Azərbaycanda insanların yaşadığı ən qədim mağara Azıx mağarasıdır. Bu mağara dünyanın ən qədim insan məskənlərindən biridir. Qeyd edək ki, Azıx mağarası dünyanın 4-cü tapıntısıdır.
Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən Azıx mağarası, Qarabağın Quruçay dərəsində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 200-250 metr yüksəklikdədir.
Azərbaycan Tarix Muzeyində saxlanılır.Azıx mağarası Qarabağın Füzuli rayonu ərazisində, rayonun Azıx və Salaketin kəndləri arasında, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.
Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.
1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor Dəmir Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.
Azıx mağarasında, həmçinin ayının, şirin, kərgədanın, maralın, atın, qabanın və digər vəhşi heyvanların sümükləri tapılmışdır.
Azıx mağarasında ocaq izləri və daş alətləri də tapılmışdır. Bu alətlərin 1-1.5 milyon il əvvələ aid olduğu söylənilir. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.
Mağaranın kəşf edilməsi1918-1953-cü illərdə Azərbaycan ərazisində aparılan arxeoloji kəşfiyyat və qazıntı işləri zamanı ölkə ərazisinin qədim keçmişinə aid yüzlərlə maddi mədəniyyət abidələri qeydə alınmışdır. Lakin həmin abidələr içərisində Daş dövrünə aid heç bir arxeoloji abidə qeydə alınmamışdır. Hətta 1881-ci ildə Tiflis şəhərində keçirilən V Arxeoloji Qurultayda Zaqafqaziya və o cümlədən Azərbaycan ərazisində ibtidai insan düşərgələri olmadığı haqqında qərar çıxarılmışdır.
1950-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan ərazisində Daş dövrü abidələrinin öyrənilməsi üçün xüsusi plan hazırlamışdır. Bu plana uyğun olaraq, 1953-cü ildə Daş dövrü üzrə görkəmli alim S.N.Zamyatnin SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutu tərəfindən Bakıya dəvət olunmuşdur. 1953-cü ilin payızında Azərbaycan Elmlər Akademiyasında Paleolit dövrü üzrə ilk dəfə olaraq arxeoloji kəşfiyyat işlərinə başlanmışdır. S.Zamyatninlə birlikdə M.Hüseynov 1953-cü il noyabrın 1-dən 30-dək Azərbaycanın Şamaxı, Mərəzə və Qazax rayonları ərazisində arxeoloji kəşfiyyat işləri aparmışlar. 1953-cü ilin payızında Damcılı düşərgəsində aparılan arxeoloji kəşfiyyat işləri zamanı tapılmış arxeoloji və paleontoloji tapıntılar burada Daş dövrü insanlarının məskunlaşmasını söyləməyə imkan vermişdir.
Azərbaycan ərazisində Daş dövrü düşərgələrini müəyyən etmək məqsədilə 1956-cı ildə Elmlər Akademiyasının Tarix muzeyində M. M. Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası təşkil olundu. 1956-1958-ci illərdə Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qazax rayonu ərazisində olan Damcılı mağara düşərgəsində arxeoloji qazıntı işləri apardı.
1958-ci ilin yay fəslində M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qazax rayonu ərazisində kəşfiyyat işləri aparmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Daş dövrünə aid yeni bir düşərgə qeydə alınmışdır. Mağara düşərgəsi Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında olduğu üçün ona Daşsalahlı mağarası adı verilmişdir. Aparılan arxeoloji qazıntılar zamanı Daşsalahlı mağara düşərgəsindən tapılmış daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların orta Paleolit dövründə hazırlandıqlarını söyləmək olmuşdur.
1958-ci ilin iyul ayında SSRİ EA-nın Qafqaz arxeoloji ekspedisiyası qısamüddətli kəşfiyyat işləri zamanı rayonun Yuxarı Salahlı kəndi yaxınlığında Mustye mədəniyyətinə aid açıq düşərgə qeydə almış və oradan əmək alətləri tapmışdı.
1960-cı ilin iyun-iyul aylarında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qarabağ ərazisində kəşfiyyat işləri aparmışdır. Kəşfiyyat işləri Qarabağın Quruçay və Köndələnçay vadilərində və ona yaxın ərazilərdə aparılmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Quruçayın sol sahilində Azıx və Tağlar düşərgələri qeydə alınmışdır.
Azıx qədim insan düşərgəsində aparılan arxeoloji tədqiqat işlərində ilk vaxtlar, ancaq Azərbaycan alimləri iştirak edirdilər. Lakin sonralar çoxtəbəqəli paleolit düşərgəsində aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi, burada kompleks şəkildə arxeoloji qazıntı işlərinin aparılmasını gərəkliyini ortaya çıxardı. Ona görə də Azıx paleolit düşərgəsində arxeoloqlarla yanaşı, paleontoloqlar, paleogeoloqlar, paleogeomorfoloqlar, paleoantropoloqlar və digər elm sahələrinin mütəxəssisləri tədqiqat işləri aparmağa başladılar.
Azıxda elmi tədqiqatlar aparan M.M.Hüseynov, D.V.Hacıyev, Ə.V.Məmmədov, N.Ş.Şirinov, Ə.Q.Cəfərov, A.A.Veliçko, S.D.Əliyev, M.B.Süleymanov və başqa alimlərin fəaliyyəti nəticəsində Paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin elmi materiallar aşkar edilmişdir.
TədqiqiAzərbaycanın daş dövrü düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının bəşər sivilizasiyasının tarixini tədqiq etmək üçün əvəzsiz arxeoloji mənbələr olduğunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan və Gürcüstan alimləri 2001-ci ildə Beynəlxalq İNTAS-2000 adlı proqram hazırlamışlar. Proqram 2001-ci ilin iyul ayında Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda təsdiq olunmuşdur.
Həmin proqrama uyğun olaraq Ə.Q.Cəfərov Fransanın İnsan Paleoantologiya İnstitutu və Avropa Arxeoloji Tədqiqatlar Mərkəzində Azərbayanın paleolit düşərgələrinin maddi mədəniyyət qalıqları haqqında elmi məruzələrlə çıxış etmişdir. Məruzələrə Azıx, Tağlar və digər paleolit düşərgələrinin arxeoloji və paleoantoloji tapıntıları şərh edilmiş, azıxantropun çənə sümüyünün qalığının isə Qafqaz və Yaxın Şərqdə ən qədim paleoantropoloji tapıntı olduğunu bildirmişdir.
Azıx mağarasının planı (Xankəndi Tarix-Diyarşünaslıq Muzeyi)2002-ci ildə sentyabrın 7-dən oktyabrın 1-dək Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq Avropa ölkələrindən 22 görkəmli alim başda professor Henri dö Lümley (fr. Henry de Lumley) olmaqla Bakıya gəlib çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olmuş və bu tapıntıların dünya arxeologiya, paleontologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyəti olduğunu yekdilliklə qeyd etmişlər./ faktxeber.com, "Azərbaycanı tanıyaq" rubrikası/
P.S: 1993-cü ildən etibarən erməni işğalı altında olan mağara 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmişdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.