manera.az
manera.az

Salam, Əsgər Tanrıkut - Günün Şeiri

Salam, Əsgər Tanrıkut - Günün Şeiri
Zəfərə gedən yolun başlanğıcı olan 2020-ci il 27 sentyabrdan artıq beş il keçir.

MANERA.AZ 27 Sentyabr - Anım Günü münasibətilə tanınmış şair Vaqif Aslanın "Salam, Əsgər Tanrıkut! Tanrıkut Əsgər, salam!" şeirini təqdim edir.


I

Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Sən Tanrının zalıma
qırmancısan, vəssalam!

Kəsəndə işıq kimi,
əsəndə yel kimisən.
Çaxanda şimşək kimi,
axanda sel kimisən.

Damar-damar birləşib
türkün qeyrəti səndə.
Oğuz, qıpçaq saflığı,
qarlıq heyrəti səndə.

Başqurd, çuvaş, telengit
diləyir uğur sənə.
Əl edir kumuk, tatar,
tuvinlə uyğur sənə.

II

Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Ədalətin bükülməz
biləyisən, vəssalam!

Alpər Tonqa demiş ki,
olsan doğru ol, düz ol!
Yurd-yuva əmanəti!
Oda-ocağa göz ol!

Mətə xan söyləmişdir:
- Türk yağıya yenilməz!
Can fəda edilsə də,
torpaq fəda edilməz!

Bilgə xaqan ayıtmış:
- Özün-özünü bölmə!
Bölüm-bölüm bölünüb
ayaqlar altda ölmə!

III

Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Sən yıxılı evlərin
dirəyisən, vəssalam!

Türk qanına boyanan
çaylar da gəlir dilə:
- Göy hələ basılmayıb,
dəlinməyib yer hələ!

Erməni süngüsündə
çabalayır körpələr.
Sınıq körpülər sənə
söyləyəcəkdir nələr!

Əsir daşlar tökərək
gözündən yaşlar sənə
Hər addımda bir yeni
hekayət başlar sənə.

IV

Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Sən haqqın, insanlığın
gərəyisən, vəssalam!

Daşlar altından çıxan
bir çağa əli gördüm.
Sən əl verdin o ələ,
mən onu, bəli, gördüm!

Hayes canı saxlanan
şüşə var, əllərdədir.
Gör, hansı ölkələrdə,
gör, hansı ellərdədir.

O şüşəni qır belə!
Yeni dünya qur belə!
Düzlüyün, həqiqətin
keşiyində dur belə!

V

Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Haqq da var, divan da var!
Söz sənindir, vəssalam!

Öldürür insanlığı
insan əti yeyənlər.
İmanı, əqidəni göy
əskiyə düyənlər.

Şeytan, iblis, ifritə
Tanrını təkləyibdir.
Qiyamət deyilən gün
tamam gerçəkləyibdir.

Salam, Əsgər Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Qabaqda Qılkörpü var,
keçməlisən, vəssalam!

21 oktyabr 2020
Şəki, Kiş kəndi


Baxış sayı - 445 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031