Dərdinən yaşanan ömür..

MANERA.AZ İlham Qəhrəmanın Namiq Zamanın şeirləri haqqında yazısını təqdim edir.
Namiq Zamanla köhnədən dostluğumuz var. Yolüstü məskunlaşdığı Ağdaşdan keçəndə şəhər parkındakı çayxanada onunla çox görüşüb dərdləşmişik. Sözün təəssübünü şəkən qələm adamı və dəyərli ziyalıdır. 
Məskunlaşdığı rayonda müəllim kimi hörmət sahibidir. O ziyalı adını da, müəllim peşəsini də uravatlı tutur. Bir laçınlı kimi mənə xoş gələn tərəfi həm də qılıqlı olmasıdır. 
Onunla görüşəndə söhbətimiz uzanır, bir yerdə zaman keşirməyi qənimət bilirik. Namiq özü də qənimət kişilərdəndir. Kitabdakı şeirlərin əlyazmasını mənə göndərəndə dedi – şeirlər haqqında fikir yazsan ön söz olacaq. Əlyazmaları bütöv oxuyanda mənə xoş gələn şeirlərin – dolayısıyla şairin – ruhu oldu. 
Kitabdakı şeirlərin bir çoxu ovqat yaratmaq, oxucunu düşündürmək gücündədir. Bu ovqat həm vətəndaş mövqeli şeirlərdə, həm də tale, sevgi şeirlərində oxucuya sirayət edir. 
Fikirlərimə söykək üşün müəllifin şeirlərindən misallarım da var. Aşağıdakı misralar qaçqınçılıqda, doğma yurddan uzaqlarda qınaq içində, gözükölgəli yaşanan ömrün hesabatı, qiyməti kimi səslənir: 
Bir ömür yaşadım: ağlı-qaralı, 
Bir ömür yaşadım... ömür olmadı. 
Diqqətli oxucu şairin dolayısıyla şeirdə yaşanılmış ömrün xeyirlə şər (ağ-qara İ.Q.) arasındakı çarpışmadan ibarət olduğunu sətiraltı ifadə etdiyini görə bilər. 
“Acı gülüş” şeirində bir uşağın əlindən alınmış oyuncağa ağlamasıyla şairin ondan çalınmış (oğurlanmış – İ.Q.) ömrü arasında paralel aparmaq, bu iki hadisəni qarşılaşdırmaq müəllifdən iti müşahidə qabliyyəti tələb edir. Kimsə bu şeirdə fəlsəfə də görə bilər. Ancaq məncə əsas şeirin ürəyə toxunmaq gücüdür:
Durub  
acı-acı gülürdüm,  
özüm özümə. 
Bir uşaq da ağlaya-ağlaya gəlib 
yanımda dayandı, 
ümidlə baxdı üzümə... 
Onu da soymuşdular, –
əlindən aldıqları oyuncağını,  
məndən çaldıqları ömrün  
yanına qoymuşdular.
“Tablo” şeirində şair qələmdən sanki fırça düzəldir və bir rəssam kimi sözdən mənzərə yaradır. Şeirdə sözlə yaradılmış üç komponent, üç sənət sahəsi bir yerdə iştirak edir – təbiət mənzərəsi (rəssamlıq), musiqi (bəstəkarlıq) və bunları bir ortama gətirən şair sözü (şeir). 
Müəllifin kitabda yer alan özünə (könlünə) xitabən “Unut getsin” şeirinin də maraqlı ruhu, məzmunu var. Aşiqini duymayan, sevgisinə biganə olan biri haqqında “unut” desə də, oxucu əslində şairin unuda bilmədiyindən, bunun ağrısını çəkdiyindən şübhəyə düşür. Şeiri tam oxuyandan sonra oxucunun şübhəsi özünü doğruldur: 
Vaxtsız yağdı qar, ağlama, 
Dünyan oldu dar, ağlama, 
Ötənləri varaqlama, 
Unut onu, unut getsin!
 
 “Dünyanın düzəni” şeirində oxucu maraqlı siyasi mənalandırma ilə qarşılaşır. “Bir dəli bir quyuya daş atdı, yüz ağıllı yığışdı çıxarda bilmədi” el deyimi ilə şair bu gün dünyanı idarə edən qlobal güclərin siyasi idarəçiliyinin ağıllı insanları çıxılmaz vəziyyətə salmasına eyham vurur.
Bir dəlinin  
quyuya atdığı daşa bənzər  
bu dünyanın düzəni –  
böyük başların  
düşünüb qurduğu  
tərəzi-mizanı. 
Yüz ağıllı gəlsə də,  
poza bilməz,  
onlar yazanı.
Kitabda müəllifin elə misraları var ki, zərb-məsəl gücündədir. “Gələr” şeirindən aşağıdakı misralar bu fikrimizə işıq sala bilər: 
Sağalası olsa,  
dərdin çarası 
göylərin yeddinci qatından gələr.
Namiq Zaman tale şairidir. Bu taledə dərdin, kədərin şair üçün ayrıca yeri, mərtəbəsi var.  
Verdiyinə şükür onun – 
Dərdnən başımı qatıram. 
Misralardan aydın olur ki, dərdlə yaşamaqla müəllif həm də dərdini yaşadır, ondan ayrılmır. Misal üçün Laçının işğalı dövründə laçınlının Laçın dərdiylə yaşaması dərdin özüylə – Laçınla – yaşaması demək idi.     
Bir neçə kəlmə də kitabın adı haqqında oxucularla fikrimi bölüşmək istəyirəm. “Vətən haqqı” elə kitabdakı bu adlı şeirdən götürülüb. Dilimizdə torpaq haqqı, yurd haqqı və s. andlarımız var. Vətən haqqı həmin andların sırasındadır. 
Namiq Zaman şeirində “Vətən haqqı” deyəndə and içir. 
Amma, vətən haqqı həm də vətən borcu, ödənilməsi mümkün olmayan vətən haqqı deməkdir. Vətən müharibəsi şəhidləri bu haqqın nə olduğunu bizə əyani şəkildə göstərdilər. Onlar Vətən haqqından çıxanlardır.  
Sonda oxucuya demək istəyirəm ki, müəllif yazılarını işıq üzü görənə qədər qoruyur. Çapdan sonra isə kitabdakılar özü öz başını dolandırmalıdır. Bu haqda son söz isə əlahəzrət oxucunun ixtiyarındadır.
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.