Diplomların verilmə forması dəyişdi - Yalnız elektron olacaq

Təhsil haqqında dövlət sənədləri tam rəqəmsal formata keçirilir.
MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydaları təsdiqləyib (https://nk.gov.az/az/senedler/qerarlar/tehsil-haqqinda-dovlet-senedlerinin-tesvirlerinin-9253).
Qəbul edilən qərar təhsil sistemində rəqəmsallaşmanı sürətləndirməyə, sənəd dövriyyəsini müasir elektron idarəetmə prinsipləri əsasında təşkil etməyə və vətəndaşlar üçün xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmağa yönəlib.
Yeni qərara əsasən, Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli Qərarı ləğv edilir və onun əvəzinə rəqəmsallaşma və elektron hökumət prinsiplərinə uyğun yeni mexanizmlər tətbiq olunur. Belə ki, ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bununla da, təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir.
Yeni qaydaların əsas üstünlükləri:
• Təhsil haqqında dövlət sənədləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən elektron formatda formalaşdırılacaq;
• Təhsil sənədlərindəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə edilə biləcək;
• Bütün təhsil pillələri üzrə sənədlərə ştrix-kod əlavə olunaraq onların həqiqiliyinin operativ və onlayn yoxlanılması təmin ediləcək;
• Məzunlar sənədlərini elektron kabinetlərindən istənilən vaxt əldə edə, elektron qaydada paylaşa və zərurət olduqda çap edə biləcəklər;
• Təhsil sənədlərinin dublikatlarının verilməsi, ləğvi və yenidən tərtibi vahid, şəffaf və tam rəqəmsal prosedurlar əsasında həyata keçiriləcək.
Qaydalarda bakalavriat, magistratura və rezidentura səviyyələri, eləcə də orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə dövlət sənədlərinin məzmunu, verilmə müddətləri, verilməsindən imtina halları və hüquqi nəticələri sistemli şəkildə tənzimlənir.
Mənbə: edu.gov.az