Mən bu xalqın ərk daşıyam - Ramiz Qusarçaylının şeirləri

MANERA.AZ Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, "Vətən" adlı əvəzedilməz poemanın, "Azərbaycan bayrağı" şeirinin müəllifi Ramiz Qusarçaylının doğum günü münasibətilə şeirlərini təqdim edir.
Çəkir
Şeytana bax şairin
Kitabına üz çəkir.
Kefi kökdü qeybətin
Lal da laldan söz çəkir.
Tox toxundan tağlanır,
Ac acından buğlanır,
Gəlin köçən oğlanın
Qeyrətini qız çəkir.
Vurun, bölün min kərə,
Min oyundu, min bərə,
Bir münafiq minbərə
Saqqal altdan “mız” çəkir.
Hər dodaq bir ah yazır,
Qul düşünür şah yazır,
Nə yazır Allah yazır,
Kim nə çəkir düz çəkir.
Düşməz
Hər ayıran Araz deyil,
Hər atılan Kürə düşməz.
Şair canım nə xof bilər,-
Nə kürkünə birə,-
düşməz.
Bu dünya meydanla dolu,
Meydanı nadanla dolu.
Hər tərəf şeytanla dolu,-
İynə atsan yerə düşməz.
Yuvam yoxdu yük daşıyam,
Tor qurmuram tük daşıyam,
Mən bu xalqın ərk daşıyam,-
Şair ərki şərə düşməz.
Vətən dərdi,- çəkəm, budu,
Sevgim budu, hikkəm budu,
Kəbəm budu, Məkkəm budu,-
Yolum ayrı pirə düşməz.
Gəldim
"Şaxta şeirləri" silsiləsindən
Cavan yaşda bir dərvişdim,
Hara gəldim, çaşıb gəldim.
Özgə atına minmişdim,
Öz xoşumla düşüb gəldim.
Bir əlimdə daş oynatdım,
Bir əlimi boş oynatdım,
Ürək qovdum, baş oynatdım
Bir balaca bişib gəldim.
Gördüm ki, düzdən keçirlər,
Əyilib bizdən keçirlər…
Torpağın üstdən keçirlər
Mən altından keçib gəldim.
Kölgə
Dünya zülüm kölgəsidi,
ahdı,
Ömür sələm kölgəsidi,
behdi,
İnsan ölüm kölgəsidi,
ruhdu,
şairim, ruhdu...
Babək edam kölgəsidi,
Bəzzdi,
Günah Adəm kölgəsidi,
həzzdi,
Həvva qadın kölgəsidi,
qızdı, şairim, qızdı...
Ləvat Lutun kölgəsidi,
tordu,
Zina lütün kölgəsidi,
kordu,
Məzar bütün kölgəsidi,
gordu, şairim, gordu...
Tüstü tütün kölgəsidi,
hisdi,
Qaymaq südün kölgəsidi,
üzdü,
İpək tutun kölgəsidi,
bezdi, şairim, bezdi...
Orden metal kölgəsidi,
misdi,
Şöhrət medal kölgəsidi,
pisdi,
Şeir detal kölgəsidi,
hissdi, şairim, hissdi...
Ay sarının kölgəsidi,
aldı,
Gül arının kölgəsidi,
baldı,
Eşq Tanrının kölgəsidi,
yoldu, şairim, yoldu...
* * *
Bir mənəm, bir boş oda,
Söz,
sənə də əlvida,
Bir ömrü verib bada,
Ölən vaxtı ayıldım.
Qal görmədim qalımca,
Yürüdüm öz yolumca,
İtin, qurdun dalımca
Gülən vaxtı ayıldım.
Şahə qalxdı kələklər,
Suda sındı kürəklər,
Göz yaşımı küləklər
Silən vaxtı ayıldım.
Ta göyə yum ovcunu,
Boşdu baxtın xurcunu,
Ödəyib son borcumu
Sələm vaxtı ayıldım.
Xal xala bənd, zər zərə,
Ölüm, nə xoş mənzərə,
Yeri, göyü son kərə
Bölən vaxtı ayıldım..
Dərdini mey kimi ...
Ölüyə, diriyə bölünmür daha,
Altını üstünə köçürüb dünya.
Kefimdən yollara səkkiz yazıram,
Dərdini mey kimi içirib dünya.
Atılır daş kimi,
düşür çöp kimi,
Boşalır baş kimi,
dolur cib kimi,
Yellənə qalmışam qara ip kimi,
Məni boğazına keçirib dünya.
Öyünməz dənində kirkirə,
gəlməz,
Nə Araz götürər,
nə Kürə gəlməz,
Kəpəyi, köpüyü kəfkirə gəlməz,
O qədər gözümdə kiçilib dünya...
Hər günortam bir qəzadı
Hər günortam bir qəzadı,-
Axşamdan Allah saxlasın.
Nə şam şeir çiçəyidi,
Nə şamdan,-Allah saxlasın.
Yarpaq dərdə dağ bükülür,
Sarısına ağ bükülür,
Səsimdən torpaq tökülür
Duamdan Allah saxlasın.
Sonbeşiyəm dinim kimi,
Savablarım qənim kimi,
Allahı da mənim kimi
Adamdan Allah saxlasın…
* * *
Əzib bir az da oxşa,
Hələ vermə şəklimi.
Sürt ahına, qanasın
Gülə vermə şəklimi.
Yandır, yarıda söndür,
Yaman yanmalı gündür...
Külünü mənə göndər
Yelə vermə şəklimi.
Fələyin daşı bəsdi,
Daşın da yaşı bəsdi...
Gözündə daşı,
bəsdi
Ələ vermə şəklimi.
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.