İstanbul Beynəlxalq Kitab Sərgisində “Leyli və Məcnun” əsərinin təqdimatı keçirilib

İstanbul Beynəlxalq Kitab Sərgisində böyük Azərbaycan şairi və Türk dünyasının görkəmli mütəfəkkiri Nizami Gəncəvinin Türkiyə türkcəsində yeni nəşr olunmuş “Leyli və Məcnun” əsərinin təqdimatı keçirilib.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Dergâh Yayınları” nəşriyyatı tərəfindən Türkiyə türkcəsində çap edilən əsər böyük maraqla qarşılanıb.
Manera.az xəbər verir ki, ədbirin moderatoru, Nizami yaradıcılığının tədqiqatçısı, dosent Tahmina Badalova Nizami Gəncəvinin zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatının Türk dünyasında zirvə hesab edilən əsərlərindən bəhs edib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin milli mədəniyyət və ədəbiyyatın tanıdılması istiqamətində apardığı sistemli fəaliyyəti, eləcə də klassik irsimizin öyrənilməsi və təbliği ilə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında Nizami Gəncəvinin təkcə Azərbaycan mədəniyyətinin deyil, bütün Türk dünyasının dahi şəxsiyyəti olduğunu vurğulayıb. O bildirib ki, səkkiz əsr keçməsinə baxmayaraq, Nizami Gəncəvi bu gün də dünya ədəbiyyatının zirvəsində qalmaqda davam edir və əsərləri ilə bəşər mədəniyyətinə mühüm töhfələr verib.
Samir Abbasov Nizaminin doğulduğu Azərbaycanın qədim Gəncə şəhərinin Orta əsrlərdə mühüm ədəbi və mədəni mərkəz kimi tanındığını, şairin bütün həyatını bu şəhərdə keçirərək nadir və əvəzsiz əsərlər yaratdığını diqqətə çatdırıb. O, Azərbaycan dövlətinin klassik irsimizin qorunması və təbliği istiqamətində mühüm işlər gördüyünü, Prezident İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etdiyini xatırladaraq, Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyədə klassik irsimizin tanıdılması istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edib.
İstanbul Yıldız Texniki Universitetinin professoru, Nizami araşdırmaçısı Süleyman Doğan Nizami Gəncəvinin “Xəmsə” əsəri ilə epik poeziyanın əbədi incilərini yaratdığını, zəngin yaradıcılığı ilə dünya ədəbiyyatının zirvələrini fəth etdiyini bildirib.
Tədbirin sonunda “Leyli və Məcnun” əsərini Türkiyə türkcəsinə tərcümə edən professor Nimet Yıldırım Şərqdə ilk məhəbbət poeması ilə dünya ədəbiyyatında silinməz iz qoymuş böyük mütəfəkkir, Azərbaycan xalqının seçkin ədəbi şəxsiyyəti Nizami Gəncəvinin yaradıcılığından danışıb.
Sonda professor Nimet Yıldırım yeni nəşr olunmuş “Leyli və Məcnun” kitabını imzalayaraq oxuculara təqdim edib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi Nizami Gəncəvinin bütün əsərlərinin orijinaldan Türkiyə türkcəsinə tərcümə edilərək nəşri istiqamətində işləri davam etdirir. “Leyli və Məcnun” kitabı da ölkənin aparıcı kitabxanalarına, elmi-tədqiqat müəssisələrinə və universitet kitabxanalarına təqdim ediləcək.
Məhəmməd,
Manera.az






