Harda adın çəkilsə gözümdən bir yaş keçir - Yeni şeirlər

MANERA.AZ Sevinc Yunuslunun yeni şeirlərini təqdim edir.
* * *
Sənlə açdım gözlərimi bu səhər
Sərçələrə səpələnən dən haqqı.
Hara baxsam bircə səni görürəm
Quran haqqı, Tanrı haqqı, Sən haqqı..
“Diktator” du sənə qədər ləqəbim,
Gözlərində bitir bütün qəzəbim.
Çayda axır səni görcək əsəbim
Xuan haqqı, Yantsız haqqı, Tan haqqı.
Şeytan deyir sənə kim aşiq olur,
Al silahı, çək tətiyi həmən vur..
Cəsədlərdən Amazonda körpü qur
Ürəyimdən axan dəli qan haqqı..
Dualarım odlu göldən Xıdradır.
Göz yaşımın izin örtən pudradır.
Eşqdən dönən Hindistanda “şudra”dır
Əkmək haqqı, çörək haqqı, nan haqqı!
Mənə gəlsən, sən hər kəsi unut gəl..
Bu eşq ilə Atlantiki qurut gəl..
Ürəyimə bir yağımlıq bulud gəl..
Sənin olsun son nəfəsim, can haqqım..
* * *
Qalaq-qalaq divarları bir addımda keçərdim,
Damla -damla göz yaşımı bulaqlardan içərdim,
Mənə qalsa Tanrıya yox Adına and içərdim,
Bağışla ki, mən bu eşqi götürmədim yox oldum..
Sən ömrümə qış gətirdin, qar payım da ayırdın,
Dünən gecə şərab süzdüm, yar, payın da ayırdım.
Bir adamlıq yatağını çarpayımda ayırdım,
Sonra dönüb yastığını ətirlədim yox..oldum..
Qollarında azadlığım, əsarətim az oldu,
Bəlkə dəli eşqin üçün cəsarətim az oldu,
Milyon payız yola saldım, min birinci yaz oldu,
Bu payız da sərçələri ötürmədim..yox oldum..
Mən bu eşqi ən didərgin hallarına yazmışdım,
Unutdunmu öpüşümü qollarına yazmışdım..
Dünən gecə məktubumu yollarına yazmışdım,
Oxumadın..mən də yazıb bitirmədim yox oldum..
* * *
Mənə çoxdan tanışdı bəxtimin boz rəngləri
İndən belə heç bunu sən də dəyişəməzsən..
Deyəcəyin sözləri ya boş ver ya susub get,
Gözlərimçün darıxsan min il görüşəməzsən!..
Mən bir yolluq sədlədim sən tərəfin səmtini,
Yoluna göz yaşımı tökə -tökə çıxardım..
Onsuz da qan doluydu əllərim, biləklərim,
Səni iliklərimdən sökə-sökə çıxardım..
Bir də o cür sığışmaz iki bədən bir evə
Göyərçinlər qovuşsa və sərçələr ağlasa..
Milyon ildə isinməz canımdakı üşütmə -
Dekabrdan başlayıb divarlar yaz bağlasa..
Bu dünyadan qoparmaz hər eşqin Nuh gəmisi,
Cənnətə qalxıb Turdan enişlərimiz olmaz..
Çox da elə üzülmə ölüm deyil ayrılıq -
Sən də mən də yaşarıq, gülüşlərimiz olmaz..
* * *
Günəş deyil, ay da deyil, bir əlçim
Təmizləyən yollarını, buluddur..
Yazıq ağıl hər yerini unudur
Qollarını..qollarını.. unutmur..
Bu eşq haqqı, and içdim bax Qurana
Sağalardın məni sarsan yarana..
Bəlkə iki bilet alım Urana -
Deyirdilər ayrılıq orda tutmur..
Dünya bütün insanlara bəs edir..
Mənə sənsiz hər yeri qəfəs edir..
Məhəbbətin ürəyimdə səs edir -
Gəlib qara gözlərimi qurutmur..
Nə eyləsək sonu ancaq əsəbdi.
Sənindəki sərt sözlərin desertdi..
Min illərdir Hipokratın resepti -
Eşqə düşən dəliləri ovutmur..
Yazıq ağıl hər yerini unudur,
Qollarını..qollarını unutmur..
Bəlkə iki bilet alım Urana..
Dünya bizim ikimizi yarıtmır..
* * *
Elə gözəl yazırsan gözlərinə sevgini,
Görən gücü yetərmi təkliyimi yıxmağa?
Saçımın teli üstə titrəyir e əllərin
Elə o da bəs edir həsrətimi yığmağa..
Yoxsa nə işi vardı sənin tək bir günahla -
Ki qolların dörd yandan ömrümü qəfəs edir.
Milyon qızın içindən çıxıb gələn qəhrəman,
Mənə məğlub olmağın elə mənə bəs edir..
Özünə tez- tez tutur tərsdən dəli qəzəbin,
Deyirsən ki, bu sevgi gücünə bir daş qoyur..
Sən dünyanın ən güclü adamısan, bilirəm,
Zəifliyin mənəmsə ayağına baş qoyum!..
Mənim eşqim məlhəmdi açıq yaralar üçün
Milyon yara daşıyan kürəyinə qurbanam..
Kitab rəfində belə öncə kitabımdısa -
Məni müqəddəs bilən ürəyinə qurbanam..
Çiyələk dodaqlarım, vanilli ovuclarım,
Ölənəcən sənindir, dadını daşı getsin…
Nə olsun ki, ölkənin ən gözəl şairi yox,
Bax sənindir ən gözəl qadını, yaşa getsin..
* * *
Səndən gözəl kim toxunar ki mənə?
Səndən gözəl saçlarımı kim tutar?
Kimsə olmaz səndən başqa , düşünmə,
Olsa əgər, saçım mənə kin tutar-
Saçlarımı sığalla..
Səndən başqa kim aldadar ki məni?
Belə gözəl yalanları kim deyər?..
Məğlub oldu səndə bütün iradəm-
Uduzdum bu qumarda..
Sənsiz rəsmini çəksəm gen yatağım dar düşür,
Sevənlərin yazına da gecə-gündüz qar düşür..
Allah haqqı, Quran haqqı , mənə elə Hollivudda
qızıl bir Oskar düşür-
Yollaşıram sənin kimi cığalla..
Nə vecinə bilirsən ki, sənə çox aşiqəm da
Yolunda can istəsələr, qanı bir qaşığam da.
Bir xoş sözdü , iki şəkər, dünənki uşağam da-
Olsun e qəbulumdu, məni aldat nağılla…
Harda adın çəkilsə gözümdən bir yaş keçir..
Bilirəm ki, sevgi filan sənin üçün boş keçir.
Adam, adın kitablarda ya Hitlerdir,
ya da qara daş keçir,
Sevgi könül - ruh işidi,
Sən könüllü unudursan, unudursan ağılla..
* * *
Nəfəsini ciyərimdən qopardın
Ağrımadım, üzülmədim, küsmədim..
Milyon dəfə üz çevirdim dünyadan,
Yollarından əllərimi üzmədim..
Toxunmadı gözlərinə gözlərim
Asılmadı kipriyimdən baxışın.
Kim dəyişər bu payızı, İlahi,
Kim yığacaq yollarımdan yağışı?..
Hamı qərib, hamı tənha, hamı tək,
Bu lənətə gəlmiş gözəl şəhərdə..
Kim yatacaq qollarında bu gecə
Kim çəkəcək pərdəni pəncərəndə?..
Hansı səsdə döşəmələr, tavanlar
Qızaracaq, utanacaq, pörtəcək?..
Hansı kağız çəkiləcək üstünə
Divarların gözlərini örtəcək?..
Bir də axı, səni elə sevərəm,
Səsindəki xırıltılar kəsilər..
Mənim çıxıb gedişim də yamandı-
Qapındakı cırıltılar kəsilər..
Səni belə sevən olmaz bir də ha,
Ölüb- ölüb dizlərində dayanan..
Bir də belə kölən olmaz dünyada
Ayağının izlərində dayanan..
Nəfəsini ciyərimdən qoparma-
Əllərini saçlarımdan asaram..
Mənim çıxıb gedişim də yamandı
Soyuyaram..üşüyərəm..susaram!
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.