Vətəninə, dövlətinə, xalqına həsr olunan 80 illik ömür

Çağdaş Azərbaycan ziyalılığının, dövlətçilik təfəkkürünün və milli maraqlara sədaqət ənənəsinin daşıyıcısı olan dəyərli diplomat, fövqəladə və səlahiyyətli səfir Hüseyn Quliyevin mənalı ömür yoluna ehtiramla...
Bu gün 80 illik mənalı ömrünü Vətəninə, dövlətinə və xalqına həsr etmiş Azərbaycanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyevin yubileyi ərəfəsində onun haqqında ürəyimdən keçənləri qələmə almağı özümə mənəvi borc bildim.
Ömrün hər anı gözəldir. İnsan ömrü təbiətin fəsilləri kimi öz rəngini, öz hikmətini, öz işığını daşıyır. Baharın təravəti, yayın hərarəti, payızın kamalı, qışın müdrikliyi necə təbiətin bütöv ahəngini yaradırsa, ləyaqətlə yaşanmış ömür də zamanın yaddaşında elə bir iz buraxır ki, illər keçdikcə daha aydın görünür, daha böyük ehtiram doğurur. Hüseyn müəllimin ömür yolu da məhz belə talelərdəndir. Bu ömürdə xidmət var, sədaqət var, zəhmət var, dövlətə bağlılıq var, insanlara sevgi var.
Çağdaş Azərbaycan ziyalılığının tarixinə adını yazdıran elə şəxsiyyətlər var ki, onların çoxölçülü mənəvi portreti zamanın sərhədlərini aşaraq geniş bir mənəvi coğrafiyaya çevrilir. Hüseyn Quliyev də məhz bu qəbildən olan insanlardandır. O, daşıdığı məsuliyyət, qoruduğu etimad və təmsil etdiyi dövlətin nüfuzuna verdiyi töhfələrlə seçilib.
Hüseyn Rzaqulu oğlu Quliyev 23 iyun 1946-cı ildə Naxçıvanda dünyaya gəlib. Orta təhsilini Naxçıvan şəhərində alıb, daha sonra M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb. Sonrakı illərdə həyat yolu onu daha böyük məsuliyyət meydanlarına aparıb. 1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı kimi çalışıb. 1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşavir, 1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşavir kimi mühüm diplomatik fəaliyyət göstərib. 1991–1995-ci illərdə Xarici Kəşfiyyat Xidmətində çalışıb. 1995–1997-ci illərdə “İDİL” Türk inşaat şirkətinin Rusiya nümayəndəliyində, 1997–2007-ci illərdə Rusiyanın “Trans-Nafta” şirkətində vitse-prezident vəzifəsində fəaliyyət göstərib. 2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009–2012-ci illərdə idarə rəisi kimi çalışıb. 2012-ci ildən etibarən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi ölkəmizi yüksək peşəkarlıqla təmsil edir.
Bu zəngin və çoxşaxəli fəaliyyət yoluna diqqətlə baxanda aydın görünür ki, Hüseyn müəllimin ömür salnaməsi ayrı-ayrı vəzifələrin ardıcıllığı kimi yox, Azərbaycan dövlətçiliyinə xidmətin müxtəlif mərhələləri kimi oxunur. O, təhlükəsizlik sahəsində, diplomatik xidmət xəttində, iqtisadi əlaqələrin qurulması istiqamətində və beynəlxalq münasibətlər müstəvisində bir amala sadiq qalıb: dövlət maraqlarına sədaqət.
Belə bir ömür təsadüfən formalaşmır. Bu yolun mənəvi başlanğıcı ailədən, kökdən, tərbiyədən gəlir. Hüseyn müəllim elə bir ocağın övladıdır ki, həmin ocaq Azərbaycan yaddaşında mərdlik, sədaqət, təmizlik və Vətən sevgisi ilə yaşayır. Atası, “unudulmaz kəşfiyyatçı” kimi anılan Rzaqulu Quliyev peşə fəaliyyəti ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri, insanlara yaxınlığı, haqqın yanında dayanması ilə xalqın qəlbində dərin yer tutub. Mərhum prezident, ümummilli lider Heydər Əliyevin ailəsində böyüyən, o böyük məktəbin mənəvi nəfəsini duyan Rzaqulu Quliyevin övladı kimi Hüseyn müəllimin də həyat yolunda dövlətçilik ruhunun xüsusi bir xətt kimi uzanması tam təbiidir.
Bu gün ömür sarayının 80-ci qapısına yetişən yubilyar uzun illər müxtəlif dövrlərdə daşıdığı yüksək məsuliyyətli vəzifələrdə, eləcə də Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi illərdə bir çox bağlı qapıların açılmasına, yeni körpülərin qurulmasına, ölkələr və insanlar arasında etimad mühitinin güclənməsinə böyük töhfələr verib. O, öz aydınlığı, dövlətçilik ərkanına bağlılığı, sözdə və əməldə dürüstlüyü ilə seçilib. Ömrünün az qala iki qərinəsini Azərbaycan dövlətçiliyi naminə fəaliyyətə həsr edən Hüseyn müəllim harada çalışıbsa, özünü ləyaqətlə təmsil edib, etibarı qoruyub, adı ilə nüfuz qazanıb.
Mən Hüseyn müəllimi səciyyələndirən üç əsas keyfiyyəti xüsusilə qeyd etmək istəyirəm.
Birincisi, dövlətə sədaqətdir. Bu, onun həyat yolunun ana xəttidir. Vətənindən uzaqda yaşayıb Vətənə uzaqdan xidmət edən, Azərbaycan adını müxtəlif ölkələrdə ləyaqətlə təmsil edən, hər zaman milli maraqları üstün tutan bir insanın iç dünyasında dövlət sevgisi xüsusi bir məqam tutur. Hüseyn müəllim üçün vəzifə etimadın məsuliyyəti, bayrağın yükü, dövlət adının şərəfi mənasını daşıyıb.
İkincisi, insanlıq və sadəlikdir. Yüksək məqam sahibi olmaqla bərabər əlçatan qalmaq, insanlarla səmimi ünsiyyət qurmaq, qarşısına çıxan hər kəsdə əvvəlcə insanı görmək hər adama nəsib olmur. Onu tanıyanların dilində ən çox səslənən ifadələrdən biri məhz budur: “çox sadə insandır”. Bu sadəlik zahiri davranış çalarları ilə məhdudlaşmır; bu, onun daxili mədəniyyətindən, ailə tərbiyəsindən, həyat təcrübəsindən gələn dəyərdir.
Üçüncüsü, haqqa və ədalətə bağlılıqdır. İllər ərzində onda dürüstlüyü, insanlara yardım etmək əzmini, haqqın və ədalətin yanında dayanmaq bacarığını görmüşəm. Bu keyfiyyətlərindən saatlarla danışmaq olar. Hər nümunə onun xarakterinin daha bir işıqlı tərəfini açır. O, münasibətlərdə ölçünü qoruyan, sözdə səmimiyyətə, davranışda ləyaqətə üstünlük verən insanlardandır.
Mənim üçün Hüseyn müəllimlə bağlı ən yaddaqalan və qürurverici məqamlardan biri də şəxsi yaradıcılıq yolumun mühüm bir səhifəsi ilə bağlıdır. Gənc yazar olaraq 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığım və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr etdiyim ikinci kitabım — “Qalib sərkərdənin zərif gücü — Mehriban Əliyeva” adlı əsərim üçün ön söz müəllifi qismində məhz Hüseyn müəllimə müraciət etdim. Bu müraciət mənim üçün həm yaradıcı məsuliyyət, həm də mənəvi həyəcan idi. Hüseyn müəllim kitabı böyük diqqətlə oxuyub, onu duyub, dəyərləndirib və ön söz müəllifi olmağı qəbul etdi. Bu qərar mənim üçün böyük etimad idi, eyni zamanda yaradıcılıq yoluma verilən dəyərin ifadəsi idi.
Daha sonra Mehriban xanım Əliyevanın ad günü ərəfəsində — avqustun 26-da həmin kitabın təntənəli imza günü Hüseyn müəllimin təşkilatçılığı ilə məhz Özbəkistan Respublikasında keçirildi. Bu mərasim böyük mədəni hadisəyə çevrildi. Özbəkistanın rəsmi dövlət nümayəndələrinin, Azərbaycandan dəvət olunan yüksək vəzifəli şəxslərin iştirakı ilə keçirilən həmin tədbirdə Azərbaycanın Birinci xanımının çoxşaxəli fəaliyyəti, humanitar missiyası, mədəniyyətə, təhsilə, milli-mənəvi dəyərlərə verdiyi töhfələr geniş şəkildə təqdim olundu. Bu tədbirin yüksək səviyyədə təşkili, onun məzmununa verilən diqqət, Azərbaycanın dövlətçilik və mədəniyyət xəttinin qardaş ölkədə ehtiramla təqdim olunması Hüseyn müəllimin təşkilatçılıq bacarığının, Azərbaycan adına göstərdiyi həssas münasibətin parlaq nümunəsi kimi yaddaşıma həkk olundu.
Bu fürsəti dəyərləndirib belə bir mənəvi mühiti birlikdə yaşamaq mənim üçün böyük qürur oldu. Bu hadisə bir daha göstərdi ki, Hüseyn müəllim üçün diplomatik fəaliyyət rəsmi təmsilçilik çərçivəsindən daha geniş məna daşıyır; o, həm də Azərbaycan həqiqətlərinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan qadınının nəcib simasının, Azərbaycan dövlətçiliyinin ali dəyərlərinin tanıdılması istiqamətində könüldən çalışan ziyalı diplomatdır.
Hüseyn müəllimin ömür yolu həm də bir ailə adamının, bir nəslin dəyərlərini yaşadan insanın ömür yoludur. O, harada çalışıbsa, ailəsini, milli kökünü, mənəvi dayaqlarını özü ilə aparıb. Böyük həyat təcrübəsi, müxtəlif ölkələrdə qazandığı müşahidələr, insan xarakterinə bələdliyi, hadisələrə soyuqqanlı yanaşmaq bacarığı onun şəxsiyyətinə ayrıca dərinlik verib. Yaşının bu müdrik çağında da gənclik enerjisini qoruyub saxlaması, daim hərəkətdə olması, həyata maraqla yanaşması, insanlarla ünsiyyətdən zövq alması onun daxili dinamizmini aydın göstərir.
Hüseyn Quliyev haqqında düşünərkən bir həqiqət bütün parlaqlığı ilə üzə çıxır: belə insanlar ömrün yalnız illərini yaşamırlar, hər ilin içinə məna, hər mərhələsinə isə ləyaqət möhürü vururlar. Onların həyatında zaman ard-arda düzülən təqvim vərəqləri ilə yadda qalmır, Vətənə xidmətin, dövlətə sədaqətin və insanlıq məsuliyyətinin ucaltdığı mənəvi pillələrlə dəyər qazanır. Elə buna görə də Hüseyn müəllimin 80 illik yubileyi ehtiram, qürur və mənəvi kamilliklə işıqlanan bir ömür salnaməsi kimi səslənir.
Bu ömür gün zirvəsində, müdriklik pilləsində onu tanıyan, sevən insanların ortaq bir arzusu var: Hüseyn müəllimin sağlam, gümrah, işıqlı ömrü uzun olsun; onun təcrübəsindən, həyat məktəbindən, mənəvi duruşundan hələ uzun illər faydalanaq. Çünki belə ömürlər təkcə bir ailənin, bir çevrənin, bir vəzifə sahibinin sərvəti sayılmır; belə ömürlər millətin mənəvi kapitalıdır.
Doğum günü münasibətilə qələmə aldığım bu yazıda onu səciyyələndirən üç əsas keyfiyyətdən söz açdım: dövlətə sədaqət, insanlıq və ədalət duyğusu. Əslində bu keyfiyyətlərin hər biri ayrıca bir ömür hekayəsidir. Hüseyn Quliyevin ömür yolu bir insan taleyindən daha böyük məna daşıyır; bu yol Vətənə bağlılığın, dövlətə sədaqətin, mənəvi bütövlüyün və ləyaqətli xidmətin zaman içində ucalan abidəsidir. Elə buna görə də bu şərəfli ömrə yazılan hər söz, göstərilən hər ehtiram əslində Azərbaycan dövlətçiliyinə xidmət etmiş bir ömür qarşısında duyulan mənəvi borcun ifadəsidir. Onu tanıyan, ona dəyər verən hər kəsin qəlbindən gələn səsi bu sətirlərdə ifadə edə bildimsə, bunu özüm üçün xoşbəxtlik sayıram.
Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, Hüseyn müəllimin 80 illik yubileyi ərəfəsində həyatının və fəaliyyətinin ən yaddaqalan, ən şərəfli məqamlarından ikisi ard-arda yaşanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə onun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması uzunmüddətli səmərəli diplomatik fəaliyyətinə, dövlətə sədaqətlə bağlı xidmətlərinə verilən yüksək dəyərin parlaq ifadəsi kimi yadda qalıb. Eyni zamanda, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkədə diplomatik fəaliyyətini başa vuran Hüseyn müəllimi qəbul etməsi, iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafı naminə göstərdiyi səmərəli fəaliyyəti və şəxsi töhfəsini xüsusi vurğulaması, sonda isə ona Özbəkistan-Azərbaycan çoxşaxəli münasibətlərinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrə görə “Mexnat Şuxrati” ordenini təqdim etməsi bu mənalı ömrün, bu şərəfli xidmət yolunun ən uca qiymətlərindən biri kimi böyük ehtiram doğurur. Bu iki sevinc bir daha göstərir ki, Hüseyn müəllimin ömür yolu Vətənə sədaqətin, dövlətə xidmətin və beynəlxalq etimad qazanan ləyaqətli fəaliyyətin parlaq nümunəsidir.
Hörmətli Hüseyn müəllim!
Sizin 80 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ömrünüzün hər anı ləyaqətin, zəhmətin, nəcibliyin, Vətən sevgisinin və dövlətə sədaqətin işığında keçib. Siz ailənizin şərəfli soyadını, atanızdan gələn mənəvi irsi və Azərbaycan dövlətinin etimadını böyük məsuliyyətlə daşıyıb, bu yolda özünüzə məxsus parlaq iz qoyubsunuz.
Arzu edirəm ki, bu nurani ömrün yeni səhifələri sizə cansağlığı, qəlb rahatlığı, ailə səadəti, övlad və nəvə-nəticə sevinci gətirsin. Qardaş Özbəkistanda Azərbaycanı təmsil etdiyiniz illərin işığı daim yolunuzu aydınlatsın. Sizi tanıyan hər kəsin qəlbində yaşayan ehtiram daha da ucalaraq davam etsin.
Doğum gününüz mübarək olsun, dəyərli Hüseyn müəllim.
Dərin hörmət və ehtiramla,
Aygül Bağırova
Yazıçı-publisist, “Qızıl qələm” mükafatı laureatı