manera.az
manera.az

Göy üzündə bir dua var yarımçıq - Yeni Şeirlər

Göy üzündə bir dua var yarımçıq - Yeni Şeirlər
MANERA.AZ Ay Bəniz Əliyarın yeni şeirlərini təqdim edir:

***
Hələ də göy üzündə bir dua var yarımçıq,
Nə Tanrıya yetişir, nə geri dönüşü var.
Gizəmli saxladığı bütün sirləri açır,
Sanki yiyəsini də ələ verir dualar.

Sanki yüz illərdi ki, bir-birini gəzir
Neçə kişi qüruru, neçə qadın günlüyü.
Dünya insan əlindən, insan ahından bezir,
İnsanları bezdirmir dünyanın zənginliyi.

Yerlər həssas, tamarzı, göylər bəs niyə susuz?
Yerlə göy arasında dualar aman gəzir.
Qan çəkən beyin donur, çat düşən ürək susur,
Gözdəki bir damla yaş bir ömrə cəza kəsir.

Dəniz sükut içində, mirvari ağuşunda
Səhərəcən sevişən ləpələrə bölünür.
Bir bahar sevdasına bulanırsan qışında,
Ah çəkirsən,
ahından üfüq qana bələnir.

kim qurtara bilər ki öz içində batanı?
Dua bilməyənlərin gözləri yolda qalar.
Ay bakirə qız kimi soyunmağa utanar,
Udar çılpaq əksini dənizdəki dalğalar.


***
Əlimdə bir dua var,
bu yollara nərdivan,
dua edirəm:
GƏLMƏ!

Dilimdə bir dua var,
aha dönər bu duam,
o nə duadı?
BİLMƏ!

Unuduram, bil daha,
yoxsan ee... Lənət yoxa...
Başına gələr, ahaa...
başına gələr,
GÜLMƏ!

Şeir ruhun bədəli,
ağla, ağla, ay dəli,
göz yaşı haqdan gəlir,
haqqındı, haqqı
SİLMƏ!

Hər şey köhnə halında,
köhnə qalmaqalında...
Bu sevginin yolunda
mən ölmüşəm,
sən
ÖLMƏ!


***
Nə tez böyüyür uşaqlar,
böyüklər nə tez qocalır?
Böyüklərin əlindəki
çəliklər nə tez qocalır?

Ürək varsa, sözlər nə ki?..
Dizlər əsir, dizlər nə ki?..
Sümüklərin içindəki
iliklər nə tez qocalır?

Əvvəl ağa bələyirlər,
sonra?
Sonra ələyirlər.
Nə rəhmətlər diləyirlər,
ələklər qocalmasa da,
bələklər qocalmasa da,
diləklər nə tez qocalır?


***
Dost dostdur,
yaxşıdır, ancaq
bəzən düşmənin pisi var.
Varsa bir düşmən qazancı,
orda bir dost itkisi var.

İtki bəzən üzdə kölgə,
bəzən saçlarda dən olur.
Düşməndən dost olmaz, bəlkə,
dostdan yaxşı düşmən olur.

Dost ya bir olar, ya iki,
üç, dörd, beeeşşş
olmaz, amandı.
Dost dost qalsa, əladı ki...
Dost düşmən olsa, yamandı...


***
Ömrün göyərçin dövrüdü,
Arzuların yem vaxtıdı.
Röyaların çin dövrüdü,
Gerçəklərin kəm vaxtıdı.

İllər yol açar qırışa,
Meydanı yox ki, vuruşaq.
Ürəyinin yupyumşaq,
Saçlarının dən vaxtıdı.

Sirr var, sahibi-fələkdi,
Açılsa, bol-bol kələkdi
Baxırsan, bir az bələkdi,
Bir az da kəfən vaxtıdı.

Ağla haa, göz yaşı bilməz,
Qəlbində ha daşı, bilməz,
Naşıdı, lap naşı, bilməz,
Damağının gen vaxtıdı.

Yurd yeri cənnətdi bu yaz,
Eşq çağırır avaz-avaz.
Vətən də insandı bir az,
İnsanın Vətən vaxtıdı.


***
Hamı yolumdan çəkildi,
dost ikən düşmən oldular.
halıma ortaq olanlar
saçlarımda dən oldular.

Yeni deyil ki... təkləndim,
ağrılara tək yükləndim,
çilikləndim, çilikləndim,
min parça sitəm oldular.

Çox oldu, çoooox
gülüşənlər,
ayağıma ilişənlər...
Gəlişimdə görüşənlər
gedişimə şən oldular.

Ölür bir gün hər doğulan,
ilmə deyil ki, toxuyam...
şeirini oxuyanlar
bir-bir dönüb sən oldular.


***
Hamı yatıb,
Saat oyaq, bir də sən,
Yata bilməz düşüncəsin küfr edən.
Qarışqalar vaxt itirir, biləsən,
bərəkəti yığışılmış süfrədə...

Kənd yeridir, iyun ayı, istidir,
Ot biçilib, arpanı da gün döyüb.
Bu istidə kombayn can üstədir,
Üfürməkdən əyilibdi düdüyü.

Nərə çəkir kənd yolunda toz-tufan,
Rüzgar yenə atlarını səyirtmiş.
Ayrılıbdı qoyunlar öz yunundan,
Bu ayrılıq nəyə desən, dəyərmiş!

Yorulmusan gündüzlərin felindən,
Darıxma, caan, gecə də sən gündədir.
Xəyalların oğurlanıb əlindən,
Oğurlansın, əllərin ki səndədir.

Hamı yatıb, saat oyaq, bir də sən,
Gözlərini işğal edib qayğılar.
Get yat, canım, sənin deyil, biləsən,
Bu yalançı, bu satılmış duyğular


***
Biri üçün nur idin,
biri üçün qaranlıq.
Biri üçün xaniman,
biri üçün viranlıq.

Sevdin, qalib sayıldın,
sevildin, yenə uddun.
Dünyanı alta-üstə
çevirdin, yenə uddun.

Səadətdə dilin yox,
xoşbəxtlikdə səbəbin.
Sevgin daha güclüdür
məlhəmindən təbibin.

Hardasa qız cocuğu,
hardasa qadın idin.
Bir köynək doğmaların,
bir köynək yadın idin.

Yox, sən belə deyildin,
yox, sən elə beləydin.
Nə dünyadan gedəydin,
nə dünyaya gələydin.

Səni bir ömür adlı
dərdlə tanışdırdılar.
Danışdırdın, susdular,
susdun, danışdırdılar.

Sən mələk olmalıydın,
mələk qala bilərdin.
Mələk olmasan da lap,
çiçək ola bilərdin...


***
Yağış yağdı,
dünyanı
ağ yudu, qara sərdi.
Gün qurudur, deyirlər,
qurumur, hara sərdim.

Yağış yağdı,
göyərtdi
dərdlərimi yenə də.
Gözdə sel oldu,
amma
söz lilləndi sinədə.

Nə ürəyim dözəndi,
nə ağıla gəlirəm.
Bu yağışın əlindən
hara qaçım, bilmirəm.

Bu yağışın üzündə
nə qəm desən, yeri var.
Dənə-dənə ağrıdı
damla-damla intizar.

Addım-addım gedirəm,
bulud tutub hər qarış.
Çətir tutan qadının
nəyin sevsin bu yağış?


***
Canın elə ağrıyar,
Yer gəzərsən qoymağa.
Bir sevda bəs eyləməz
Bu həyatdan doymağa.

Fikrin bitməz, tükənməz,
Çəkərsən min bir qaba.
Poçt qutusu gəzərsən
Əlindəki məktuba...

Bir çiçək kimi solar,
Ümidlərin tükənib.
Əlin ətrinə batar,
Ayağına tikanı...

Gedən heç nə aparmaz,
Nə qalar xatirində?
Qızdırmalı xəstətək
Üşüyər xatirən də.

Canın elə ağrıyar,
İşləyər iliyinə.
Göz yaşların sığınar
Köhnə gündəliyinə.

/Ulduz.-Avqust.-2020/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031