manera.az
manera.az

Mən vida etmədim ayrılıqlara - Nisə Bəyimin şeirləri

Mən vida etmədim ayrılıqlara - Nisə Bəyimin şeirləri
Nisə Bəyim - 70

* * *
Mən həyatım boyunca xatirələri yığdım,
Ömrümü arıtladım gecələrin gözündə..
Zamanla unutdular çoxları olanları,
Mən saxladım özümdə hər kəsin əvəzində..

Yaddaşım bu dünyanın unudulmayan küncü,
Nə sevinci tulladım, nə də kədəri atdım.
Bütün dəliliklərin, bütün axmaqlıqların,
Nə birini itirdim, nə birini unutdum..

Hər telin bir harayı, hər simin bir səsi var,
Ürəyim ağrıların yığımını daşıyır.
Hər kəsdən qopan nəsə mənim xatirələrimdə,
Hər kəsdə ölən nəsə.. hələ məndə yaşayır..


* * *
Çıxma kimsənin yoluna,
Hər yol - tale, qədər, yolçu..
Hər kəsin yolu mənzilə,
Ayrı-ayrı gedər, yolçu..

İçində bir gor qazdırıb,
Üstünə bir ad yazdırıb,
Könlünü yolda azdırıb,
Sürünmə dərbədər, yolçu..

Əvvəli-sonu səndədi,
Bütün dünya içindədi,
Öz-özündən özünədi,
Ən uğurlu səfər, yolçu..


* * *
Qovur əqrəbləri zaman,
Rüzgar keçir aramızdan.
Cərgəmizdə dayananlar,
Bir-bir köçür sıramızdan..

Ayrılıqlar mövsüm kimi,
Bizi vədəsiz haqlayır..
Könlümüzdən qopan ahlar,
Ruhumuzu qucaqlayır..

Bulud çökür gözümüzə,
Get-gedə içdən soluruq.
Özümüzdən uzaqlaşıb,
Ölümə yaxın oluruq.


* * *
Göydən düşsəydin yerə,
Əyilib qaldırardım.
boş görünən yerini,
buludlar doldurardım.

Könlümdən düşsə idin,
yenə bir əlac vardı..
Ürəyim incikliyi,
zamanla unudardı..

Amma sən birdəfəlik
gözümdən düşdün, adam!
Gözdən düşən kəsləri,
həyat qaldırmır, atam!


* * *
Hərdən məni mənə xatırladırsan,
var idim qeyb olan arzularımda...
Kövrək ümidlərim qanad çalırdı,
üzürdü rüzgarın ağ sularında..

İndi mənim könlüm zaman yaşında,
Hər keçən günündən bac-xərac verir.
Hərdən xəyanətdən nişanə qalan,
Yara izlərini açıb göstəri..

Qapısı-bacası açıqdı ömrün,
İçində əcəl tək yatır əjdaha..
Hərdən məni mənə xatırladırsan,
Ürəyim ölümə baş qoşmur daha..


* * *
Kimsə hiss eləməz səni mənimtək,
Sənintək kimsənin qəhrini çəkməz.
Kimsə can üstündə olan həsrətə,
Mənimtək gözünün yaşını tökməz.

Kimsə hiss eləməz başqalarının,
Könlündən nə keçir payız yağanda..
Dalınca nə qədər göz qubarlanar,
Yollar ətəyini çəkib yığanda..

Ümidtək sayrışar ağlından keçən,
Gəl sayaq, bu ömrün neçə canı var?
Bir mənəm, bir sənsən, bir də bu ürək,
Kim kimə qəsd edib, can bağışlayar?


* * *
Mən vida etmədim ayrılıqlara,
Tutdum əllərindən titrəyən qəmin.
Gözümü çəkmədim dərdin gözündən,
Yığdım ürəyimə buludun, nəmin..

Yolların gözünü döydü yağışlar,
Damcılar iz saldı yanaqlarıma.
Bütün ümidini itirən yollar,
Yorulub sarıldı ayaqlarıma..

Çəkib yumaqladım uzaqlıqları,
Qərib həsrətləri yaxın elədim.
Rüzgarın sevdalı yağışlarını,
Günlərin üstünə şehtək çilədim.

Öpdüm, qoxuladım xatirələri,
Uçurtdum bir ovuc kəpənək kimi.
Mən vida etmədim ayrılıqlara,
Yol etdim ardınca yorğun qəlbimi..


* * *
Gedib-getmәsәk dә qәrib yerlәrә,
elә özümüzdәn uzaqlardayıq....
biz elә zamandan küsәndәn bәri,
sırsıra bağlamış sazaqlardayıq...

Tanrım, çoxmu üzdüm, çoxmu ağrıtdım,
çoxmu yaraladım göz yaşlarını,
çoxmu zәdәlәdim tәnha könlümü,
durdura bilmәdim yağışlarını?!

Gәl, elә dost ikәn tut әllәrimdәn,
Qurtar yer üzünün cәhәnnәmindәn...
Mәnim başımdadır dünyanın qәmi,
Qurtar birdәfәlik can möhnәtindәn....

Mәnim ölümümü ver әllәrimә,
Görüm, bәnzәrimmi, görüm, tayımmı?
Barı, ölümümün baxtı şax olsun,
Sevgiylә yaşatsın ömür payımı....


* * *
Dünyayla aramda bir sirr var mənim,
Nə gözdən oxunar, nə dilə gələr.
Kimin ürəyinə daha yaxındır
Nə mən deyə billəm, nə dünya bilər.

Bu sirr dolandırır bizi başına,
Hərdən başını da itirir dünya.
Çıxarıb atıram hərdən başımdan
Hərləyib başıma gətirir dünya.

Dünyanın ürəyi sirlə doludur,
Taleyin sirridir sevinc də, qəm də.
Hər şeyi dəyişən vaxtın hökmünə,
Dünyanın gözüylə baxıram mən də.

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 520 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031