manera.az
manera.az

Nisyə mal - Coşqun Xəliloğlunun hekayəsi

Nisyə mal - Coşqun Xəliloğlunun hekayəsi
Qonşumuz Alovxanın dükan açması xəbərini eşidəndə çox sevindim. Düşünməyin ki, qəsəbəmizdə dükan-mağaza azdı, Alovxanın dükanının bolluq yaradacağına görə sevinirəm.

Əsla yox. Qəsəbəmizdə hara baxsan, bir-birindən yaraşıqlı marketləri, mağazaları görərsən. Sevinməyimin səbəbi isə Alovxandan lazım gələndə nisyə mal ala biləcəyəmdir.

Nə gizlədim, aldığım bu ayın maaşı o biri ayın maaşını görmür. Ona görə də neçə ildir ki, adımı “Nisyə dəftəri”nə yazdırmaq “şakər”inə tutulmuşam. Nə qədər etsəm də bu xəstəlikdən qurtula bilmirəm. Utana-utana çox “Nisyə dəftəri”nə adımı yazdırmışam. Bəzi dəftərlərdə adım aylarla qalıb, bəzilərində isə heç bir həftə keçməmiş üstündən xətt çəkilib.

Xeyir-dua vermək adıyla getdim qonşumuzun dükanına, daha dəqiq desəm, marketinə. Qapını açan kimi gözümə iri hərflərlə yazılmış “Nisyə mal verilmir!” cümləsi sataşdı.

- Ay Alovxan, xeyirli olsun, can sağlığı ilə işlət.-dedim.

- Sağ ol, ay qonşu. Mənə görə qulluğun?-Alovxan gülümsündü.

- Qulluq sahibi olasan.

Bu zaman içəriyə iki cavan oğlan daxil oldu. Alovxan müştəriləri qarşıladı. Gözüm marketin divarındakı karikaturaya sataşdı. Başını aşağı dikib yazıq-yazıq bxan bir kişi dükanın qapısı ağzında təsvir olunmuşdu. Dükanın içərisi boş görünürdü. Şəklin altında yazılmışdı:

- “Nisyə mal satanın aqibəti”.

- Alovxan, sağ ol. -deyib çıxarkən giriş qapısının içəri tərəfindəki yazını gördüm. “Ağlına gətirmə ki, nisyə mal istəsydin, verəcəkdim.”

Dükandan çıxdım. Deyəsən, qonşumla mənimki tutmayacaq. Amma öz aramızdı, nisyə ərzaq olsaydı, yaxşı olardı. Maaşa gör nə qədər qalıb?

Bir də ki, indiki dövrdə kim nisyə üsulu ilə isləmir ki... Həkim tanıyıram ki, xəstəni müalicə edir, sağaldandan neçə ay sonra pulunu alır.

Qəssab Əhmədağa nisyə ət alanlar üçün ayda bir dəftər açır. Molla Nəsirağanın dəftərində ölülərinə yasin oxutduran yüz adamın adı var. “Uçastkovı” Əlbəndədən həyasızı yoxdur, o da bəzi işləri nisyə bağlayır. Bərbər Bulud başımı qırxıb adımı dəftərə yazanda dəli olmuşdu, məgər?

Kim bilmir ki, Süleymanın ikinci oğlu doğulanda birinci oğlunu dünyaya gətirməsi zamanı gördüyü işə görə üç il gecikdirdikləri borcu Mamaçı Zərxaraya güclə tapıb verdilər.

Fikirlər içərisində addımlayırdım ki, bir də gördüm kitab mağazasına çatmışam. Son vaxtlar kitab aldığım yadıma gəlmir. Maraq üçün mağazaya girdim. Burada həm kiril, həm də latın əlifbası ilə çap olunmuş kitablar vardı.

Bir neçə kitabı varaqladım. Axırda əlimə maraqlı bir yumorlar kitabı götürdüm. Düşündüm ki, pulum olsaydı alardım. Sabah qızımın ad günüdü. Ona yaxşı hədiyyə olar. O da oxuyar, mən də. Kitabı bir az vərəqlədim, qoydum yerinə. Elə bu zaman üzdən tanısam da, adını bilmədiyim satıcı:

- Qüdrət müəllim, istəyirsinizsə götürün, pulunuz olanda verərsiniz.

Sevindim. Təşəkkür etməyə macal tapmamış o, kitabı götürüb arxasına yapışdırılmış qiymət kağızını qopardı. Kitabın qiymətini iki dəfə artıq desə də, mən ona -Sağ olun maaşı alan kimi pulunuzu verəcəyəm,-söylədim.

Əlbəttə, kitabı nisyə aldığımı heç kimə demədim. Qanım qara olsa da, bunu gizlətməyə çalışdım. Qızımı təbrik edib kitabı ona bağışladım. O sevinclə kitabı açıb oxumağa başladı.

Birdən qızım:

- Atacan, qulaq as, gör nə gözəl deyimdi?

- Oxu.

- “Nisyə mal alanın qanı iki dəfə qaralar. Bir mal alanda, bir də pulunu verəndə.”

2002-ci il

Coşqun XƏLİLOĞLU
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031