Nizami Gəncəvi yaradıcılığı ilə bütövləşən alim ömrü

Xəlil Yusifli!
Bu ad ölkəmizdə tələbə adını qazanaraq ali məktəblərin filologiya fakültəsinə daxil olan hər bir Azərbaycan gəncinin elmi əsərlərindən istifadə edib yaddaşında silinməz izlər buraxdığı kimi, (Bu mənada Gəncə Dövlət Universitetinin tələbləri daha şanslıdırlar, çünki Xəlil müəllimdən canlı Ustad dərsi alırlar) Azərbaycan humanitar elminin, xüsusən Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövrünün təqiqi ilə məşğul olan bir çox alimin də istinad etdiyi, bəhrələndiyi mütəfəkkir alimlərdən biridir.
Xəlil Yusifli Azərbaycan ədəbi-mədəni mühitinə bütün ruhu,varlığı ilə bağlanan və ona şərəflə xidmət edən bir insandır. O, zəngin zəkası, məntiqi mühakimə qabiliyyəti ilə elm aləminə gəldiyi ilk anlardan müəllimləri olmuş Həmid Araslı, Mirzağa Quluzadə və başqa onlarla alimin nəzər- diqqətini cəlb etmişdir.
Məhz belə korifeylərin, klassiklərin ətrafında yetişən Xəlil Yusiflidən auditoriyada ölkəmizin gəncləri təkcə elmin sirlərini deyil, həm də xeyirxahlığı, prinsipiallığı, düzlüyü, saflığı öyrənirlər. Elmi yaradıcılığının əsas tədqiqat obyekti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi olan Xəlil müəllim apardığı sanballı tədqiqatlara görə də hazırda yaşayan ən nüfuzlu nizamişünas alimlərdən biridir.Sistemli tədqiqat işinə “Nizaminin lirikası” ilə başlayıb “Şərqdə intibah və Nizami Gəncəvi” mövzusunda doktorluğ müdafiə edən Xəlil Yusifli araşdırmalarında Nizami Gəncəvi yaradıcılığının elə bir sahəsi yoxdur ki, bu və ya digər şəkildə ondan bəhs etməsin.
Məhz bunun nəticəsidir ki, Gəncə deyiləndə Nizami Gəncəvi xatırlandığı kimi, Xəlil Yusifli deyəndə də Nizami Gəncəvini xatırlamamaq mümkün deyil.
Xüsusilə həm yazdığı monoqrafiyalarda, həm də iştirak etdiyi yerli və beynəlxalq konfranslarda dahi şairimizin milli mənsubiyyəti ilə bağlı söylədiyi elmi və əsaslandırlmış dəlilləri,əlbəttə ki, nizamişünaslıq sahəsində gördüyü işlərin hələ bir qismidir. Qeyd etdiyimi məsələ ilə bağlı sadəcə bir fakta müraciət etmək istəyirəm. Alim 11.04.2013-cü il tarixində”Ədəbiyyat” qəetində dərc edilmiş “Nizaminin etnik mənsubiyyəti:həqiqət və uydurmalar” məqaləsində yazır: ”Nizaminin etnik mənsubluğu onun əsərlərindən gün kimi aydındır.
Özünü dünyanın və bütün insanlığın şairi hesab edən bu dahi insan, fövqəlalim və sənətkar yeri düşdükcə hansı etnosa mənsub olduğunu bildirməkdən də çəkinmir. Onun Azərbaycan türkcəsində yazılmış əsərləri gəlib bizə çatmasa da, biz bu qənaətdəyik ki, bu bənzərsiz şair doğma türkcədə də əsərlər yazmışdır. Onun əsasən farsca yazması dövrün, zamanın tələbi idi. Sarayların tələbi idi. Nizaminin türklüyünü danan, onun bir fars olduğunu iddia edənlərin yanlış, xəstə müddəalarını rədd edir və belə düşünürük ki, uydurma üsullarla Nizaminin türklüyü haqqındakı həqiqəti danmaq mümkünsüzdür”. 
Qayğıkeş alimin Azərbaycan nizamişünaslığının inkişafındakı xidmətləri birmənalı olaraq misilsizdir.Bu mənada Ölkə Prezidentinin latın qrafikalı əlifbaya keçidlə bağlı 2004-cü ildə imzaladığı sərəncamda Nizami Gəncəvinin Yeddi kitabının nəşrə hazırlanmasının Xəlil Yusifliyə həvalə edilməsi bunun bariz nümunəsidir.
Xəlil Həmid oğlu Yusifli 1935-ci ildə Qazax rayonunun Aslanbəyli (keçmiş Əlibayramlı kəndi) kəndində kəndli ailəsində anadan olmuşdur. Atası Həmid Ömər oğlu Yusifov 1943-cü cü ildə İkinci dünya müharibəsində xəbərsiz itkin düşmüş, o qardaşı Ömər və bacısı Mələklə birlikdə anası Tükəzban Həsən qızının himayəsində böyümüşdür.
1945-1955-ci illərdə Aslanbəyli kənd orta məktəbində oxuyub təhsil almış, 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş və 1960-cı ildə həmin universiteti bitirmişdir.
1961-ci ildən Nizami adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamışdır.1962-1965- illərdə həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsinin aspirantı olmuş, sonra həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsində əmək fəaliyyətini davam etdirmişdir.1967-ci ildə “Nizaminin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır.1969-cu ildə müsabiqə yolu ilə Kirovabad Dövlət Pedaqoji İnstitutunda (İndiki Gəncə Dövlət Universiteti) baş müəllim vəzifəsini tutmuşdur. Həmin vaxtdan indiyə qədər indiki Gəncə Dövlət Universitetində Dünya və Azərbaycan ədəbiyyatı tarixindən dərs demişdir.1987-ci ildə “Nizami Gəncəvi və Şərq İntibahı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.1989-cu ildə professor elmi adı almışdır.
Xəlil Yusiflinin özünün də qeyd etdiyi kimi elmi yaradıcılığının ən məhsuldar dövrü 2012-ci ildən AMEA-nın Gəncə Bölməsinin nəzdində yaradılan Nizami Gəncəvi Mərkəzinin rəhbəri olduğu dövrdən başlamışdır.Məlum olduğu kimi Ölkə Prezidenti Cənab İlham Əliyevin Dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin 870 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı fərman imzalamışdır.Eyni zamanda həmin fərmanın tarixi əhəmiyyəti bundan ibarət idi ki, Nizami Gəncəvinin yubileyi tarixdə ilk dəfə idi ki, məhz onun doğulduğu şəhərdə qeyd edilirdi.Yubiley tədbirində Misirin İsgəndəriyyə kitabxanasının direktorundan tutmuş bir çox dünyaca və olkəcə məşhur nizamişünasların,şərqşünasların iştirakı ilə Gəncə bir daha Nizami təntənəsi yaşayırdı. O dövrdə Gəncədə Nizami adının əbədiləşdirilməsi, Nizami Gəncəvi ilə bağlı tədqiqatların şairin doğma şəhərində daha da intensivləşdirilməsi məqsədilə fəaliyyətə başlayan mərkəzlərdən biri də Nizami Gəncəvi Mərkəzi oldu.Və əlbəttə ki, Mərkəz sözün əsl mənasında Nizami irsi ilə bütövləşən bir alimə həvalə edilməli idi.
Hər zaman Gəncə ilə, xüsusilə Nizami Gəncəvi ilə bağlı istənilən fəaliyyəti alqışlayan, dəstəkləyən AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevin məsləhəti ilə Xəlil Yusifli Nizami Gəncəvi Mərkəzinin direktoru təyin edilir.Bütün bunlarla yanaşı bu gün də Xəlil müəllimin fəaliyyəti Elmlər Akademiyası rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, məxsusi olaraq Akademiyanın vitse prezidenti akademik İsa həbibbəylinin daim diqqət mərkəzində olur.Bu gün də Xəlil müəllimin rəhbərliyi ilə Mərkəzdə Nizami Gəncəvi ilə bağlı müxtəlif istiqamətli tədqiqatlar davam edir.Onun buradakı fəaliyyəti dövründə “Nizami Gəncəvi Sələflər, Xələflər”, “Ressans və Nizami Gəncəvi”(rus dilində) və başqa monoqrafiyaları nəşr edilmişdir.
Qısa bioqrafik məlumatlardan da göründüyü kimi Xəlil Yusifli əmək fəaliyyətinə Bakı şəhərində başlasa da ömrünün çox hissəsini Gəncə ilə bağlamış,akademik Rafael Hüseynovun təbirincə desək, Gəncə elm mühitinə sanbal qzandıran alim olmuşdur.Bəlkə də Onu Gəncəyə gətirən elə Nizami ruhu, Nizami eşqi olmuşdur.Bütün hallarda ,əlbəttə ki, qazanan Gəncə elmi-ictimayyəti, Gəncə elmi mühiti olmuşdur.Çünki Xəlil müəllim kimi elm fədaisinin müasiri olmaq, Onunla eyni şəhərdə yaşamaq birmənalı olaraq elmin astanasında olmaq deməkdir.
Ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olan, bu sahədə 10-a yaxın kitabın (“Nizaminin lirikası”, “Şərqdə İntibah və Nizami Gəncəvi”, “Nizami Gəncəvi:Sələflər və Xələflər”. və.b) və 200-ə yaxın elmi məqalənin müəllifi Xəlil Yusifli, bütövlükdə Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biridir. O, “Məhsəti Gəncəvi” (Bakı, Yazıçı, 1984.) adlı monoqrafiyanın, “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyinin (Ə.Səfərli ilə 1982,1998,2004), “Dünya ədəbiyyatı tarixi (Antik dövr). (Bakı, Azərnəşr, 1999) dərsliyinin müəllifidir.
Klassik ədəbiyyatın bir çox nümunələrinin tərcüməsi və tərtibi sahəsində də xeyli iş görmüşdür. M.Əvhədinin “Cəmşidin camı” (Q.Beqdeli ilə, Bakı, Azərnəşr,1970; Tehran, 1986; Bakı,2004), Arif Ərdəbilinin “Fərhadnamə” (Bakı, 2007), Məhsətinin “Rübailər”, Nizaminin “Sirlər xəzinəsi” (Gəncə, 2008), “Xosrov və Şirin” (Bakı, Adiloğlu, 2011) və bir sıra başqaları da bu qəbildəndir.
O, ilk dəfə Həqirinin “Leyli və Məcnun” poemasını tərtib edərək geniş ön sözlə nəşr etdirmişdir. 2007-ci ildə Yusifli Xəlil Həmid oğlu Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə ön söz və çevirmələrlə birlikdə hər biri 400 səhifə həcmində olan daha yeddi kitab tərtib edərək nəşr etdirmişdir. Qazi Bürhanəddinin, Vidadinin, Vaqifin, Seyyid Əzim Şirvaninin, Sabirin, Zakirin, Hadinin əsərlərindən ibarət olan bu kitablar alimin elmi fəaliyyətinin genişliyindən xəbər verir.
Yusifli Xəlil Həmid oğlu Ə.Səfərli ilə birlikdə orta məktıbin IX sinfi üçün “Ədəbiyyat” dərsliyi yazmış və bu dərslik 1993-2003-cü illərdə beş dəfə nəşr olunmuşdur. Onun bədii yaradıcılığı da elmi ixtisas sahəsi ilə bağlıdır. O, klassik Azrbaycan ədəbiyyatının bir çox nümunələrini mənzum şəkildə tərcümə edərək nəşrinə nail olmuşdur. Bu tərcümələrin bir qismi “Hikmət xəzinəsi” adlı müntəxəbatda (Bakı, Maarif, 1992) və başqa kitablarda, bir qismi isə ayrıca kitablar şəklində nəşr olunub. Bundan əlavə “Avey,hey” (Gəncə,2005) və “Hanı, o günlər, hanı?” (Bakı,Oka,2007) adlı şeirlər kitabları nəşr olunmuşdur. Bu kitablarda olan şeirlər daha çox əruz vəznində yazılmışdır.
Xəlil Yusiflinin həm nizamişünaslıq fəaliyyəti, həm də Azərbaycan ədəbiyyatının,təhsilinin inkişafındakı xidmətləri müxtəlif dövrlərdə dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Nizami Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xəlil Həmid oğlu Yusifli 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 2015-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Biz də istəkli Xəlil müəllimi təbrik edir, ona hələ uzun illər davam edəcək sağlam, gümrah, əli qələmli, bəhrəli ömür arzulayırıq!
Əlimuxtar Muxtarov,
AMEA- Gəncə Bölməsinin
böyük elmi işçisi,
Filologiya üzrə fəlsəfə doktoru