Antalyada Azərbaycan nağıl qəhrəmanlarına həsr olunan guşə yaradılıb

Antalyanın Kaleiçi Yaxt Limanı ərazisində yerləşən Antalya Oyuncaq muzeyində ziyarətçilərə həm ənənəvi oyuncaqlar, həm də müxtəlif mədəniyyətlərə aid artefaktlarla zəngin, nostaljik bir mühit təqdim olunur. Sərgilər cizgi filmləri və məşhur nağıl qəhrəmanlarının maket və fiqurları ilə tamamlanıb.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə muzeydə “Azərbaycan guşəsi” yaradılıb.
Mərkəzdən Manera.az-a verilən məlumata görə, “Azərbaycan guşəsi”ndə Tık Tık xanım, Göyçək Fatma, Cırtdan, Qarı nənə, Məlikməmməd kimi nağıl qəhrəmanlarının maket kuklaları, uçan xalça, xalça toxuyan Azərbaycan xanımı fiquru və digər maraqlı nümunələr yer alır.
Açılışda çıxış edən Antalya şəhər mədəniyyət və turizm idarəsinin müdir müavini Serap Deryalı oyuncaqların təkcə əyləncə vasitəsi deyil, həm də mədəniyyət və tərbiyə daşıyıcısı olduğunu vurğulayıb. O, Azərbaycanın ayrıca guşəsinin yaradılmasının ziyarətçilər üçün bu xalqın mənəvi dünyasına açılan pəncərə olduğunu bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov isə uşaqların mədəniyyətləri ən səmimi şəkildə nağıllar və oyuncaqlar vasitəsilə tanıdıqlarını qeyd edərək, guşədə Azərbaycan nağıllarının sevilən qəhrəmanlarının obrazlarının təqdim olunduğunu deyib.
Çıxış edən Antalya Büyükşəhər Bələdiyyəsi şəhər Tarihi Tanıtım və Turizm müdiri İsmail OSKAY, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik dərnəyinin rəhbəri Azər İsmayıl bu təşəbbüsün eyni zamanda Azərbaycanın zəngin mədəniyyətinin Türkiyədə tanıdılması, mədəniyyətimizi bu cür layihələr vasitəsilə daha geniş auditoriyaya çatdırılması və gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini vurğulayıblar.
Məhəmməd,
Manera.az 

