Antalya kitabxanasına Azərbaycan nəşrləri təqdim edildi – Əməkdaşlıq
Antalya Mərkəzi Kitabxanası ilə Azərbaycan kitabxanaları arasında əməkdaşlıq müzakirə olunub və kitabxanaya Azərbaycana dair nəşrlər hədiyyə edilib.
Manera.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində bölgənin ən böyük elmi və informasiya mərkəzi olan Antalya Kitabxanasını ziyarət edib və kitabxananın direktoru Oğuzhan Ceylanla görüşüb. Görüşdə Antalya Böyükşəhər Bələdiyyəsi başkanının müavini Evrim Yalçın, şəhərdəki Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Azər İsmayıl və digər Azərbaycan nümayəndələri də iştirak ediblər.
Görüş zamanı Azərbaycan kitabxanaları ilə əlaqələrin qurulması, “qardaşlaşmış kitabxanalar” layihəsinin həyata keçirilməsi, qarşılıqlı səfərlər və birgə layihələr, Antalya kitabxanasında “Azərbaycan fondu”nun və “Türk dünyası guşəsi”nin yaradılması, Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə xüsusi tədbirlərin təşkili, eləcə də “Azərbaycan günü”nün keçirilməsi ilə bağlı razılıqlar əldə olunub. Bununla yanaşı, Azərbaycan yazarları ilə görüşlərin və onların əsərlərinin təqdimatlarının keçirilməsi məsələləri də müzakirə edilib.
Görüşün sonunda Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti və ədəbiyyatına dair Azərbaycan və Türk dillərində nəşrlər Antalya Kitabxanasına təqdim olunub.