manera.az
manera.az

Bir səhifəlik şeir: bir aləm ümid - Nəbi Xəzri yazır..

📅 15.01.2024 08:31

Bir səhifəlik şeir: bir aləm ümid - Nəbi Xəzri yazır..
MANERA.AZ Xalq şairi Nəbi Xəzrinin yazısını təqdim edir:

Mən elə bil uzun zamandı qaranlıq bir tunellə gedirdim. Şeirimizin sabahına doğru. Bu yolda çox az şeirlər məni heyrətləndirir, düşündürürdü və bəziləri məyus edirdi.

«Ədəbiyyat» qəzetinin 1996-cı il 23 fevral sayında Ramiz Qusarçaylının şeirlərini oxuyanda mənimçün elə bil qaranlıq tunel qurtardı və qarşıda işıqlı bir aləm gördüm. Şeirimizin gələcəyinə qanuni bir inamla baxdım. Həyəcan və sevincimi Sizinlə və oxucularımızla bölüşmək istədim.

Bəlkə, bu şair çox cavandır. Bəlkə də yox! Əgər kitabı çıxıbsa, onu oxumamışamsa, bu mənim günahımdır.

Əgər onun kitabı çıxmayıbsa bu da ədəbi ictimaiyyətin və nəşriyyatların günahıdır. Çünki, Ramiz Qusarçaylı bu şeirlərdən görünür ki, artıq püxtələşmiş, həyatı obrazlı təfəkkür süzgəcindən keçirərək, sərrast, dolğun ifadə etmək bacarığına malik şairdir.

Bu şairin əsas keyfiyyəti Vətən yanğısı, torpaq məhəbbəti, əsrimizin qanlı-qadalı hadisələrini hərarətli ürəklə qavrayıb, Şeir dilinə çevirməkdi.
Bir səhifəlik şeir: bir aləm ümid - Nəbi Xəzri yazır..
Ramiz Qusarçaylı «İslahat» şeirində hamımızın gördüyümüz hadisələri obrazlı şəkildə ifadə edir:

«Xəlvət dərələrdə tülkü bəy» - işlər,
Təpəri dincə qoy, qeyrəti küncə.
Bizi dağıdınca «milli» vəhşilər,-
«Milli» yırtıcılar bizi yeyincə…


Nə qədər sərrast, dəqiq, poetik misralardır. Elə həmin şeirdə:

Gəlir söz acları,
fikir acları,
Sözdən qan qoxusu, qan tamı gəlir.
Ağarır uzaqda dar ağacları
Deyən şairlərin bayramı gəlir.


«Bayram» sözünü biz şübhəsiz ki, «edam» kimi qəbul edə bilərik. Lakin Ramiz Qusarçaylı bunu özünəməxsus orijinal və məcazi bir ifadəylə oxucuya çatdırır.

Ramizin «Azalır qapıda it saxlayanlar», «Neynim», «Üstünə», «Mən çeçen ola bilmərəm» şeirləri də eyni hərarət və cəsarətlə yazılmışdır. «Dünya özü boyda sallaqxanadır» - deyən şair sonradan «hərə bir cür zurnaçıdı, züy tuta bilmirəm, neynim» fikrini insanı düşündürən başqa bir ifadə ilə bitirir:

Mənə elçi gələn dərdə
Toy tuta bilmirəm, neynim.


Bu, xalqın dərd və qayğılarını təmiz xalq dilində, xalq ənənələrinə sadiq qalaraq açıb göstərmək təqdirəlayiq deyilmi?

«Mən çeçen ola bilmərəm» şeiri qeyrət hissi ilə yazılmışdır. «Yad əlində yurd olaram, öz evimdə qurd olaram» söyləyən şair bizi təbii bir sonluğa gətirib çıxarır:

Bu buxovdan açın haqqı,
Toxda qalmaz acın haqqı,
Şuşa haqqı, Laçın haqqı
Mən çeçen ola bilmərəm!


Bu misralar ucadan uca saydığımız Şuşa və Laçını satan murdar cinayətkarlara vurulan sillə kimi səslənir.

Bir də demək istərdim ki, Ramiz Qusarçaylının şeirlərini oxuyarkən insanda poeziyamızın bu gününə inam, sabahına isə böyük ümid hissi doğulur.

Ağrılı dövrun faciələrini göstərə bilmək,-sabah qələbə günündə də Milli təntənəmizin qələmə alınmasına zəmanət verir.

Milli fəlakət şəxsi dərdə çevrilirsə, Milli təntənə də şəxsi təntənəyə çevriləcək.

Biz Vətəndan ayrı deyilik, Vətən də bizdən.
«Ədəbiyyat qəzeti» bu (mən ona gənc deməyə çəkinirəm) şairin - Ramiz Qusarçaylının şeirlərini öz oxucularına çatdırmaqla nəcib bir iş görmüşdür. Ümid edirəm ki, nəcib himayədarlar da tapılacaq və onların səyi ilə çıxacaq şairimizin kitabını oxuyanda bir daha sevinəcəyik.

Doğma qəzetimizə yeni uğurlar diləyirəm.

Ədəbiyyat qəzeti
25 fevral 1996-cı il.


Baxış sayı - 668 | Yüklənmə tarixi: 15.01.2024 08:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031