manera.az
manera.az

Dərdi çəkən belə çəkir - Ramiz Qusarçaylı yazır

Dərdi çəkən belə çəkir - Ramiz Qusarçaylı yazır
Borçalı ellərinin saz-söz ustaları mədəni irsimizin zənginləşməsində tarixən mühüm rol oynayıblar.

Hələ gənclik illərimin saza susayan çağlarında başda filarmoniya olmaqla Bakının məşhur konsert salonlarına tələsər, Aşıq Hüseyn Saraclının mükəmməl dastan dilinə, Aşıq Əmrahın sehrli barmaqlarından qopan yanıqlı saz havalarına, Aşıq Kamandarın möcüzəli səsinə qulaq kəsilərdim. Həmin konsertlərdə Hüseyn Arif, Məmməd İsmayıl, Məmməd Aslan, Zəlimxan Yaqub, Abbas Abdulla, Ağamalı Sadiq, Məhərrəm Qasımlı və başqa söz adamlarıyla görüşər, ifa olunan havalar haqqında onların söhbətlərini dinləyərdim...

Dövrünün kamil və hazırcavab sənətkarı olan Xındı Məmmədin məşhur dastan ustası kimi el içində hörmət və ehtirama sahib olması, saz havalarının, eləcə də bağlama və qaravəllilərin gözəl bilicisi kimi şöhrət qazanması, el şairləri və aşıqlarından Ağacan, Nəbi, Bəyazidli Məsim,Təhləli Novruz ilə şeirləşməsi, Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar və başqaları kimi xeyli tanınmış sənətçi yetişdirməsi barədə, azman sənətkar Aşıq Hüseyn Saraçlının hələ sağlığında sözün əsl mənasında bir sənət ocağına çevrilməsi, söylədiyi məşhur dastanlarla, o cümlədən “Aşıq Ələsgərin Gəncə səfəri” dastanıyla şöhrət qazanması, "Qürbəti-Kərəm" və "Bağdad dübeyti" kimi saz havalarının müəllifi olması,"Tütək səsi" filmində ifa etdiyi "Ruhani" havası ilə tamaşaçıların yaddaşında əbədi iz qoyması barədə, Aşıq Əmrahın yenilikçi sənətkar kimi böyüklüyü, Sadıqcanın tarda etdiyi yenilikləri onun sazda edə bilməsi, 72 saz havasını təkmilləşdirərək sayının 81-ə çatdırması və Aşıq Kamandar kimi məşhur bir sənətkarın ustadı olması barədə hələ ötən əsrin 80-ci illərində iştirak etdiyim konsertdən sonrakı ziyalı söhbətlərində eşitmişdim.Mənim bir gənc şair kimi saza olan sevgim o məclislərdə bir az da cilalanırdı və bu sətirləri də elə o illərdə yazmışdım:

Dərdi çəkən belə çəkir - Ramiz Qusarçaylı yazır

Üçü deyil, beşi deyil,
Haqdan dönən kişi deyil,
Hər oğulun işi deyil
Gəl oxuyaq saz dilində ...


Borçalının saz dilində oxuyan sənətkarları az olmayıb və bu sənətin mahir biliciləri bu gün də həmin saz-söz adamlarını layiqincə təbliğ edə bilirlər.
Adlarını sadaladığım nəhəng sənətkarların saz-söz bulağından su içən, bu fani dünyanın etibarsız çiyninə yük olmayan, əksinə, dünyanı misra-misra, bənd-bənd çiyninə alıb gələcəyə daşıyan şair İsmixan Cəfərlinin

Dünyanı çiynində oynadan kəsin
Axırda özünü çiyində gördüm,-


fəlsəfəsi məni bu sətirləri yazmağa sövq etdi və şairin az qala hər şeirini bir də oxumalı oldum.

Dərdi çəkən belə çəkir - Ramiz Qusarçaylı yazır

Verdi əcəl piyaləsin,
Mən çox çəkmişəm şələsin,
İnnən belə ləl ələsin-
Dünyadan nə umasıyam?


Dilimizdə və yaradıcı həyatımızda şair vüqarı, şair qüruru, şair şəxsiyyəti deyilən bir məfhum var, bir də ki sözün şəkli var, sözün rəngi var və sözün abır zirvəsi var. İsmixan o şairlərdəndi ki, bu keyfiyyətləri şeirlərinin ana xəttinə çevirə bilib...

Borçalı diyarı mənə bu parça-parça parçalanmış Vətənin mənəvi bütövlüyünü yaşadan pir-övliya yerləri kimi müqəddəsdir və bu müqəddəsliyin içində türk ucalığını yaşadan bir diyar kimi çox doğmadır. Borçalı mənim üçün Göyçə qoxuludu,Dərbənd ətirlidi,Təbriz nisgillidi...

Mənim “Vətən” adlı şerimdə belə bir beyt var:

Göyçə harayına Borçalı yandı,
Bu dərd ürəkləri parçalayandı,-
Vətən!


Bu havalı dərdləri İsmixan Cəfərli ürəyinin qanıyla, sözünün canıyla yaşayıb.Vətənin gözdən uzaq ellərinin yaşam mənzərələri onun şeirlərində film kimi canlanıb, səsinin həzin çalarlarında türbəli-inanclı dədə-baba məskənləri olan Borçalı torpaqları bir az da müqəddəsləşib və eyni zamanda səcdə yerlərimiz olan Loru, Ağbaba, Pəmbək, Calaloğlu, Allahverdi mahallları bir itən xəritə olub ruhumuza dağ çəkib.Bu dərdin şəklini şair belə çəkir:

Dərd bilməyən görə, bilə,
Dərdi çəkən belə çəkir.


Dərdi çəkən belə çəkir - Ramiz Qusarçaylı yazır

İsmixan Cəfərli şeiri də dərd kimi çəkir, hətta şeiri dərdlə qarışdırıb xəritədə itən-gedən yurd yerlərinə çəkir. "Borçalının xəritəsi" şeirində olduğu kimi...Bu bədii xəritənin görünən və görünməyən qəm dənizləri var, kədər dağları var, qaynar səhraları var, bu dənizlərdə boğulursan, bu dağlarda donursan, bu səhralarda yanıb qovrulursan və nələr çəkdiyini bir Allah bilir.

Daha qocalmışam, yaşlar aparıb,
Ömrümü şaxtalar, qışlar aparıb,
Daşınıb sümbülüm, quşlar aparıb,
Ömür kövşənimi biçib gəlmişəm...


İsmixan Cəfərlinin nəzərində bu dünyanın müasir rəngi sünbülü daşınan zəmilərin rənginə bənzəyir, bu rəng bir az da kövşənlərin üzü kimi bombozdu,bu bozluğun içində yurd yerlərinin itib-batmaq qorxusu yaşanır... Bu qorxuya üzülən şair yazır:

Barı İsmixanın bu son çağında
Salasan işini axara,dünya.


Bu pərakəndə axarı gülə-gülə tərk edən şair

Görüşünə gülə-gülə
Gəlirəm,atam, gəlirəm.
Köçürəm yeni mənzilə,
Gəlirəm, atam, gəlirəm,-


- deyərək ölüm xofuna meydan oxuya-oxuya “Əbədiyyət sarayı”na yol alır...

Öz halal “Əbədiyyət sarayı”na yola çıxan şair yolüstü

- Gəlimli- gedimli yalan dünyada,
Yaxşılar yaxşıdı, yamana neynim?!
,-sualını verdi,

-Özgələrin ayağına,
Bağ olmağın mənası yox..
,-qənaətinə gəldi,

-Daha barışan deyiləm,
Öləndə də gorda, dünya..,
- yazıb üsyan da etdi,

Fəsillər donunu elə dəyişib,
Əzəlki qaydada qış gələ bilmir..,
- söylədi,

-Mən fələkdən var istədim,
Varı məndən əsirgədi.
Dağlarından qar istədim-
Qarı məndən əsirgədi..,
-deyə saflığıyla baş-başa qaldı...

Ulu Borçalının əsrarəngiz Sadaxlı beşiyindən pərvazlanıb Əbədiyyətə yollanan şairin yaratdığı qoşmalar, gəraylılar, eləcə də dil-dil ötdüyü saz sədaları dost və yaxınlarının qeyrəti sayəsində duyğulu könüllərin əbədi nəğmələrinə çevrilməkdədir.

Qeyrət simvoludur hər qaya, hər daş,
Borçalı dediyin ağır mahaldır,-


deyən İsmixan Cəfərli özü də gözəl bilirdi ki, sağlığında şeirləri nəinki doğma Borçalı ellərində,eləcə də bütöv Azərbaycanda dillər əzbərinə çevrilən, aşıqlarımızın ifasında səslənən, kitabları əl-əl gəzib sevilə-sevilə oxunan şairin son məqamı Əbədiyyətdir!

Ramiz QUSARÇAYLIБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031