manera.az
manera.az

“Azərbaycan şairi Nizami” kitabı yenidən nəşr olunub

📅 15.04.2026 05:53

“Azərbaycan şairi Nizami” kitabı yenidən nəşr olunub
AMEA “Elm” nəşriyyatı Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabının yeni nəşrini oxuculara təqdim edib. Abidəni filologiya elmləri doktoru, Mühacirət ədəbiyyatı şöbəsinin müdüri Nikpur Cabbarlı nəşrə hazırlamışdır.

Qeyd edək ki, kitabın ilk nəşri 1991-ci ildə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Rüstəm Əliyev tərəfindən cüzi ixtisarlarla Bakıda (232 s., kiril əlifbasında) çap edilmişdir. Rüstəm Əliyev Moskvada elmi məktəb keçmiş peşəkar mətnşünas idi və onun nəşri indiyəcən daha mötəbər sayılır.

Bu klassik abidənin Azərbaycan dilinə uyğunlaşdırılmış çapı asan bir məsələ deyil. Ona görə ki, M.Ə.Rəsulzadə bu kitabın ilk variantını 1939-1941-ci illərdə müasir Türkiyə ədəbi dilində yazmış, bununla SSRİ-də Nizaminin 800 illik yubileyi tədbirlərinə qoşulmuşdur. Çox güman ki, maddi sıxıntı səbəbindən yubiley ərəfəsində kitabı buraxmaq mümkün olmayıb. Nəticədə, bu qiymətli kitab ancaq 1951-ci ildə (ədibin vəfatindan dörd il qabaq) Ankarada nəşr olunub. Bu, Azərbaycan ədəbiyyat elmi üçün prinsipial və metodoloji bünövrə olan bir əsərdir. Burada Azərbaycan xalqının farsdilli irsi ilə bağlı köklü prinsipial məsələlərə işıq salınıb.

Əlbəttə, kitabı Türkiyə ədəbi dilindən tam tərcümə etmək bağışlanılmaz səhv olardı. Ona görə, Rüstəm Əliyev kitabı nəşrə hazırlayanda minimal müdaxilə prinsipindən çıxış etmiş, Pəsulzadənin leksik bazasını qorumaqla ən zəruri sözləri dəyişmişdir. Kitabın bütün sonrakı Bakı nəşrləri əsasən Rüstəm Əliyev variantını təkrar edir. Rəsulzadə özü də mühacirət illərində elə yazmağa çalışırdı ki, mətnlər həm İstanbul, həm də Bakı ziyalıları üçün anlaşılan olsun.

1991-ci ildə çıxan birinci Bakı nəşrinin ayağı düşərli oldu. 2011-ci ildə mərhum tədqiqatçı Yadigar Türkel Bakıda, “Təknur” mətbəəsində “Azərbaycan şairi Nizami” kitabını yenidən nəşr etdirdi (520 s.). 2021-ci ildə mərhum tədqiqatçı Nəsiman Yaqublu çox sevdiyi M.Ə. Rəsulzadənin sözügedən kitabını “Qanun” nəşriyyatında yenidən buraxdırdı (576 s.). Bu faktlar bizim elmi fikirdə Rəsulzadə irsinə olan münasibətin get-gedə ciddiləşməsini ifadə edirdi.

Bunlarla paralel “Azərbaycan şairi Nizami” kitabının daha üç kommersiya nəşri kitab bazarına yol tapıb. 2017-ci ildə “Təhsil” nəşriyyatının 100 nüsxəlik tirajı olub. 2019-cu ildə “Kitab Klubu”nun buraxdığı nüsxələr satışda müşahidə edilib. “Xan nəşriyyatı”nın buraxdığı tiraş isə çap ili göstərilmədən satışa çıxarılıb.

Yeni nəşrdə kitabda getmiş poetik sitatların sətri tərcüməsi ilə yanaşı, farsca əsli də yer alır. Sözügedən kitab Azərbaycan ədəbiyyatında farsdilli abidələrin milli irs mövqeyindən öyrənilməsi sahəsində köklü metodoloji abidədir. M.Ə.Rəsulzadə kitaba yazdığı ön sözdə bu barədə qiymətli elmi arqumentlər söyləmişdir.

Qeyd edilməlidir ki, M.Ə.Rəsulzadədən yüz il əvvəl Azərbaycanın farsdilli ədəbi irsi barədə Abbasqulu ağa Bakıxanov ilk dəfə fikir söyləmiş, Şirvan bölgəsinin mədəni irsindən bəhs edərkən, 18 farsdilli şairin adını çəkmişdir. “Gülüstani-İrəm”in son fəslində bu barədə oxumaq olar.


Baxış sayı - 15 | Yüklənmə tarixi: 15.04.2026 05:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930