manera.az
manera.az

Xeyirxah göbələklə xain qurdun nağılı - Coşqun Xəliloğlu

📅 26.11.2025 16:29

Xeyirxah göbələklə xain qurdun nağılı - Coşqun Xəliloğlu
MANER.AZ Coşqun Xəliloğlunun uşaqlar üçün yazdığı yeni nağılı təqdim edir.

Meşənin kənarında göbələk bitmişdi. Ağappaq, gözəl və şux qamətli göbələk görənləri heyran edirdi. O, çox xeyirxah idi, heç nəyə zərər yetirməz, lazım olanda köməyini əsirgəməzdi.

Bir dəfə axşamdan külək əsdi, hava soyudu. Bir az keçmiş yağış yağmağa başladı.

Göbələyin gözü birdən torpağın üstündə güclə hərəkət edən, yağışdan islanmış xırdaca bir qurda sataşdı. Göbələyin qəlbi sızladı. İslanmış qurd dərhal xilas olmasa, ölə bilərdi. O, üzünü köməksiz, tənha qurda tutub:

-Balaca, görürəm üşüyürsən. Gəl, bu gecə mənim qonağım ol. Səni papaqcığımın altında, qucağımda sabaha kimi saxlayaram. Səhər açılar, gedərsən.

Qurd sevinclə:

-Nə gözəl göbələksən, səsin gələndə elə bildim, anamsan, dedi və göbələyin gövdəsindən yuxarıya doğru irəliləməyə başladı. Bir azdan artıq o, göbələyin papaqlığında özünə yer eləmişdi. Qurd yumşaq, isti yerdə əvvəlcə mürgülədi, sonra da şirin yuxuya getdi.

Səhər açıldı, Günəş şəfəqlərin saçdı, yer-göy nura boyandı. Günəşin hərarətindən əvvəlcə göbələk istiləndi, sonra bu hərarəti qurd hiss elədi.

Yuxudan ayıldı. Yaxşıca dincəlmişdi, rahatlanmışdı. Amma yamanca acmışdı. Əvvəlcə göbələyin ipək kimi yumşaq, zərif sinəsindən bir dişdəm götürdü. Necə də dadlıdır... Sonra ikinci, üçüncü dişdəm...

Qurd yavaş-yavaş şişir, böyüyür, göbələk isə arıqlayır, zəifləyirdi. Nəhayət, o, qurdu qovmaq istədi. Qurd hırıldaya-hırıldaya:

-Qovulmalı sənsən, kaftar qoca...

Göbələk qəzəbindən elə silkələndi ki, yerindən qopub yıxıldı və başı daşa dəydi. Bu anda göbələk sanki ayıldı, qurda qoynunda yer verdiyinə görə peşman oldu. Lakin çox gec idi. Göbələk parça-parça olmuşdu.

19.11.2025


Baxış sayı - 753 | Yüklənmə tarixi: 26.11.2025 16:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031