Türkiyənin Iğdır şəhərində Rəqəmsal Media Forumu keçiriləcək

Türkiyə İnternet Jurnalistləri Dərnəyi (TİGAD) 6–10 avqust tarixlərində Iğdır şəhərində genişmiqyaslı Rəqəmsal Media Forumu təşkil edəcək.
MANERA.AZ xəbər verir ki, forumda Türkiyənin 81 şəhərindən və TİGAD-ın xarici ölkələrdəki nümayəndəliklərindən ümumilikdə 140 jurnalistin iştirakı nəzərdə tutulur.
Tədbir TİGAD-ın başqanı Okan Geçgelin rəhbərliyi ilə keçiriləcək. Yerli təşkilati işlərə TİGAD-ın Iğdır üzrə nümayəndəsi Halit Öztürk və təşkilat komitəsinin üzvləri nəzarət edəcəklər.
Forumda media nümayəndələri ilə yanaşı, dövlət rəsmilərinin, bürokratların və siyasətçilərin də iştirakı gözlənilir.
Proqram çərçivəsində rəqəmsal medianın mövcud vəziyyəti, internet jurnalistikasının qarşılaşdığı problemlər və sahənin inkişaf perspektivləri müzakirə olunacaq. Peşəkar sessiyalarda jurnalistlər təcrübə mübadiləsi aparacaq, media qurumları arasında əməkdaşlığın genişləndirilməsi və peşəkar həmrəyliyin gücləndirilməsi istiqamətində fikir mübadiləsi keçiriləcək.
TİGAD-ın müxtəlif şəhərlərdə təşkil etdiyi peşəkar görüşlərin davamı olan Iğdır toplantısı dərnəyin sayca 13-cü Rəqəmsal Media Çalıştayı kimi keçiriləcək.
Forum yalnız peşəkar müzakirələrlə məhdudlaşmayacaq. İştirakçılar üçün təşkil ediləcək mədəni proqram çərçivəsində Iğdırın tarixi irsi, turizm məkanları, təbii gözəllikləri, milli mətbəxi və folklor nümunələri təqdim olunacaq.
Təşkilatçılar bildirirlər ki, forum çərçivəsində hazırlanacaq reportaj və xəbərlər vasitəsilə Iğdırın turizm potensialı Türkiyə ilə yanaşı, TİGAD-ın xarici nümayəndəlikləri vasitəsilə beynəlxalq auditoriyaya da çatdırılacaq.
Dörd gün davam edəcək tədbirin rəqəmsal jurnalistika sahəsində aktual müzakirələrə töhfə verməsi, media nümayəndələri arasında əməkdaşlığı gücləndirməsi və Iğdırın tarixi-mədəni dəyərlərinin daha geniş tanıdılmasına xidmət edəcəyi vurğulanır.
Qeyd edək ki, foruma TİGAD-ın Azərbaycan təmsilçisi Manera.az saytının baş redaktoru dr. Şəhla Aslan da qatılacaq.
Manera.az
Ankara