Çıx get, çıx get, çıx get, unut adımı - Ələsgər Əlioğlunun şeirləri

MANERA.AZ Ələsgər Əlioğlunun şeirlərini təqdim edir.
QARA YAĞIŞ
Odla ki, oynayır bu qədər məmləkətlər,
Tüstülər qıvrıla-qıvrıla üzü göyə qalxar.
Xəritəyə düşməyən
İrili-xırdalı tüstü çayları,
Üzü yuxarı axar...
Axar bu tüstü çayları
Xəritəyə düşməyən
Nəhəng Tüstü okeanına...
Hopar bir ucdan
Yerə bərəkət gətirən
Buludların canına...
Buludlar da nəfəs alar
Ağır-ağır...
Hələ sinoptiklər bir yana,
Heç yağışların özləri də bilməz
Hara düşür,
Hara yağır...
Yağar qara yağışlar,
Qara günə qoyar təbiəti...
Əsrimiz qalar
Bu dünyaya yas tuta-tuta...
Qara yağışdan
Yer dönər özü boyda bir qara tabuta...
Olmaz üstündə bir ağlayanı da,
Bir saç yolanı da!..
Tapılmaz
Bir matəm marşı çalanı da!..
2024
QARIŞQA YUVALARI
Qarışqa yuvaları böyür-böyürə,
Qırtək qara-qara qarışqaların
Hərəsi öz iş-gücündə..,
Əmin-arxayınca yaşayırlar,
Dünyanın hər bir küncündə...
Allah yaratdığı
Bu qarışqalar
Başını aşağı salıb işləyir,
Gəlmir bir-biriylə kəllə-kəlləyə...
Biri yedəkləmir başqa birini,
Çəkmir fitnə-felə,
Çəkmir kələyə...
Hər biri də bilir öz iş-gücünü,
Qışı gözü altda alıb işləyir...
Bir baxın,
Biri apardığı dənə-
Burda başqasının nəfsi düşməyir...
Qarışqa yuvaları
Bu təbiətin
Həyat dərsliyidir bəşərə bəlkə...
Burda yuvaların hər biri də,
Bir məmləkət...
Bir ölkə...
Burda nə embarqo qoyulur,
Nə də nota verilir,
Yuvalar hərəsi də öz işindədir.
Hərəsi də öz yolunu-izini yaxşı bilir...
Kaş ki, qan axıdan prezidentlər,
Görə bu qarışqa yuvalarını...
Bir az dərs alalar bu təbiətdən,
Bir az dəyişələr havalarını...
25.10.2024
HAVA SAYĞACI
Heç bilmirəm nədəndir,
Gecələr də tapmıram bir dinclik.
Çox zaman
Alabəzək yuxulardan
Gəzirəm incik-incik...
Ancaq məni bərk qorxuzub,
Ötən gecəmin yuxusu.
Hələ də canımdadır
Onun qara qorxusu...
Xatırladıqca
İçərimi yandırır
Ötən gecəmin odu.
Yuxuda
Televizordan eşidirdim:
Fəaliyyətə başlamışdır,
Hava sayğacları zavodu...
Diktor davam edirdi
İstehzalı-istehzalı:
"Bu il ən yüksək həddə çatacaq,
Hava sayğacları istehsalı!...
Bu sayğaclar
İşıq, qaz, su sayğaclarından da
Keyfiyyətli olacaq.
Yəqin ki, sərgilərdə
"Yüksək keyfiyyət nişanı" da alacaq!..
...Xatırladıqca bunları,
Qısılıram özümə sarı...
Lənətləyirəm
Alabəzək yuxuları!..
15.01.2025
GÖYƏRÇİNLƏR
Havaya qalxın, uçun, uçun göyərçinlər,
Qanadlarınızı geniş açın göyərçinlər.
Alnınıza SÜLH yazılıb,
Bilir bunu bütün bəşər;
Gəlib qarşı-qarşıya dayanıb
Bu gün Xeyirlə Şər...
Uçun!.. Uçun!..
Bir dəstəniz qonsun
Kremlin divarlarına,
Bir dəstəniz də
Ağ evin dəmir barmaqlıqlarına...
Qanadlarınızı yelləyə-yelləyə
Elçi düşün sülhdən ötrü.
(Bir az da qanadlı olun,-
Ləngiməyin vaxt ötürüb!..)
Hardan alım indi axı Pikassonu,
Əlində fırça
Meydana atıla.
Bu dünyamızda
Sizin sayınızı bir az da artıra!..
Havaya qalxın, uçun, uçun göyərçinlər,
Qanadlarınızı geniş açın göyərçinlər!..
15.10.2024
31 DEKABR
31 dekabr-
Ömrümüzdən gəlib keçən qatarların
Son dayanacağı...
Şüurumuza həkk olunan,
Yeni-yeni baxış bucağı...
Bu qatardan düşüb,
Minirik o qatara...
Yol gedirik gündüz-gecə,
Dolanırıq zamanın orbitində;
Saatların əqrəbindən keçə-keçə...
Hər qatarı dəyişdikcə,
Qara günə -
Ağ günə öyrəşir üzümüz.
Hər qatarı dəyişdikcə,
Daha rahat kupe gəzir gözümüz..
Hər qatarı dəyişdikcə
Həvəs artır yaşamağa...
Arabir bələdçinin eşidilir səsi :
Diqqət, diqqət!
Sərnişinlər,
Qatar yaxınlaşır Torpağa...
30.12.2024
VİDA NOTLARI
Çıx get, çıx get, çıx get, qarşıda qışdır,
Ağ saç aramızda sədd yaratmışdır...
O hisslər dəryada itib-batmışdır,
Dor ağacı sınmış gəmidən əl üz,-
Mən bu yana üzüm,
Sən o yana üz.
Çıx get, çıx get, çıx get, həsrətin yeli,
Qoymasın yapıla günah heykəli...
Qarşımda dayanma belə hikkəli
Getmiş olduğun div yuxusundan qalx-
Mən bu yana baxım,
Sən o yana bax!,
Çıx get, çıx get, çıx get, unut adımı,
Sən filə döndərdin hər bir addımı...
Sındırdın ilk eşqin qol-qanadını,
Daha ünvanıma gəlib salma yön,
Mən bu yana dönüm,
Sən o yana dön!..
22.11.2025
BİR YAŞILBAŞ SÖYÜD...
Bir yaşılbaş söyüd məni yandırır,
Quruyub...yerində kötüyü qalıb.
Ayları, illəri bir-bir andırır,
Sinəmdə sönməyən körüyü qalıb...
Bir yaşılbaş söyüd məni tərpədir,
Yenə salxim-salxim saçaqlayir o.
Duruşu qandırır istəyi nədir,
Fikrimdə suları qucaqlayır o...
Bir yaşılbaş söyüd məni kökləyir,
Açır əl-qolumu yaz havasına...
İllər yaddaşıma dərd-qəm yükləyir,
Təzədən oynadır naz havasına...
Bir yaşılbaş söyüd məni göynədir,
Kölgəsi eşqimtək çıxıb əlindən.
Bəs indi canının ağrısı nədir,
Daha danışanmır o su dilində...
Bir yaşılbaş söyüd məni yandırır,
Quruyub...yerində kötüyü qalıb.
Ayları, illəri bir-bir andırır,
Sinəmdə sönməyən körüyü qalıb...
08.10.2025
MANERA.AZ