycan elminin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə elm və təhsil sahəsi dinamik inkişaf edir, innovasiya istiqamətində yeni imkanlar formalaşır.
Beləliklə, 27 mart - Elm Günü Azərbaycan dövlətinin elmə və alimlərə göstərdiyi yüksək diqqətin rəmzidir. Prezident İlham Əliyevin elm və təhsilə verdiyi böyük önəm, eləcə də akademik İsa Həbibbəylinin bu sahədə həyata keçirdiyi təşkilati və elmi fəaliyyət nəticəsində Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Hər il Azərbaycan Respublikasında Elm Gününün qeyd olunması yalnız alimlərin fədakar əməyinə verilən yüksək qiymətin ifadəsi olmaqla qalmır, eyni zamanda ölkəmizin intellektual gələcəyinə olan güclü inamın və dövlətin elmin inkişafına yönəlmiş strateji siyasətinin parlaq təzahürüdür.
Aynel Məşədiyeva,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru