Sənə gələn yollar uca - Şeirlər
MANERA.AZ Xavər Havarın şeirlərini təqdim edir:
Yerinə düş
Ay üzündə gözüm qalan,
Gəl yerin var yerinə düş,
Könlüm səndən eşq diləyir,
Qaz qəlbimi dərinə düş.
Ümid əl aç baxta baxtdır,
Bəxtin sənə gülən vaxtdır,
Göydən alov yağan vaxtdı,
Qaç könlümün sərinə düş.
Sənə gələn yollar uca,
Dərd düyünü aça-aça,
Nə şeş, nə çahar, nə qoşa,
Altı-altı zərimə düş
***
Mən bilirdim bu ayrılıq çox çəkməz
Mən bilirdim bu oyunun sonu var
Yalan ömrü 40 gün olur, bilirsən
Yalanın da bir həddi var, tonu var
Bir işıq var nöqtə boyda uzaqda
Ha baxıram, ha baxıram boylanıb
Divardakı daşa dönmüş saat da
Neçə ildir bir zamanda dayanıb
Mən bilirəm o əqrəblər tərpənər
Min il çəkən bu sükunət keçəcək
Evimdəki söyülmüş o saat da
"Mən bilmirdim, gəl, bağışla" deyəcək
Sən ha boyan, ha bəzək vur bu işə
Bu günədək alınmadı, alınmaz
Nənəmin bir sözü vardı dilində
Boş quyuya doldurmaqnan su dolmaz
***
Axşamçağı məni deyib qonaq gəlsən bir daha,
Qoy o sabah açılmasın, qoy o günəş doğulmasın,
Yalvaracam Allaha...
Gündə bir yeni ümid ağ libassız tərk eləyir evimi
Yasını tut sabahlarım,
Soyun, dəyiş qara geyin əynini
Qoy nə olur olsun deyib
Göylərəmi üz tutum bu yaşımda
Qara quşlar qıy vuracaq
Rəhmət edən sevgimizin başında
Tutduğumuz o arzular necə olsun?
Ah... Ulduzlar axanda,
Allah haqqı göylərdən utanıram,
Hər ulduza baxanda...
Son ümidin son addımı,
Nisgil-nisgil bir əl tutur sol əli
Sol əlimi tutan o əl, sağ əlimmiş, İlahi!
***
Sən yatmaq istəmirdin o gecə
Mədinə!
Sən bilirdinmi? Hiss etmişdinmi yoxsa?
Yatıb və bir də ayılmayacağını?
Səndən də, məndən də, hər kəsdən böyük idi sənə atılan raket.
Səni tapanda ovucların hələ isti imiş,
Ən sevdiyin sarı pijaman qanlı palçıq,
Necə idi o yuxu? Niyə saxladın yarımçıq?
Pijamanın üstündəki balaca ayılar da ağlayırdı sənin yoxluğuna.
Yaralarından ayıra bilmirdilər,
Yaralarını qucaqlayıb yaralarından öpürdülər sənin,
Onlardan axdığı damlalar üstündəki tozu yuyurdu.
Amma qanla
Mədinə!
Eşidirsənsə bizi bağışla