Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır
![]()
Qarabağ ərazisində aparılan arxeoloji tədqiqatlar bölgənin qədim tarixi və maddi mədəniyyəti haqqında mühüm elmi məlumatların əldə edilməsinə imkan verir.
Bu fikri AZƏRTAC-a müsahibəsində görkəmli arxeoloq, professor Hidayət Cəfərov söyləyib.
Hidayət Cəfərov Ermənistan tərəfindən Azərbaycan ərazisindəki tarixi abidələrlə bağlı irəli sürülən iddialara münasibət bildirərkən bu məsələlərə arxeoloji və antropoloji materiallar əsasında yanaşılmasının vacibliyini qeyd edib. O, Qarabağda aparılan arxeoloji tədqiqatların yerli əhalinin qədim tarixi ilə bağlı elmi materiallar ortaya qoyduğunu söyləyib.
Professor Ağdam ərazisində, Şahbulaq yaxınlığında aparılan qazıntılara da toxunub. Onun sözlərinə görə, həmin ərazidə aparılan tədqiqatların nəticələri qədim yaşayış məskənlərinin tarixinin dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir.
Hidayət Cəfərov bildirib ki, arxeoloji tədqiqatlarda hər hansı tarixi iddianın əsaslandırılması üçün başlıca meyar maddi və elmi faktlar olmalıdır. Qarabağda aparılan qazıntıların nəticələri bölgənin qədim tarixinin, şəhər mədəniyyətinin və yaşayış məskənlərinin elmi əsaslarla öyrənilməsinə imkan verir.