manera.az
manera.az

Həsrət xırmanında ömür sovrulur - Yeni şeirlər

Həsrət xırmanında ömür sovrulur - Yeni şeirlər
MANERA.AZ Hüseyn Bağıroğlunun yeni şeirlərini təqdim edir.

Göy üzündə sevinc, yer üzündə qəm

Məmməd Tahirə

Yol gəlir bu ömrün lap əvvəlindən,
Bir gözündə sevinc, bir gözündə qəm.
Bilmirəm, nə deyib tutdu əlindən,
Göy üzündə sevinc, yer üzündə qəm.

Fikirin əlçatmaz budaqlarını,
Çırpıb, bir-bir salır misralarını.
Misra-misra qurur öz sarayını,
Bir sözündə sevinc, bir sözündə qəm.

Sevgidi bəzəyən bəşər ömrünü,
Bəşərin bu xeyir, bu şər ömrünü.
Bax, o da beləcə yaşar ömrünü,
Bir üzündə sevinc, bir üzündə qəm.

Bir quru səhradı aşiqin taxtı,
O taxtın üstündə açılar baxtı.
Yurdunda eşq ilə yanan ocaqdı,
Bir közündə sevinc, bir közündə qəm.

Bəzən öz içində itir bu yolçu,
Qəribə nəğmələr ötür bu yolçu.
Gedir gələcəyə, gedir bu yolçu,
Bir izində sevinc, bir izində qəm.

Göyün qulağına söz pıçıldadıq

Ay oğul, hər oğul söz pıçıldamaz,
Yaradan yar oldu, biz pıçıldadıq.
Sən elə bilmə ki, söz idi onlar,
Yandı bu dil-dodaq, köz pıçıldadıq.

Mələklər göylərdən enməsə nə qəm,
Dağlar daşa dönüb dinməsə nə qəm,
Sözümüz bayrağa dönməsə nə qəm,
Yurdun bayrağına söz pıçıldadıq.

Ötməyən halı var ötən çağların,
Cavan uşağıydıq qoca dağların,
Nuru Aya düşdü al yanaqların,
Yarın yanağına söz pıçıldadıq.

O qərib gələnlər qərib getdilər,
Göylərin qəlbini görüb getdilər,
Könül budağını qırıb getdilər,
Gülün budağına söz pıçıldadıq.

Sapa düzmədilər saz deyənləri,
Gözlə görmədilər göz deyənləri,
Bu dünya duymadı biz deyənləri,
Göyün qulağına söz pıçıldadıq.

Sənsiz qoca dünya bir şey deyil ki

Bu güzgü, bu da mən, o özgə kimdi-
Kim onu tanısa ənamı vardı.
Sən eşqin anasın ağlar qoymusan,
Daha bu dünyada mənamı vardı.

Bu Göy baxdığımız o Göy deyil ki,
Mey bilib içdiyim heç mey deyil ki.
Sənsiz qoca dünya bir şey deyil ki,
Nə dadı, nə düzü, nə tamı vardı.

Həsrət xırmanında ömür sovrulur,
O qaynayan qanım dönüb su olur.
Nə bu çiçəklərin ətri duyulur,
Nə də mələklərin salamı vardı.

Eşqinlə bülbültək ötəli könlüm,
Ödədi nə qədər bədəli könlüm.
Nur dolu bir göldü bu dəli könlüm,
Orda səndən özgə sonamı vardı?

Alın yazısını oxumaq olmur

Elə bil dəryadı, batıb gedirəm,
Sənin gözlərinə çox baxmaq olmur.
Dəlisov, ərköyün uşaq kimidi,
Ürəyin sözündən heç çıxmaq olmur.

Mən sənsiz bu yerə, bu göyə yadam,
Nə göy çadırımdı, nə də yer odam.
Bəlkə də cənnətdə darıxar adam,
Səninsə yanında darıxmaq olmur.

Ahlar göy üzünə tuşlanan oxdu,
Qərib bir ah çəkdi, göylər duruxdu.
Nə qədər dil bilsən bir xeyri yoxdu,
Alın yazısını oxumaq olmur.

Deyər

Ürəyin utancaq, sirli eşqini,
Söz dayaz danışar, göz dərin deyər.
Dilinin ucundan qayıdıb gedən,
“Sevirəm” kəlməsin gözlərin deyər.

Eşq saymaq olarmı söylə hər eşqi?
Könül tər saxlayar hər an tər eşqi.
Bu göy eşqidirmi, yoxsa yer eşqi?
Kül altda közərən gözlərin deyər.

Sevgidən solmayan bir libas geyin,
Hüsnündən xətiri qalmasın göyün.
Sən hansı qatından gəlmisən göyün?
Yollara yazılan izlərin deyər.

MANERA.AZ


Baxış sayı - 160 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031