Rövşən Yerfinin "Ləçər" romanı nəşr olunub

Tanınmış yazıçı Rövşən Yerfinin "Ləçər" romanı nəşr olunub.
MANERA.AZ xəbər verir ki, Azərbaycan ədəbiyyatında məhbəs mövzusuna yeni baxış gətirən yazıçı Rövşən Yerfi bu kitabında oxucunu növbəti dəfə qapalı divarların arxasında gizlənən insan taleləri ilə üz-üzə qoyur.
Milli ədəbiyyatımızda məhbəs mövzusunda bir çox nəsr əsərlərinin müəllifi olan yazıçı cəzaçəkmə müəssisəsində çalışdığı uzun bir dövr ərzində gördüklərini və yaşadıqlarını maraqlı bədii süjet xətti ilə oxucuya çatdırır.
2024-cü ildə “Mücrü” nəşriyyatı tərəfindən “İlin nəsr kitabı” elan edilən “Məhbəs” iki cildliyi Azərbaycan məhbəs nəsrinin mühüm ədəbi hadisəsidir. Azərbaycan məhbəs nəsri silsiləsindən növbəti əsər – “Ləçər” romanı məhkum qadınların ümumiləşdirilmiş obrazı olub onların faciəli, düşündürücü və sarsıdıcı taleyini oxucuya təqdim edir.
“Ləçər” yalnız bir qadının hekayəsi deyil – bu, cəmiyyətin görünməyən qatlarına, günah və cəza anlayışına, insanın sınma və dirəniş anlarına tutulmuş sərt, lakin vicdanlı bir güzgüdür.
Oxucu bu əsərdə məhbəs divarları arasında qalan təkcə insan bədənini deyil, azadlıq həsrəti ilə çırpınan ruhunu da görəcək.