Jurnalistikanın gələcəyinə baxış: TİGAD Afyonkarahisarda toplanır - Foto

Türkiyə İnternet Jurnalistikası Dərnəyi (TİGAD) tərəfindən təşkil olunan “Yeni Nəsil Jurnalistika” adlı seminar, Türkiyənin Afyonkarahisar Bələdiyyəsinin dəstəyi ilə 18 yanvar 2025-ci il tarixində Afyonkarahisarda baş tutacaq.
“Çakmak Marble” otelinin konfrans salonunda saat 10:00-da başlayacaq bu mötəbər tədbir, jurnalistikanın gələcəyinə işıq tutaraq, media dünyasının qabaqcıl nümayəndələrini bir araya gətirəcək. Seminarda jurnalistikanın rəqəmsallaşma prosesində yaşanan yeniliklər, yeni nəsil xəbərçilik anlayışı və bu sahədəki aktual məsələlər müzakirə ediləcək.
Ənənəvi və rəqəmsal medianın nümayəndələrini bir araya gətirən proqramda, sektorun qarşılaşdığı problemlər, onların həlli yolları və rəqəmsal transformasiya dövrünün çətinlikləri masaya yatırılacaq.
Seminarda media sahəsinin tanınmış simaları çıxış edərək jurnalistikanın gələcəyinə dair fikir mübadiləsi aparacaq. Türkiyənin müxtəlif bölgələrindən qatılan media nümayəndələri arasında Azərbaycanın tanınmış araşdırmaçı-yazarı, Manera.az saytının baş redaktoru Şəhla Aslan da iştirak edəcək.
Tədbirin davamında Afyonkarahisarın zəngin tarixi və mədəni irsi ilə tanışlıq məqsədilə mədəniyyət mərkəzlərinə və tarixi məkanlara ziyarətlər təşkil ediləcək.
 TİGAD-ın başqanı Okan Geçgel tədbirin əhəmiyyətini vurğulayaraq deyib: "Jurnalistika peşəsinin etik dəyərlər çərçivəsində, innovativ və tərəfsiz yanaşma ilə daha da güclənməsi üçün çalışırıq. Bu seminar, media sektorundakı rəqəmsal dönüşümü anlamaq və bu dəyişikliklərə uyğunlaşmaq istəyənlər üçün əvəzsiz bir fürsət olacaq."
Yeni Nəsil Jurnalistika Konfransı, sürətlə dəyişən media dünyasında yerini möhkəmləndirmək istəyən hər kəs üçün dəyərli bir platformadır. Bu tədbir, jurnalistikanın gələcəyini formalaşdırmaq üçün mühüm bir dönüş nöqtəsi kimi tarixə düşəcək.
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.