Tarimar könlümə töhfə idin sən - Mehti Kamiloğlunun şeirləri

MANERA.AZ Mehti Kamiloğlunun şeirlərini təqdim edir..
Şölə idin sən...
Mən sənin eşqindən alırdım gücü,
Elə bil ilahi qüvvə idin sən.
Həqiqət budur, ey sevdiyim qadın,
Tarimar könlümə töhfə idin sən.
İçimə istilik salanım oldun,
Dilimdə nəğmə tək qalanım oldun,
Əzizim, ürəyə dolanım oldun,
Niyə söyləyim ki, özgə idin sən?!
Eh... Sənin gedişin mənim günahım,
Lazım olmayan bir kədərim, ahım.
Vay! Necə qaraldı aydın sabahım!
İzi itməyəcək şölə idin sən.
Ruhunu kaş yenə oxşayam indi,
Ağrını, acını boşayam indi.
Yaxşı, bəs hayanda yaşayım indi?!
Axı məndən ötrü ölkə idin sən.
25.12.2025
Qadın...
Mən səni könlümə həmdəm sanıram,
Ey mənim ömrümün bəzəyi qadın.
Həqiqi məhəbbət nədir, qanıram,
Tutandan sən sınıq ürəyi, qadın.
İl olur, gözlərə gülüş qonalı,
Dərdləri varlığın bir-bir yonalı.
Ətrafım gülüzlü nazlı sonalı...
Nə qədər dəyişdin taleyi, qadın!
Eşqinin oxşarı, tay biri olmaz,
Laxlada sevdamı, qadiri olmaz.
Vallah əssə də, heç təsiri olmaz,
İndi lap ayrılıq küləyi, qadın.
Rəhminə ümid çox, Tanrısa dinmir,
Asimandan yerə məleykə enmir.
Yarımır mənim tək, gerçəyə dönmür,
Axı hər kişinin diləyi, qadın.
20.01.2026
Kim...
Ayrılıq - hər ikimizin bəlası,
Nə fərqi var, itirən kim, itən kim?!
Qürbətdə incisən əgər, qadası,
Bilirsən ki, səndən ötrü vətən kim.
Gördüyünə könül verən deyiləm -
Sevgi adlı bina hörən deyiləm.
Bağçadan hər gülü dərən deyiləm,
Sənin kimi qeyri-adi bitən kim?!
Zülmət idi, görünmürdü izlərim,
Gəlişinlə qayıtdı gündüzlərim -
Gözlərindən işıq aldı gözlərim,
Dar günümdə imdadıma yetən kim?!
Gəl, sinəmə basma bu hicran közün,
Məlhəm idi mənə "Əzizim" sözün,
Sənsizliyə necə dözər əzizin?!
Axı sənə bu dünyada de, tən kim.
13.02.2026
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.