manera.az
manera.az

Şəki abidələrinin dünya miqyasına çıxarılması ilə fəxr edirik

Şəki abidələrinin dünya miqyasına çıxarılması ilə fəxr edirik
Mirvari ZEYNALOVA,
Şəki Regional Mədəniyyət İdarəsinin rəisi

Məlum olduğu kimi, son illər həm dövlət başçımız, həm də Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Təbii ki, bu fəaliyyət beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılır. Məlum olduğu kimi, İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Dövlət başçımızın da dediyi kimi, bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.

Bu baxımdan 2019-cu ilin iyul ayı xalqımız, xüsusən, Şəki ictimaiyyəti üçün xüsusilə əlamətdar oldu. Belə ki, iyulun 7-də Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında müzakirəyə çıxarılan növbəti nominasiya Azərbaycanın təqdimatı – Şəki Xan Sarayının və şəhərin tarixi mərkəzini Ümumdünya İrs Siyahısına salınması ilə bağlı məsələ oldu. Nominasiya ilə bağlı Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın hesabatı dinlənildi. Şəki Xan Sarayında aparılmış son bərpa işləri barədə məlumat verildi. Şəhərin tarixinin iki min ilə yaxın olduğu qeyd edildi. Bununla belə, adıçəkilən şura tərəfindən müəyyən tövsiyələrin də olduğu bildirildi.

Çoxsaylı müzakirələrdən sonra Şəki Xan Sarayı ilə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması ilə barədə qərarqəbul olundu. Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanıoldu. Bizim üçün ən xoş olan məqamlardan biri də həm cənab Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu münasibətlə xalqımızı təbrik etməsi idi.

Mən fəxrlə qeyd edirəm ki, Şəki Azərbaycanın ən qədim ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən biridir. Şəhərimizdə Sabit Rəhman adına Dövlət Dram Teatrı, AMEA-nın regional elmi mərkəzi, bir ali məktəb, kolleclər, 97 ümumtəhsil məktəbi, çoxlu sayda səhiyyə və mədəniyyət müəssisələri fəaliyyət göstərir. Şəkinin Azərbaycanın qədim mərkəzlərindən biri kimi şöhrət qazanması həm də onun zəngin tarixi və mədəniyyət abidələrinin mövcudluğu ilə bağlıdır. Şəki şəhəri və rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş dünya, ölkə və yerli əhəmiyyətli 84 arxeoloji və memarlıq abidəsi var. Onlardan I-IV əsrlərə aid Kiş alban məbədi, XVIII əsrə aid Şəki Xan Sarayı dünya əhəmiyyətli abidələrdir.

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi ərzində zəngin sənət irsi yaratmışdır. Bu böyük sərvətin xeyli hissəsi nəsildən-nəsilə keçərək bizim dövrümüzədək gəlib çatmışdır. Ölkəmizdə sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri də qədim Şəki şəhəri olmuşdur. Qədim və orta əsr sənətkarlarının misilsiz sənət ənənələrini, onların əməli təcrübəsini davam etdirən Şəki sənətkarlarının fədakar əməyi sayəsində bu şəhərdə zəngin tarixi-mədəni irs yaranmışdır. Şəkinin sakinləri öz bənzərsiz ənənələrini və qədim sənət biliklərini bu gün də qoruyub saxlamışlar. Şəkinin şəhər həyatı ilə əkiz yaranan sənət sahələri bizim dövrümüzədək gəlib çıxmışdır. Dəmirçilik, silahsazlıq, misgərlik, zərgərlik, papaqçılıq, duluzçuluq, şəbəkəçilik, xalçaçılıq və s. qədim köklərə malik olan bir çox istehsal sahəsi Şəkinin sənət məbədinin sütunlarını təşkil edir.

Bütün bu səbəblər üzündən hər il Şəkidə çox sayda mədəni-kütləvi tədbirlər keçirilir, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunur. Artıq Şəki Azərbaycanda festivallar şəhəri kimi tanınır. Şəhərimizdə Beynəlxalq Musiqi festivalının, şirniyyat festivalının və teatr festivalının keçirilməsi ənənə şəklini almışdır. Festivalların keçirilməsinin əsas məqsədi xalqımızın qeyri-maddi irsinin qorunub saxlanması və təbliğ olunmasına, eyni zamanda, Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasına nail olmaqdır.

Bəzi faktları yada salmaq istərdim. 2010-cu ildə ölkəmizin şəhərləri arasında ilk dəfə olaraq Şəki "Azərbaycanın sənətkarlıq paytaxtı" seçilmişdir. Yaxud, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il Qazaxıstanın Astana, 2013-cü ildə Türkiyənin Əskişehir, 2014-cü ildə Tatarıstanın Kazan şəhəri, 2015-ci ildə isə Türkmənistanın Marı şəhəri paytaxt elan olunmuşdu. 2015-ci ildə Türkmənistanın Marı şəhərində keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki şəhəri 2016-cı ildə “Türk dünyasının
mədəniyyət paytaxtı” elan edilmişdi.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının –TÜRKSOY-un baş katibi Düsen Kaseinov 2016-cı ildə Türk dünyasının mədəniyyət paytaxtı olaraq məhz Şəki şəhərinin seçilməsi səbəblərini müsahibələrinin birində belə açıqlamışdır: “Şəkidə ənənəvi olaraq keçirilən beynəlxalq festivallarda türkdilli ölkələrin musiqi kollektivlərinin iştirakı, bu şəhərdə TÜRKSOY rəssamlarının görüşünün, türkdilli ölkələrin milli geyimlərindən ibarət dəfilənin təşkili, ənənəvi olaraq hər il İpək Yolu Beynəlxalq musiqi, kulinariya və şirniyyat festivallarının, 2014- cü ildə I Beynəlxalq Teatr Festivalının, Beynəlxalq Zərb Alətləri Festivalının, 2015-ci ildə Şəki Teatrında tanınmış türk dramaturqu Haldun Tanerin əsərinin tamaşaya qoyulması və digər tədbirlər Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsində öz rolunu oynayıb... Əsas məsələ odur ki, bu şəhərdə qonaqlara göstərmək üçün hər şey var. Dünya memarlığının incisi Xan Sarayı, karvansaraylar, qədim Alban məbədləri və digər tarixi məkanlar, həmçinin gözəl təbiət Şəkinin paytaxt seçilməsini şərtləndirən əsas amillərdəndir.”

Şəhərimizin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi proqramı çərçivəsində 27 iyun-1 iyul tarixlərdə Şəkidə VII Ənənəvi İpək Yolu Beynəlxalq Musiqi Festivalı keçirilmiş, orada 11 türkdilli ölkənin musiqiçilərini özündə cəmləşdirən TÜRKSOY-un Beynəlxalq Xalq Çalğı Alətləri Orkestri, Türkiyənin “Şimdi” ansamblı, Yaponiyanın “Va-Liqa” musiqi ansamblı, İstanbul Şəhər Bələdiyyəsinin Anadolu Türk Xalq Mahnı və Rəqs Ansamblı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı və Kamera Orkestri, “Zirvə” İnstrumental Ansamblının iştirakı ilə rəngarəng konsert proqramları təşkil edilmişdir.

2016-cı il iyulun 20-də festivallar şəhəri kimi tanınan qədim Şəkidə Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli
Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Şəki III Beynəlxalq Ənənəvi Şirniyyat Festivalında
respublikamızın 19 şəhər və rayonunun, həmçinin 8 ölkənin – İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşiya Respublikası, Özbəkistan, İran və Ukraynanın şirniyyatçıları iştirak etmişlər.

Mədəniyyət paytaxtı proqramı çərçivəsində, həmçinin burada II Şəki Beynəlxalq Teatr Festivalına start verilmişdir. Festivalda ölkəmizlə yanaşı,
Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin teatr kollektivləri iştirak etmişlər. Azərbaycan bu festivalda Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki və Gəncə Dövlət Dram teatrları ilə təmsil olunmuşdur.

Şəhərimiz 2019-cu il iyunun 29-dan iyulun 3-dək növbəti beynəlxalq festivala evsahibliyi etmişdir. Şəkidə ənənəvi olaraq hər il reallaşdırılan 10-cu Beynəlxalq İpək Yolu Festivalı, həmişə olduğu kimi, bu il də yaddaşlarda dərin izlər buraxmışdır.

Sonda qeyd edim ki, Şəkinin maddi və qeyrimaddi mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında və təbliğində Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti rəhbərliyinin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, bu məsələdə əməyi keçən hər bir kəsə təşəkkür edirik.

Mən yaranmış imkandan istifadə edərək ölkəmizin mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində misilsiz xidmətləri
olan möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün mədəniyyət işçiləri adından dərin minnətdarlığımı bildirirəm. /"Xalq qəzeti"/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31